Azərbaycanı Avropanın qüdrətli

dövlətinə çevirən enerji diplomatiyası

 

Əsrin müqaviləsi-20

 

Dünyanın qlobal enerji layihələrindən biri olaraq Azərbaycanın ən yeni tarixinin parlaq və əlamətdar səhifəsinə çevrilən, xalqımızın taleyində həlledici rol oynayan, respublikamızın yeni dövr üçün sosial-iqtisadi inkişaf prioritetlərinin dəqiq şəkildə müəyyənləşməsinə həlledici təsir göstərən "Əsrin müqaviləsi"nin imzalanmasından 20 il keçir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılmış yeni neft strategiyası ötən illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələr üzrə dinamik inkişaf yolunda olan respublikaya çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, habelə milli təhlükəsizlik maraqlarını yüksək səviyyədə təmin etməsi baxımından mustəsna rol oynamışdır. Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu tarixi müqavilə Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

1994-cü il sentyabrın 20-də Bakıda çağdaş tariximizə "Əsrin müqaviləsi" adı altında daxil olan neft müqavilələrinin imzalanması ilə Azərbaycan MDB məkanında dünyanın 11 transmilli neft şirkəti ilə böyük miqyasda saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüşdür. "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu müqavilənin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşımışdır. Bu tarixi razılaşma eyni zamanda regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yaratmış, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamışdır. Yeni neft strategiyasının uğurları Azərbaycanın Avratlantik məkana inteqrasiya prosesini sürətləndirmiş, respublikamıza sərmayə qoyulması sahəsində ciddi dönüş yaratmışdır.

Ulu öndər Heydər Əliyevin dəmir iradəsi, prinsipial və qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə də optimal qərarlar qəbul edilmişdir. 1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. O dövrdə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqlini nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də müstəqil respublikamızın tarixində daha bir əlamətdar hadisə baş vermiş, Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" qəbul edilmişdir. 1999-cu il noyabr ayının 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalanmışdır. Həmin sazişə eyni zamanda ABŞ və Qazaxıstanın dövlət başçıları da imza atmaqla üzərlərinə müəyyən hüquqi və siyasi təəhhüdlər götürmüşdülər.

BTC-nin reallaşması "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisəyə çevrilmişdir.  2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. Bu tədbir Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının əməli nəticəsi, cənab İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi nəticəsi olmuşdur.

2003-cü ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev də ulu öndər Heydər Əliyevin neft strategiyasında varisliyi inamla davam etdirərək BTC-nin gerçəkləşməsinə nail olmuşdur. Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu strategiyanın əsas mahiyyəti neftdən əldə olunan gəlirləri dövlətin uzunmüddətli inkişafına yönəltməkdən, qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir.

Ötən illərdə respublikamızın dinamik iqtisadi inkişafını və diplomatik uğurlarını təmin edən mühüm amillərdən biri də Prezident İlham Əliyevin siyasi iradəsi ilə gerçəkləşən qlobal enerji layihələridir. Məhz bu sahədə düşünülmüş strategiya əsasında Azərbaycan son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının reallaşdırılması baxımından 2003-2013-cü illəri kifayət qədər uğurlu mərhələ hesab etmək olar. Ötən 10 ilin mühüm siyasi və iqtisadi hadisələri bunu bir daha təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il fevralın 18-də "Əsrin müqaviləsi" çərçivəsində "Mərkəzi Azəri" platforması istismara verilmiş, mayın 25-də BTC-nin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir.

2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı möhtəşəm mərasim olmuş, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində reallığa çevrilmişdir. Bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı Türkiyə və Yunanıstan ərazisindən keçməklə Avropaya çatdırılmışdır. Strateji əhəmiyyətli bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır.

Neftdən əldə olunan gəlirlərin düzgün idarəsi, hasilatda şəffaflığın təmin edilməsi də dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Azərbaycanın 2004-cü ildə Böyük Britaniyanın Baş naziri Toni Bleyerin mədən sənayelərində şəffaflıq təşəbbüsünə qoşulması da bunun bariz göstəricisidir. Ulu öndərin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmış Dövlət Neft Fondu isə neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmi kimi özünü tam doğruldur. Fondun fəaliyyətinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişafına təkan vermək - strateji əhəmiyyət kəsb edən enerji layihələrini, eləcə də mühüm sosial layihələri maliyyələşdirmək, neftdən qazanılan vəsaitləri indiki və gələcək nəsillər üçün qoruyub saxlamaq, eyni zamanda, hasilatda şəffaflıq prinsipini təmin etməkdən ibarətdir.

Azərbaycanı Avropanın mühüm enerji təminatçısına çevirən ən mühüm amil, şübhəsiz ki, respublikamızın zəngin karbohidrogen ehtiyatlarının səmərəli realizəsi ilə bağlıdır. Hələ 2006-ci ilədək Rusiyadan mavi yanacaq idxal edən Azərbaycanın 2007-ci ildən bu asılılığı aradan qaldırması və qaz ixrac edən ölkəyə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü enerji diplomatiyasının mahiyyəti barədə dolğun təsəvvür formalaşdırır.

Diqqəti çəkən məqamlardan biri də kifayət qədər neft və qaz ehtiyatlarına malik strateji əhəmiyyətli yataqların məhz Azərbaycan neftçiləri tərəfindən kəşf olunması və istismara verilməsidir. Bu istiqamətdə ilk uğurlu addımlardan biri 1999-cu ildə kəşf olunmuş "Şahdəniz-1" qaz yatağı üzrə ilk qazın hasil edilməsidir. 2006-cı ildən bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatının tam ödənilməsinə və ilk dəfə olaraq ixracına imkan vermişdir. Yataq 2006-cı ildən Azərbaycan, Gürcüstan və Türkiyənin mavi yanacaqla təminatında sanballı çəkiyə malikdir.

2010-cu il noyabrın 24-də Azərbaycanın ilk neft naziri olmuş Süleyman Vəzirovun 100 illik yubileyinə həsr edilmiş tədbirdə Azərbaycanın müstəqilliyi illərində ikinci mühüm qaz yatağının - "Ümid"in kəşfi barədə rəsmi açıqlama verilmişdir. 200 milyard kubmetr qaz ehtiyatlarının olduğu proqnozlaşdırılan bu yatağın istismarı ölkə büdcəsinə təxminən 30-40 milyard dollar gəlir gətirəcək. "Ümid" "Şahdəniz"dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci ən böyük qaz yatağı olmuşdur. Bu yatağın zəngin ehtiyatları sayəsində Azərbaycan yaxın 100 il müddətində təbii qaza olan ehtiyacını ödəmək imkanı qazanmışdır. Onu da qeyd edək ki, 2012-ci il sentyabrın 20-dən "Ümid" qaz yatağının istismarına başlanılmışdır.

Prezident İlham Əliyev yatağın kəşf olunması münasibətilə demişdir: "Mən çox şadam ki, "Ümid" yatağı məhz müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir".

2011-ci il sentyabrın 9-da isə "Abşeron" blokunda 250 milyard kubmetr  qaz ehtiyatı olan yeni yataq kəşf olunmuş, beləliklə, respublikamızın enerji potensialı daha da güclənmişdir. Prezident İlham Əliyev bu münasibətlə xalqı təbrik etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatnda mühüm ölkəyə çevrildiyini vurğulamışdır: "Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilmişdir. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, "Abşeron" yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə də dünya praktikasında bu, çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilmişdir. Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq".

Ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin son illər yeni fazaya qədəm qoyması ("Abşeron" və "Ümid" qaz yataqlarının kəşfi, trans-enerji sazişlərinin imzalanması) həm də karbohidrogen ehtiyatlarının nəqli coğrafiyasının genişlənməsi ilə xarakterizə olunur. Milli enerji siyasətində qaz amilinin ön plana keçməsi respublikamızın xarici siyasətinə və iqtisadi həyatına da təsirsiz ötüşmür.  Qaz ehtiyatlarının həcminin artması, yeni yataqların kəşf olunması, hasilatla bağlı işlərin sürətlənməsi diversifikasiya məsələlərini də son dərəcə aktuallaşdırır.

Azərbaycanın qaz ehtiyatlarının artımı son illərdə etibarlı qaz kəmərləri infrastrukturunun yaradılmasını obyektiv zərurət kimi meydana çıxarmışdır. Ölkəmiz strateji boru kəmərlərinin seçilməsi zamanı həmişə olduğu kimi, yenə də iqtisadi səmərəlilik, siyasi məqsədəuyğunluq və təhlükəsizlik amillərini ciddiliklə nəzərə almışdır. Bu zaman həm də enerji sektorunda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyənin geoiqtisadi maraqları da əsas götürülmüşdür.

2012-ci il iyunun 26-da Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi ilə bağlı yekun sazişin imzalanması da ümumilikdə Avropa ölkələri üçün son dərəcə əlamətdar hadisə olmuşdur. TANAP layihəsi Azərbaycan qazını Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşımalı, ölkədə sabit tranziti təmin etməlidir. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dolları təşkil edir. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsinin 2018-ci ildə başa çatdırılacağı bildirilir. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Layihənin işə düşməsi vaxtı "Şahdəniz-2" layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılmaqla 2017-ci il üçün nəzərdə tutulmuşdur. 2014-cü il sentyabrın 20-də TANAP kəmərinin təməlqoyma mərasimi keçiriləcək və bu da təkcə respublikamız üçün deyil, habelə Avropa üçün mühüm siyasi hadisədir.

TANAP-da ARDNŞ-nin 80 faizlik paya sahib olması layihənin ölkəmiz üçün strateji əhəmiyyətini bir daha sübut edir. Layihə Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar açmışdır. Belə ki, Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi sayəsində Azərbaycanın Şərq-Qərb enerji dəhlizinin formalaşmasında rolu daha da artacaq.

2013-cü il Azərbaycan üçün "Şahdəniz" konsorsiumu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması ilə əlamətdardır. Ötən il iyunun 28-də konsorsium Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP) seçdiyini bəyan etmişdir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olaraq "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə - Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra 20 milyard kubmetrə yaxın qazın nəqli proqnozlaşdırılır. Ümumiyyətlə, TAP-ın reallaşması Azərbaycanın "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin yataqlarından hasil olunan təbii qazın Avropaya nəqlinə imkan verəcək nəhəng kommunikasiya infrastrukturunun yaradılması deməkdir. Layihə Xəzər regionu ölkələrinin də enerji əməkdaşlığı üçün geniş imkanlar açır.

Azərbaycan 2013-cü il sentyabrın 18-də "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya satışını nəzərdə tutan tarixi sazişdən əlavə dekabrın 17-də "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişini imzalamışdır. Bu saziş müasir dünyanın enerji xəritəsində özünün strateji rolu və yerinə görə seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsinə də ciddi  zəmin yaratmışdır.

"Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı geoiqtisadi əhəmiyyətinə, dünya enerji mühiti üçün ağırlıq mərkəzinə görə "Əsrin müqaviləsi"nin ən mühüm komponenti kimi qiymətləndirilir. Layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.

Prezident İlham Əliyev "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində bu tarixi hadisə ilə bağlı demişdir: "2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığa dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz "Şahdəniz-2" yekun investisiya qərarını imzalayırıq... Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir".

Hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Ulu öndər Heydər Əliyevin neft strategiyasında varisliyi inamla təmin etmiş dövlət başçısı İlham Əliyev "qara qızıl"dan əldə olunan gəlirlərin milli intibaha xidmət etməsi məqsədilə iqtisadi prioritetləri ilk gündən düzgün müəyyənləşdirməyə nail olmuşdur. Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlərin görülməsi kimi mühüm məsələlər də həmin fərmanda öz əksini tapmışdır. Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının geniş miqyaslı istismarı ilə əlaqədar neft və qaz gəlirlərinin 2008-ci ildən başlayaraq kəskin artması, habelə mövcud neft-qaz ehtiyatlarının gələcəkdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil olması şəraitində ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması ilə yanaşı, inkişafın stimullaşdırılması, iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi, neft və qaz gəlirlərinin idarə olunması belə bir strategiyanın qəbulunu zərurətə çevirmişdir.

Təbii sərvətlərinin zənginliyinə baxmayaraq Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, turizm ölkəsinə çevrilməsi məqsədinin reallaşması üçün çox böyük işlər görülür. Sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda nüfuzlu dövlətlərdən biri olması, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Bu da təsadüfi deyil ki, Cənubi Qafqaz geoiqtisadi məkanında cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri hesabatlarında Azərbaycanı regionda yüksək investisiya cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər.

Əldə olunan uğurlar həm də regionların sosial-iqtisadi inkişafı tədbirləri ilə sıx bağlıdır. Son illər regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları bölgələrdə kütləvi işsizlik problemini aradan qaldırmışdır. Birinci proqram əsasında 700 min, ikinci proqram çərçivəsində 400 minə yaxın yeni iş yeri açılmışdır. Ümumilikdə, ötən 10 ildə Azərbaycanda açılmış 1 milyon 100 mindən çox yeni iş yerinin təxminən 700 mindən çoxu bölgələrin payına düşür. 2003-cü ildə ölkədə işsizliyin səviyyəsi 9,7 faiz civarında idisə, hazırda bu rəqəm 4,9 faizdir.

Həyata keçirilən regional inkişaf tədbirləri nəticəsində son 10 il ərzində qeyri-neft sektoru 2,7, ümumi daxil məhsul 3,4, vergi daxilolmaları 8 dəfə artmışdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil etmişdir ki, bu da regionda ən yüksək göstəricilərdən sayılır. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 1,5 milyard dollar civarında olduğu halda, hazırda 25 milyard dollar təşkil edir. 2014-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü illə müqayisədə 16 dəfəyədək artmışdır.

Azərbaycan 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünya ölkələri sırasında 90-cı yerdə qərar tutmuşdu. Həmin vaxt Azərbaycanda istehsal olunan ÜDM-in adambaşına düşən həcmi nominal ifadədə cəmi 873 manat (təqribən 1100 ABŞ dolları) təşkil edirdisə, hazırda bu rəqəm 8000 dollara yaxınlaşır. 2003-2013-cü illəri əhatə edən dövr ərzində ölkədə ÜDM istehsalı ildə orta hesabla 13,6 faiz artmış və onun həcmi nominal ifadədə 57 milyard manata yüksəlmişdir. Bu isə adambaşına düşən ÜDM-in həcminin nominal ifadədə 6200 manatdan çox olması deməkdir.

2003-cü ildə Azərbaycanda mühüm makroiqtisadi göstəricilərdən olan strateji valyuta ehtiyatlarının həcmi 1,6 milyard ABŞ dollarına yaxın idi. 2014-cü ilin birinci yarısının yekunlarına görə isə ölkənin strateji valyuta ehtiyatları 54 milyard ABŞ dollarına (Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarının cəmi) çatmışdır. Hazırda strateji valyuta ehtiyatları 3 illik idxalın və xidmətlərin maliyyələşdirilməsinə kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır.

Azərbaycanın strateji valyuta ehtiyatları artıq xarici dövlət borcunu 10 dəfə üstələyir. Təkcə Mərkəzi Bankın ehtiyatları 14 milyard ABŞ dollarından çoxdur və bu, bir il ərzində mal və xidmətlərin idxalı üçün yetərlidir. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır ki, bu da inkişaf etmiş dövlətlər içərisində ən yaxşı göstəricilərdən biridir. Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə dünyada ilk 15 dövlət sırasındadır.

Digər mühüm göstərici Azərbaycanın strateji valyuta ehtiyatlarının formalaşmasında neft amilinin rolunun getdikcə azalmasıdır. Hökumətin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi tədbirlər praktik nəticələr verir. Məsələn, 2014-cü ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 51 milyon 396,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Bu ilin birinci yarısında qeyri-neft sektorunun 10 faizlik artımı da, şübhəsiz, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin səmərəliliyindən  xəbər verir.

Dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, respublikamızda "qara qızıl"ı insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. İnsan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq yükü məhz təhsil sisteminin üzərinə düşür. Burada söhbət təkcə ali təhsil sistemindən deyil, təhsilin bütün növlərindən gedir. Təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Məhz buna görə də cənab İlham Əliyev bildirir ki, bazar iqtisadiyyatı şəraitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Prezidenti dövlətə rəhbərlik fəaliyyətinin ilk günlərindən elmi sahədə böyük yüksəlişin təmin olunmasını mühüm prioritetlərdən biri kimi önə çəkmişdir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz təcəssümüdür. Dövlət başçısı xüsusi vurğulayır ki, elmə qoyulan sərmayə xalqın intellektual sabahına xidmət edir.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, habelə ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal maarifçilik xətti yeridir, eləcə də dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsidir ki, ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə, Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətli dövlətə çevrilməsini təmin edəcəkdir.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 19 sentyabr.- S.5.