Azərbaycandakı Alban-Udi xristian

 dini icmasının sədrinə “Şöhrət” ordeni təqdim edilib

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Şöhrət” ordeninin Robert Mobiliyə təqdim edilməsi mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlara və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerantlıq şəraitində birgə yaşadıqları məkandır. Sevindirici haldır ki, tarixin bütün dövrlərində ölkəmizdə heç bir dinlərarası problem yaşanmayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Robert Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq, bütün insanlar üçün bərabər şərait mövcuddur.

Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dövlət tərəfindən kilsələrin bərpası və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görülməyə başlanıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi bərpa edilib. 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsindəki üç xristian məbədindən biri - Müqəddəs Yelisey adına Cotari kilsəsi bərpa edilərək icmanın istifadəsinə verilib.

DQİDK-nın sədri bildirib ki, hazırda udilərin kompakt şəkildə yaşadıqları Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son on ildə Prezident İlham Əliyevin bu qəsəbəyə iki dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonra M.QurbanlıŞöhrətordenini Robert Mobiliyə təqdim edib.

Alban-Udi xristian dini icmasının sədri Azərbaycanın bu ali mükafatı ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

R.Mobili qeyd edib ki, 170 il bundan əvvəl Rusiya çarı tərəfindən alban kilsəsi erməni-qriqorian kilsəsinin birbaşa tabeliyinə verilib. Lakin udilər özlərinin dilini, mədəniyyətini alban kilsəsinə etiqadını saxlamaq üçün bu tabelçilikdən imtina edib, ibadətlərini kilsədə deyil, evlərində ediblər. Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən dirçəlişə nail olublar.

Tədbirdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri çıxış edərək R.Mobilini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.

 

Azərbaycan.-2014.- 19 sentyabr.- S.6.