Azərbaycanın təbii sərvətləri xalqın rifahına

 və ölkənin çiçəklənməsinə xidmət edir

 

Əsrin müqaviləsi-20

 

"Əsrin müqaviləsi"nin imzalanması ilə biz Azərbaycanın dünya iqtisadiyyatı üçün açıq olduğunu və respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşması üçün qəti mövqedə olduğumuzu bir daha sübut etdik.

 

Heydər ƏLİYEV

 

1994-cü il sentyabrın 20-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və  hasilatın pay bölgüsü haqqında" saziş imzalandı və həmin sənəd sonradan tariximizə "Əsrin müqaviləsi" kimi əbədi həkk olundu. Artıq həmin dövrdən 20 il keçir. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, suverenliyinin mühüm təminatına çevrilmiş bu kontrakt çərçivəsində qazanılmış nailiyyətlər göz qabağındadır.

İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan dünyanın neft-qaz ixrac edən aparıcı dövlətləri sırasında iti addımlarla irəliləyir. Ölkəmizin geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlmiş, Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçmişdir. Bu gün Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. Enerji müstəqilliyimiz tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilmişdir. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən təbii qaz Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana ixrac olunur. Yeni yataqlar açılmış, regional və qlobal əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün müsbət təmayül yaranmışdır. Xarici partnyorlarla uğurlu əməkdaşlıq modeli qurulmuş, bu əməkdaşlığın rəngarəng formaları tapılmışdır. Bu gün ARDNŞ və onun törəmə şirkətləri 18 hasilatın pay bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilmiş 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir.

"Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynamış, ona yeni nəfəs vermişdir. Neft hasilatının artımı qısa zamanda əsas ixrac boru kəmərinin inşa olunmasını labüd edirdi. Azərbaycan xalqının maraqlarını daim uca tutan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək onun gerçəkləşməsinə nail oldu. Bu kəmərin çəkilməsi strateji əhəmiyyət kəsb edirdi. Bakını inkişaf etmiş Qərb dövlətləri ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə tutulan kəmər ətrafında gedən sərt polemika da de-fakto geosiyasi səciyyə daşıyırdı. Təsadüfi deyil ki, 2006-cı il may ayının 28-də Azərbaycan neftinin Ceyhan limanına çatması kütləvi informasiya vasitələrində dünya neft sənayesinin inkişafında dönüş nöqtəsi kimi qiymətləndirildi. "Üç dənizin əfsanəsi" adlandırılan, ən müasir mühəndis-texnoloji fikrin məhsulu olan 1768 km uzunluğunda mürəkkəb konstruksiyalı bu xəttin əfsanədən reallığa çevrilməsi dünya istehlakçılarının yeni, qeyri-ənənəvi enerji mənbəyindən fasiləsiz neft həcmləri ilə təmin olunması, dünyanın xam neftlə təchizatında monopoliyaya son qoyulması demək idi. Beləliklə, zaman, gerçəklik  növbəti dəfə ümummilli lider Heydər Əliyevin siyasi müdriklik və uzaqgörənliyini sübut etdi,  Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxşaxəli ixrac strategiyasının əsaslı olduğunu bütün dünyanın gözü qarşısında açıb göstərdi. BTC artıq beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən mühüm texniki-iqtisadi infrastruktur kimi önəm kəsb etməkdədir. Kəmərin ötürücülük qabiliyyəti ildə 50 milyon ton təşkil edir ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 2014-cü il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 milyon tona yaxın, o cümlədən BTC ilə 254,9 milyon, Bakı-Supsa kəməri ilə 69,1 milyon, Bakı-Novorossiysk kəməri ilə 39,1 milyon və dəmir yolu ilə 20,5 milyon ton neft ixrac edilmişdir. Eyni dövrdə BTC kəməri ilə 11,6 milyon ton Türkmənistan, 4,3 milyon tondan artıq Qazaxıstan nefti də nəql olunmuşdur.    

Hazırda Azərbaycanın bir neft və qaz ölkəsi olaraq dünya miqyasında tutduğu yer, mövqe və qazandığı şan-şöhrət əsas etibarilə "Əsrin müqaviləsi" çərçivəsində görülən işlər, neft-qaz sektorunda başlanmış yeni intibahla əlaqədardır. Ötən 20 il ərzində aparılan intensiv tədbirlər ölkə üzrə neft və qaz hasilatının dinamik artımına zəmin yaratmış, neft hasilatı neftçıxarma tariximizdə ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 5,6 dəfə artaraq 2010-cu ildə 51 milyon tona çatmışdır. Xatırladaq ki, buna qədər Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi (23 milyon 482 min ton) 1941-ci ildə qeydə alınmışdı. Hazırda "Çıraq", "Azəri" yataqlarında və "Günəşli" yatağının dərinsulu hissəsində 80 hasilat quyusundan ayda orta hesabla 2,7 milyon tona qədər neft və 1,5 milyard kubmetr səmt qazı hasil olunur. Daha bir mühüm fakt isə budur ki, ötən əsrin 90-cı illərinin sonu ilə müqayisədə Azərbaycanın  dünya bazarlarına xam neft ixracı 10 dəfədən də çox artmış, ARDNŞ ölkənin ən böyük neft ixracatçısına çevrilmişdir: bu gün Azərbaycandan ixrac olunan xam neftin təqribən 70 faizi milli neft şirkətimizin payına düşür.

"Əsrin müqaviləsi" üzrə işlənmənin gedişində AÇG yataqlar blokunun karbohidrogen ehtiyatları iki dəfəyədək artırılmışdır. Xatırladaq ki, saziş imzalanan ərəfədə buradakı ehtiyatların ümumi həcmi 511 milyon ton neft, 160 milyard kubmetr qaz səviyyəsində hesablanmışdı. Hazırda isə blokun çıxarıla bilən ehtiyatları 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. İşlənmənin əvvəlindən indiyədək  yataqlar blokundan 345 milyon ton neft və 100  milyard kubmetr qaz hasil edilmişdir. Qarşıdakı dövrdə isə hər il neft hasilatının orta hesabla 34-35 milyon ton olacağı nəzərdə tutulur. AÇG-də 2050-ci il və sonrakı dövrlər üzrə gələcək işlənmə proqramı hazırlanmışdır ki, burada da hasilatın sabit saxlanılması və artırılması prioritet məsələ kimi nəzərdə tutulur.

Artıq 15-ci ildir ki, layihənin iştirakçıları, o cümlədən Azərbaycan mənfəət neftindən gəlir əldə edir. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti xarici bazarlara çıxarılır. İndiyədək Azərbaycanın payına düşən 185 milyon tona yaxın mənfəət nefti dünya bazarlarına göndərilmişdir. Ölkəmizə çatan mənfəət neftinin həcmi ilbəil artır. Təkcə 2014-cü ilin 6 ayı ərzində AÇG yataqlar blokundan hasil edilmiş 16 milyon ton neftin 11,2 milyon tonu, yəni 70 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur. Mənfəət neftinin satışından əldə edilən gəlir Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanır, müəyyən hissəsi sosial-iqtisadi layihələrin həyata keçirilməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına sərf olunur, əsas hissəsi isə gələcək nəsillər üçün saxlanılır.

Ötən 20 ildə "Əsrin müqaviləsi" çərçivəsində görülən işlər həqiqətən də miqyas etibarilə olduqca geniş və çoxşaxəlidir. Bu sırada dünya səviyyəli Səngəçal, Supsa və Kulevi neft terminallarının, Xəzər dənizində indiyədək quraşdırılmış ən böyük qurğular sayılan 8 platformanın inşası, üzən qazma qurğularının, tikinti-quraşdırma sahələrinin modernləşdirilməsi, onlarla gəminin tikintisi və əsaslı təmiri, minlərlə kilometr uzunluğunda boru kəmərlərinin çəkilməsi, eləcə də müstəsna əhəmiyyət kəsb edən başqa böyük tədbirləri qeyd etməliyik.Yataqların tammiqyaslı  istismara daxil edilməsi, yeni quyuların qazılması, eləcə də "Çıraq Neft Layihəsi"nin uğurla həyata keçirilməsi daha nikbin proqnozlar üçün əsas verir.

"Əsrin müqaviləsi" və digər kontrakt sahələrində dünya standartlarına uyğun ən yüksək texnika və texnologiyanın tətbiq olunması neft sənayesinin modernləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etmişdir. Nəzərə alınmalıdır ki, AÇG yataqlar bloku olduqca mürəkkəb geoloji quruluşa malikdir. Belə bir çətin karbohidrogen zonasında cəmi 20 il ərzində nisbətən sadə bir platformadan icra olunan "İlkin neft" layihəsindən nəhəng işlənmə mərhələsinə keçilməsində və belə böyük uğurlar qazanılmasında texnoloji yeniliklərin rolu böyük olmuşdur. Neftqazçıxarma sahələrində texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması, istehsalın optimallaşdırılması, effektivliyin yüksəldilməsi, texniki və ekoloji təhlükəsizliyin təminatı məqsədilə mövcud elmi-texniki potensialdan səmərəli istifadə edilmiş, müxtəlif əməliyyatların icrası üçün yeni texnika, maşın-mexanizmlər tətbiq olunmuşdur. Qum təzahürü ilə mübarizə, lay sularının idarə olunması kimi sahələrdə bir sıra qabaqcıl texnologiyaların, böyük inhiraflı maili qazma metodunun tətbiqi hasilat göstəricilərinin təkmilləşdirilməsi və qorunub saxlanılması məqsədinə xidmət edir. Elmtutumlu innovativ yanaşmanın nəticəsidir ki, Xəzərin Azərbaycan sektorunda yaradılmış dəqiq hasilat və nəqletmə sistemi miqyas və səmərəliliyinə görə bütün dünyada nümunə göstərilir. Qürurla deyə bilərik ki, neftçıxarma ilə məşğul olan çox az ölkədə belə təkmil sistemə rast gəlmək mümkündür. Azərbaycan bu gün dənizdə aparılan neft-qaz əməliyyatlarında dördölçülü seysmik tədqiqatlardan istifadə etmək imkanına malikdir.

İşlənilməsinə 2010-cu ildə sanksiya verilmiş və bu ilin əvvəlində uğurla başa çatdırılmış "Çıraq Neft Layihəsi" Xəzərdə tətbiq etdiyimiz ən müasir texnologiyaların əyani təcəssümüdür. Layihə çərçivəsində Azərbaycanın tikinti-quraşdırma sahələrində əsasən yerli mütəxəssislər tərəfindən qabaqcıl dünya standartlarına tam uyğun şəkildə inşa olunmuş "Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində quraşdırılmış və istismara buraxılmışdır. Platformanın sutkalıq gücü 25 min ton neft, 8 milyon kubmetr qaz təşkil edir. "Dədə Qorqud" üzən qazma qurğusu vasitəsilə burada 17 öncədən qazma quyusu qazılmışdır, hazırda quyular ardıcıl olaraq platformaya birləşdirilərək layihə dərinliyinə çatdırılır. "Qərbi Çıraq" platformasından qazılan quyular vasitəsilə müqavilə dövrünün sonuna qədər 48,6 milyon ton əlavə neftin çıxarılması nəzərdə tutulur ki, bu da gündəlik neft hasilatının hazırkı 7-8 min tondan 24,5 min tona qədər artacağı deməkdir. Bu platforma eyni zamanda əməyin təhlükəsizliyi və ekoloji problemlərin həlli baxımından da mühüm inkanlar yaradır.  

Ötən illər dənizdə aparılan axtarış-kəşfiyyat və qazma işləri nəticəsində olduqca böyük nailiyyətlər qazanılmışdır. 1998-ci ildə ehtiyatlarının həcminə görə orta qiymətləndirilən "Əşrəfi" və "Qarabağ" yataqları kəşf olunmuşdur.  AÇG  yataqlar blokunun  saziş  sahəsində aparılan kəşfiyyat və 3D seysmik işlər  nəticəsində burada neft  və qaz ehtiyatlarının  əvvəllər nəzərdə tutulduğundan 2 dəfə artıq olduğu aşkarlanmışdır. Son illərdə "Ümid" və "Abşeron" yataqlarının açılması da mühüm uğurlardandır. Lakin ötən 20 ildə kəşfiyyat-axtarış sahəsində əldə olunmuş ən böyük nailiyyət 1999-cu ildə "Şahdəniz" yatağının kəşf edilməsidir. "Şahdəniz" yatağı sahildən təxminən 70 kilometr məsafədə, Xəzər dənizində suyun 600 metrədək dəyişdiyi dərinlikdə yerləşir və təqribən 860 kvadrat kilometrlik bir ərazini əhatə edir. İstismarına 2006-cı ildən başlanılan bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. Dünyadakı dəniz akvatoriyalarında belə zəngin resurslara malik yataqlar çox deyil. Bu yatağın işlənilməsi ölkəmiz üçün bir neçə baxımdan əhəmiyyət kəsb etmişdir.

İlk növbədə Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilmişdir ki, bu da hər bir ölkənin milli təhlükəsizliyinin çox vacib komponentidir. "Əsrin müqaviləsi" həyata vəsiqə qazandıqdan sonra görülmüş möhtəşəm tədbirlərin nəticəsidir ki, ölkədə qaz hasilatı dinamik şəkildə yüksəlmiş, 2004-cü ildəki 5,6 milyard kubmetrdən ötən il 29,5 milyard kubmetrə çatmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı enerji strategiyası çərçivəsində Azərbaycanın qaz resurslarının ilbəil artımı əsasən 3 mənbədən təmin olunur. Birinci mənbə AÇG yataqlar blokundan hasil olunan səmt qazıdır. 1997-ci ildən bu günə qədər "Əsrin müqaviləsi" çərçivəsində çıxarılmış qazın 32,3 milyard kubmetrlik həcmi Azərbaycan dövlətinə təhvil verilərək ölkənin zəruri ehtiyaclarının ödənilməsi baxımından müstəsna önəm kəsb etmişdir. İkinci mənbə "Şahdəniz" yatağından hasil olunan qazdır. Yataq istismara verilən gündən indiyədək oradan 54,4 milyard kubmetr qaz və 14 milyon ton kondensat hasil edilmişdir. Üçüncü mənbə isə ARDNŞ-nin müstəqil işlədiyi yataqlardan çıxarılan qazdır. Həyata keçirilmiş çoxsaylı kompleks tədbirlər nəticəsində şirkətimizin qaz hasilatı 2005-ci illə müqayisədə təxminən 2 dəfə artırılaraq ötən il 7,14 milyard kubmetr təşkil etmişdir.

"Şahdəniz" yatağının işlənilməsi yüzlərlə sənaye obyektinin mazut rejimindən qaz rejiminə keçirilməsinə imkan vermiş və bu tədbir ölkə iqtisadiyyatının möhkəmlənməsinə mühüm töhfə olmuşdur. Bu məqsədlə Bakıdakı "Şimal" DRES-ə, Sumqayıt İstilik-Elektrik Stansiyasına, Mingəçevirdəki stansiyalara, bir sözlə, ölkənin elektrik enerjisi ilə təminatında mühüm rol oynayan bütün stansiyalara daşıyıcı qaz kəmərləri çəkilmiş, digər zəruri tədbirlər görülmüşdür.

Azərbaycanın zəngin neft və qaz sənayesi tarixində yeni eranın başlanğıcı qoyulur və bu da məhz "Şahdəniz" yatağının işlənilməsi layihəsi ilə əlaqədardır. Ötən ilin dekabrında həmin layihənin 2-ci mərhələsi ilə bağlı yekun investisiya qərarı imzalandı. Bununla da Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış 5 illik gərgin danışıqlar  məntiqi sonluğuna çatdı. Dünyanın bir çox ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən təntənəli imzalama mərasimində etdiyi nitqində Prezident İlham Əliyev  bu sənədi "XXI əsrin müqaviləsi" kimi səciyyələndirərək demişdir: "...Bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən 1 il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə "Əsrin müqaviləsi"ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. "Şahdəniz" isə, düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".

Hazırda ARDNŞ-nin və konsorsiumun bütün səyləri geosiyasi və iqtisadi cəhətdən böyük sinerji gücünə malik bu layihə çərçivəsində icra olunacaq texniki-innovativ işlərin vaxtında, qüsursuz və yüksək keyfiyyətlə görülməsinə yönəlmişdir. Bu, Avropa İttifaqı ölkələri üçün həyata keçirilən ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Layihənin inkişaf konsepsiyasına uyğun olaraq 2-ci mərhələdə hasilat həcmi təxminən 2 dəfə artırılacaq, "Faza-1" üzrə hazırda çıxarılan 9 milyard kubmetr qaza, minimum hesablamalara əsasən, daha 16 milyard kubmetr qaz hasilatı əlavə olunacaq. Çıxarılacaq əlavə qaz həcmlərinin ildə 10 milyard kubmetri Avropa ölkələrinə, 6 milyard kubmetri isə Türkiyəyə tədarük ediləcək. İlk qazın 2018-ci ildə Türkiyəyə çatdırılması  planlaşdırılır. Artıq "Faza-2" üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə başlıca müqavilələr imzalanmış, ilkin, hətta bəzi istehsalat sahələrində əsas işlərə start verilmişdir. Bu nəhəng layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyalarının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 3500 km uzunluğunda boru kəmərləri sistemi qurulacaq.

Biz gələcəyə daha geniş nəzər nöqtəsindən baxırıq və bu, vacib məsələdir. Belə ki, əgər infrastrukturun layihələndirilməsində yalnız bugünkü reallığa qapanıb qalsaq, yaxın gələcəkdə hasilatın artımı ilə əlaqədar əlavə texniki problemlərlə qarşılaşa bilərik. Çünki "Cənub" qaz dəhlizi üzrə planlar yalnız "Şahdəniz-2" ilə kifayətlənmir. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. Mövcud  imkanları nəzərə almamaq, "ikinci qaz dalğası"nı proqnozlaşdırmamaq mümkün deyil. İnamla söyləyə bilərik ki, 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 milyard kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər.

Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır. 3 mühüm seqmentdən ibarət Cənub qaz dəhlizi, düşünürük ki, məhz belə bir sistem olacaq. Seqmentlərdən birincisi hazırda "Şahdəniz" qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilən Cənubi Qafqaz Qaz Boru Kəməridir (CQBK). Ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən kəmər işləkliyini artıq sübuta yetirmişdir.  CQBK-nin "Şahdəniz-2" layihəsinin tərkib hissəsi kimi yekun investisiya qərarında nəzərdə tutulmuş genişləndirilməsi layihəsi indiyədək kəmərin ötürücülük qabiliyyətinin  artırılması istiqamətində aparılmış işlərin davamı olacaq. İkinci mühüm və birləşdirici seqment kimi TANAP - Trans-anadolu boru kəməri nəzərdə tutulur. Bu, iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin birgə layihəsidir. Artıq ARDNŞ-nin (58 faiz) operatorluğu ilə BOTAŞ (30 faiz) və BP (12 faiz) şirkətlərindən ibarət konsorsium kəmərin inşası üçün ərazidə hazırlıq işlərini tamamlamaq üzrədir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard  kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınmışdır. Belə ki, uzunmüddətli perspektivdə bu kəmər həm  Azərbaycan yataqlarından hasil ediləcək "ikinci dalğa" qazını, həm də Mərkəzi Asiya, habelə Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsində hasil ediləcək qaz həcmlərini tranzit yolu ilə "Cənub" qaz dəhlizinə ötürmək, Avropaya daşımaq potensialına malik olacaqdır.

"Cənub" qaz dəhlizinin üçüncü seqmentini isə Transadriatik  qaz boru kəməri (TAP) təşkil edəcək. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. Konsorsium kəmərin inşasını iri diametrli borularla həyata keçirməklə  gələcəkdə bu həcmin 2 dəfəyədək artırılması imkanını nəzərdə saxlayır.

ARDNŞ Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinə sahib olmuşdur. Biz DESFA-nın işini TAP kəmərinin inşası proseslərinə inteqrasiya etməyi düşünürük. Hazırda DESFA Yunanıstanda təbii qazın nəqlini və saxlanılmasını, eləcə də ölkənin qaz-nəql sisteminin inşasını, təminatını və istismarını həyata keçirir, bütün bölgələri təbii qazla təchiz edir. Şirkətin planlarında Yunanıstan-İtaliya və Yunanıstan-Türkiyə boru kəmərlərinin tikintisi nəzərdə tutulur və bu da TAP layihəsi çərçivəsində təbii qazın digər Avropa ölkələrinə nəql edilməsi üçün əlverişli şərait yaradacaq.            

"Əsrin müqaviləsi" və digər irimiqyaslı layihələr üzrə  qazanılmış nailiyyətlər sayəsində Azərbaycan artıq investisiya cəlb edən ölkədən xarici ölkələrin perspektivli sahələrinə investisiya qoyan ölkəyə çevrilmişdir. Xarici bazarlarda fəaliyyətin genişləndirilməsi  bu yolla məhsuldar iqtisadi əlaqələrin qurulması ARDNŞ-nin strateji inkişaf trendləri sırasında mühüm yer tutur. 13 ölkədə nümayəndəliklər təsis edilmiş, İsveçrədə treyder şirkəti yaradılmış, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə və Yunanıstanda aktivlər əldə edilmiş, bir sözlə, SOCAR dünya enerji bazarına inamla daxil olmuşdur.

Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı olan PETKİM 2008-ci ildən şirkətimizin idarəçiliyindədir. Hazırda qardaş ölkədəki törəmə müəssisəmiz olan "SOCAR Turkey Energy A.Ş." bu holdinqə aid səhm paketinin 61,3 faizlik hissəsinə sahibdir. Bu gün Türkiyədəki ən böyük aktivimiz olan PETKİM ölkənin neft-kimya məhsulları bazarında 30 faizə yaxın paya malikdir. ARDNŞ qarşıdakı illərdə həyata keçirəcəyi layihələr və qoyacağı investisiyalar hesabına həmin göstəricinin 40 faizdən yuxarı qaldırılmasını nəzərdə tutur. Bunun üçün neft emalı, neft kimyası, enerji və logistika sahələrinin inkişaf perspektivlərini əhatə edən inteqrativ "Value-site 2023" layihəsi hazırlanmışdır. Layihədə illik gücü 10 milyon ton təşkil edəcək STAR Neft Emalı Zavodunun inşası, 1,5 milyon TEU həcmində Konteyner Terminalı və 51 MW gücündə Külək Enerji Stansiyasının qurulması, bununla da PETKİM-in istehsal qabiliyyətinin artırılması nəzərdə tutulur. Təməli 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuş STAR Neft Emalı Zavodunun inşası layihəsi üzrə qazma və sahə hazırlıq işlərinin böyük hissəsi artıq tamamlanmışdır. Zavodun 2017-ci ildə istismara veriləcəyini planlaşdırırıq. Müəssisə yüngül və ağır nafta məhsulları istehsal etməklə PETKİM-in xammala olan tələbatını ödəyəcək, hazırda Türkiyəyə xaricdən idxal edilən kükürdlü dizel, maye qaz, aviasiya yanacağı və digər neft-kimya məhsulları istehsalını həyata keçirəcəkdir. Egey bölgəsində ən böyük yük limanı olacaq PETKİM Konteyner Limanının tikintisi  mühüm layihədir. Limanın 2015-ci ildə işə salınması, işlərin tam olaraq 2016-cı ildə başa çatdırılması nəzərdə tutulur. Külək-enerji stansiyasının da həmin illərdə, 2 mərhələdə tikilib istismara veriləcəyi gözlənilir. Bundan sonra PETKİM-in elektrik istehsalı potensialı 12 faiz artacaq. "Value-site 2023" layihəsinin icrası bizə imkan verəcək ki, 2023-cü ildən sonra PETKİM-i yalnız Türkiyənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevirək. Bakı yaxınlığında inşa edəcəyimiz neft-qaz emalı və neft-kimya kompleksi ilə PETKİM-in daha sıx inteqrasiya olunması isə beynəlxalq bazarda ARDNŞ-nin mövqelərini daha da yaxşılaşdıracaq.

Bu gün Gürcüstanın qaz təchizatının 90 faizini biz təmin edirik. Qonşu ölkənin onlarla qazpaylayıcı şəbəkəsi "SOCAR Energy Georgia" MMC tərəfindən idarə olunur. Gərgin səylər hesabına ümumi uzunluğu 4600 kilometrə yaxın qaz xətləri çəkilmiş, qazlaşdırma səviyyəsi qısa müddətdə 65 faizə çatdırılmış, 16 minə yaxın abonent təbii qazla təmin edilmişdir. Bu gün ARDNŞ Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25 faizinə nəzarəti həyata keçirir. Bunlardan əlavə, Gürcüstanda  "SOCAR" brendi ilə 114 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.

2006-cı ildə əldə etdiyimiz Kulevi "Black Sea" Terminalı Qara dənizdə bizə əlverişli mövqe qazandırmışdır. İldə 10 milyon ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verən bu terminal hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır.

Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə  təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədilə İsveçrədə təsis etdiyimiz "SOCAR Trading S.A." şirkəti qısa müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənmişdir. Treydinq şirkətimiz ARDNŞ-nin və digər şirkətlərin neft və neft məhsullarının beynəlxalq bazarlarda satışını həyata keçirir, həmçinin üçüncü tərəflərin ticarət əlaqələrində vasitəçilik xidmətləri göstərir. BƏƏ-dəki Fucayra limanında terminal tikintisi də uğurla davam etdirilir. Artıq tikintinin 2 mərhələsi çərçivəsində quraşdırılmış 12 rezervuar istismar olunur.

İsveçrə, Rumıniya və Ukraynadakı yanacaqdoldurma stansiyalarımız istehlakçılara "SOCAR" brendi ilə yüksək səviyyəli xidmət göstərərək şirkətimizin qlobal strateji inkişaf trendlərinə uyğun fəaliyyət göstərir. İsveçrənin bir neçə şəhərində, o cümlədən Sürix və Cenevrə hava limanlarında 148, Rumıniyada 30, Ukraynada isə 41 stansiyamız var. Pərakəndə neft məhsulları bazarında alıcıların rəğbətini qazanmağa nail olmuş YDM-lər iqtisadi fayda ilə yanaşı, şirkətimizin və ümumilikdə Azərbaycanın təbliği işinə də mühüm töhfə verir.

Biz beynəlxalq bazarlarda iştirak coğrafiyamızı genişləndirməkdə maraqlıyıq. Bu məqsədlə dünyanın neft-qaz sənayesində gedən prosesləri dərindən təhlil edir, daxil olan təklifləri bu kontekstdə dəyərləndiririk. Cari ilin mayında "Rosneft" şirkəti ilə Azərbaycan, Rusiya və üçüncü ölkələrin ərazilərində neft-qaz əməliyyatlarının aparılması ilə məşğul olacaq birgə müəssisə yaradılması haqqında razılaşma əldə etmiş, Rusiyanın Həştərxan vilayətinin karbohidrogen ehtiyatlarının öyrənilməsinə başlamışıq. Qarşıdakı illərdə  kəşfiyyat və hasilatla bağlı xarici investisiya layihələri həyata keçirmək niyyətindəyik.         

Dövlət başçısı İlham Əliyev "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya müqaviləsinin imzalanması mərasimində çıxışı zamanı diqqəti ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ən vacib cəhətlərindən biri üzərinə yönəldərək demişdir: "Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir".

Bu, böyük bir həqiqətdir. Xəzərin zəngin sərvətlərindən bəşəriyyətin tərəqqisi və rifahı naminə istifadə edilməsi 20 il öncə xalqımızın ümummilli lideri tərəfindən başlanılmış, yeni əsrdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla həyata keçirilən enerji strategiyamızın başlıca amalıdır.

 

Rövnəq ABDULLAYEV,

ARDNŞ-nin prezidenti, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 19 sentyabr.- S.4.