Naxçıvanın 90 illik yubileyindən bəhs edən miniatür kitab

 

Bu günlərdə Azərbaycan Respublikası "Kitab" Cəmiyyətinin xətti ilə "90 il. Naxçıvan Muxtar Respublikası" adlı nəfis tərtibatlı miniatür nəşr çapdan çıxmışdır.

Kitabın ön səhifəsi ümummilli lider Heydər Əliyevin rəngli şəkli və "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvan muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq" sözləri ilə açılır. Sonra kitabda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixli sərəncamı verilir. "İNDİQO" nəşriyyatında buraxılmış 50x55 mm formatlı nəşrdə Azərbaycanın qədim bölgələrindən olan, tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol keçən, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu diyarın 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və nitqi öz əksini tapmışdır. Yubiley münasibətilə bütün naxçıvanlıları və Azərbaycan xalqını ürəkdən təbrik edən ölkə başçısı demişdir: "Bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Bu təməl tarixə, xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir. Milli ideologiyamıza söykənir ki, onun müəllifi ulu öndər Heydər Əliyevdir".

Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışı, habelə muxtar respublikanın sosialiqtisadi inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Prezidentinin sərəncamı ilə fəxri adların verilməsi, həmçinin "Tərəqqi" medalı ilə təltif  edilməsi diqqətə çatdırılır.

Yubiley günlərində Naxçıvanın tarixi yerlərində olan Azərbaycan Prezidentinin bu bölgədə aparılan quruculuq işləri ilə tanışlığını və ictimaiyyətin nümayəndələri ilə görüşünü əks etdirən 32 rəngli foto da oxucularda böyük maraq doğurur. Kitabın forzastında Azərbaycanın xəritəsi yerləşdirilmişdir. Səliqəli poliqrafik tərtibatı ilə diqqəti cəlb edən bu nəşr Azərbaycan Respublikasının Əfqanıstan Veteranları İctimai Birliyinin sponsorluğu ilə 100 nüsxə tirajla çap olunmuşdur.

 

Azərbaycan.-2014.- 19 sentyabr.- S.9.