Musiqimizin gələcək nəsillərə çatdırılması şərəfli missiyadır

 

18 sentyabr Üzeyir Musiqi Günüdür

 

Milli-mənəvi sərvətlərimizin qorunması istiqamətində aparılan işin tərkib hissələrindən biri də onların çap və ya elektron versiyasının hazırlanması, arxivləşdirilməsi, həm də beynəlxalq aləmə müxtəlif xalqların dillərində çıxarılmasıdır.

Yaradılmasının 15 illiyini qeyd edən "Musiqi dünyası" jurnalını  da məhz bu baxımdan mənəvi sərvətimizin yaddaş salnaməsi hesab etmək olar. Onun yaranması Azərbaycanın musiqi mədəniyyəti üçün çox əlamətdar bir günə, 1999-cu il sentyabrın 18-nə, yəni Üzeyir bəy Hacıbəylinin adı ilə bağlı Milli  Musiqi Gününə təsadüf etmişdir.

Milli irsimizi, dəyərlərimizi, musiqi sərvətlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək kimi taleyüklü bir missiyanı həyata keçirən jurnal elə ilk gündən Azərbaycanın mənəvi həyatında mühüm rol oynamış, elm və mədəniyyət xadimlərimiz üçün töhfə olmuş, müasir dövrdə alimlərin, musiqiçilərin, kulturoloqların tribunasına çevrilmişdir.

Jurnalın redaksiya heyəti Azərbaycan və Rusiyanın ən mötəbər ziyalılarını bir araya toplamışdır. Bu sırada Fərhad Bədəlbəyli, Fərəh Əliyeva, Oqtay Abasquliyev, Gülnaz Abdullazadə, Firəngiz Əlizadə, Anna Əmrahova, Aleksandr Sokolov, Zemfira Səfərova, Violetta Yunusova, Ramiz Zöhrabov kimi alim-musiqiçilərin adı jurnalın mötəbərliliyinin təminatıdır.

Çap ilə yanaşı, internet versiyasının yaradılması da vacib məsələlərdən idi. Rəqəmsal texnologiyalar vasitəsilə jurnalın yayımlanması onun oxucu auditoriyasının genişlənməsinə şərait yaratdı. Son illərdə isə "Musiqi dünyası" radiojurnalının efirdə yayımlanması milyonlarla dinləyicilərə musiqi elmimizin və mədəniyyətimizin nailiyyətlərini çatdırmağa imkan vermişdir. Beləliklə, "Musiqi dünyası" oxucuların ixtiyarına 3 formatda təqdim olunur.

Artıq 40-dan çox veb saytın müəllifi olan jurnal Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ərsəyə gəlmiş "Qarabağ xanəndələri" (4 dildə təqdim edilmiş albom və 24 CD disk daxil olmaqla), "Muğam ensiklopediyası" (kitab və 24 CD disk daxil olmaqla) kimi layihələri reallaşdırmışdır. Bu layihələr Azərbaycan musiqi mədəniyyətinin, milli musiqimizin, muğamımızın dünyada internet vasitəsi ilə təbliğinin bariz nümunəsidir.

Bu layihələrin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın mənəvi mədəniyyət salnaməsini yaratmaq idi. Bu sırada "Azərbaycanın ənənəvi musiqisi atlası" respublikada yaşayan azsaylı xalqların folklorunu, "Azərbaycan diskoqrafiyası" XX əsrin əvvəllərində yaşayıb-yaratmış xanəndələrin qrammofon vallarında qorunan səs yazılarını, "Azərbaycan tarixinin canlı səsləri" və "Azərbaycanın epistolyar irsi" saytları isə Azərbaycanın görkəmli şəxsiyyətlərinin - dövlət, elm, mədəniyyət və incəsənət xadimlərinin, əmək və müharibə qəhrəmanlarının səs yazılarını, məktublarını özündə cəmləşdirərək tarixi yaddaşın yaşadılmasına xidmət edir.

Kataloq xarakterli saytlar sırasına daxil olan "Bakı Musiqi Akademiyası", "Azərbaycanın bəstəkar və musiqişünasları" veb saytlarında bu təşkilatların strukturu və əməkdaşlarla internet əlaqə vasitələri əks etdirilir.

Ensiklopediya xarakteri daşıyan portallara daxil olan saytlardan isə Əfrasiyab Bədəlbəylinin "İzahlı-monoqrafik musiqi lüğəti", "Saz məktəbi", "Ü.Hacıbəyli ensiklopediyası", "Cəlil Məmmədquluzadə ensiklopediyası", "Dədə Qorqud ensiklopediyası", "Azərbaycan bəstəkar və musiqişünaslarının onlayn kataloqu"nu yada salmaq lazımdır.

"Musiqi dünyası" tərəfindən yaradılan bütün veb saytlarda informasiyaların üç dildə - Azərbaycan, rus, ingilis dillərində verilməsi onların auditoriyasının genişlənməsinə şərait yaratmışdır. Belə ki, dünyanın istənilən guşəsində internet istifadəçiləri bu saytlar vasitəsilə Azərbaycan musiqisi, mədəniyyəti haqqında ətraflı məlumatlar əldə edə bilirlər.

"Musiqi dünyası"nın reallaşdırdığı layihələr sırasında qədim valların və kompakt-disklərin bərpa edilməsini də xüsusilə vurğulamaq lazımdır. AlmaniyaFransa səfirliyinin dəstəyi ilə jurnalın yaradıcı qrupu XX əsrin əvvəllərində fəaliyyət göstərən müxtəlif səsyazma şirkətləri tərəfindən lentə alınmış 450-dən çox valı bərpa etmişdir.

Ümid edirik ki, hər zaman olduğu kimi, gələcəkdə də mədəniyyətimizin zənginliyini qorumaq, yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq yolunda atılan hər addım musiqisevərlərin ürəyincə olacaq.

 

Ellada HÜSEYNOVA,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

 Universitetinin Musiqi sənəti fakültəsinin dekanı, dosent

Azərbaycan.-2014.- 18 sentyabr.- S.6.