Azərbaycan ictimaiyyəti yas mərasimləri

 ilə bağlı tövsiyələri birmənalı dəstəkləyir

 

Ölkəmizdə yas mərasimlərinin neçə illərdən bəri mahiyyətinə uyğun olmayan formada keçirilməsinin dəb halını alması, israfçılığa yol verilməsi, yersiz təmtəraq uzun zamandır ictimai rəyi məşğul edən ən problemli məsələlərdən birinə çevrilmişdi. Bundan effektli çıxış yolu tapılmalı idi. Bunun üçün isə qətiyyətli mövqe ortaya qoymaq lazım gəlirdi. Əslində, bu məsələyə əncam çəkilməsini hamı arzulasa da, neçə illər idi hansısa konkret addım atılmırdı.

Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəb qarşıdurmalarını əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atıb. Artıq ölkədəki dinimilli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib. Dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində dini məsələlər üzrə komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyəti başçılarının birinci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevə tapşırılıb.

Hazırda yas mərasimləri, ehsan süfrələri ilə bağlı müəyyən nizamlar  müəyyənləşdirilir, israfçılığa səbəb olan ehsan süfrələrinin ləğvi üçün tövsiyələr verilir.

Ölkədə yas mərasimlərində xüsusi təmtərağa və israfçılığa yol verilməməsi təşəbbüsünə münasibət bildirən dövlət rəsmiləri, deputatlar, ekspertlər də eyni mövqe nümayiş etdirirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  bildirib ki, yas mərasimlərində müəyyən nizamın qorunması məsələsi artıq ictimaiyyətin diqqət mərkəzindədir: "Milli adət-ənənələrimiz varbunlar zaman-zaman mövcud olub. Lakin milli adət-ənənələr ehkam deyil, onlar da zamana uyğun olaraq dəyişikliyə məruz qalır ki, bu da təbii bir prosesdir. Azərbaycanda yas mərasimləri ilə bağlı hakimiyyətin mövqeyi ondan ibarətdir ki, bu məsələdə müəyyən nizam qorunmalıdır. Bunlar bizim dinimizin tələblərinə uyğun olaraq edilməlidir, yas mərasimlərində təmtəraq və israfçılığa yol verilməməlidir. Bununla bağlı mövqeyimiz bildirilib. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının da 2009-cu ildə ayrıca fətvası var. Orada da yas mərasimlərində israfçılığa yol verilməməsinə çağırış edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyəsi ondan ibarətdir ki, yas mərasimləri israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlarımız burada həm dinimizin tələblərini yerinə yetirməlidirlər, həm də özləri bu istiqamətdə verilən tövsiyələrə əməl etməlidirlər".

Mübariz Qurbanlı onu da bildirib ki, hazırda bir çox rayonlarda yas mərasimlərində insanlar bu tövsiyələrə əməl etməkdədirlər: "Əminəm ki, ictimaiyyət də, media da bu məsələdə öz sözünü deyəcək, bu yöndə təbliğat-təşviqat işi aparacaqbiz yas mərasimlərimizi həm milli adət-ənənələrimizə uyğun, həm də hansısa bir israfçılığa yol vermədən keçirməyə nail ola biləcəyik".

Komitə sədri, həmçinin vurğulayıb ki, Azərbaycanda yas mərasimləri ilə bağlı qanunvericiliyə hansısa məhdudlaşdırıcı dəyişiklik edilməsinə ehtiyac yoxdur. Yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər və belə də olacaq.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafaya görə, hər bir insanın ailəvi tədbirini öz arzusuna uyğun keçirmək haqqı olsa da, öz xeyrini düşünməyən insanlara bəzən inzibati vasitələrlə təsir göstərməkdən başqa yol qalmır: "Cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsini düşünən ziyalılar, tanınmış din xadimləri, rəsmi dövlət qurumları insanlara bu istiqamətdə tövsiyələr verməyə borcludurlar. İlk arqument budur ki, İslam qaydaları üzrə bu ritualları yerinə yetirmək istəyirsinizsə, İslamda bu cür israfçılıq yoxdur. Əgər özünüzdən qayda icad etmisinizsə, bu, insanlara əziyyət verir. Bunun yüngülləşdirilməsi hər bir vətəndaşın xeyrinədir. Ona görə də bu istiqamətdə atılan addımları hər bir vətəndaşın dəstəkləməsi vacibdir".

Deputatın sözlərinə görə, illərdir insanlar bu mövzuda danışaraq təkrar-təkrar israfçılığın qarşısının alınmasını vurğulayıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, xüsusilə də komitənin sədri Mübariz Qurbanlıya təşəkkür edən Fazil Mustafa hesab edir ki, illər boyu həlli təxirə salınan bu problemi adıçəkilən komitə  çözməyə başlayıb. Deputatın fikrincə, bu gün hər bir Azərbaycan vətəndaşı üzdə də, içində də bu addıma sevinir. Yas sahiblərinin işi xeyli yüngülləşəcək. Artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çox vaxt ayıra biləcəklər.

"Əzizin üçün ağladığın bir mərasimdə insanların iştahla yemək yeməsi kimi üzücü mənzərədən xilas olmağa hamımız sevinməli və bu addımları dəstəkləməliyik". Bu fikri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva söyləyib. Deputat qeyd edib ki, heç bir müsəlman ölkəsində hüzr yerlərində belə yemək mərasimləri olmurbu, dinimizə görə, əslində, günahdır. Ancaq ölkəmizdə neçə illərdir danışılsa da, həllini tapa bilməyən bu məsələnin həlli istiqamətində artıq ciddi addımlar atılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirən deputat hesab edir ki, insanların əksəriyyəti hüzr yerləri ilə bağlı son tövsiyələri dəstəkləyir. Bəzi insanlar isə onun önəmini tam anladığı zaman dəstəkləyəcəklər. Çünki əslində, yas sahiblərinin bir çoxu ciddi çətinliklərdən xilas olur: "Nə qədər insanlar vardı ki, onlar hüzrlərində yemək verə bilmək üçün əziyyət çəkirdilər. İndi onlar bundan sonra hüzrə gələnləri doyurmaq, bəziləri hətta bunun üçün haradan, kimdən borc alacağı, onu sonra necə qaytaracağı barədə deyil, vəfat etmiş yaxınını son mənzilə yola salmağı və himayəsində qalanların taleyini düşünəcəklər. Biz hamımız bu addımları dəstəkləməklə bərabər, bölgələrdə, kəndlərdə onun tam həyata keçə bilməsi üçün əlimizdən gələni etməliyik".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 18 sentyabr.- S.4.