Məşhur «Arşın mal alan» operettasının ekran həyatı

 

Ulu öndərin tövsiyəsi

 

Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük hamisi ulu öndər Heydər Əliyev 2001-ci il oktyabrın 13-də görkəmli müğənni Rəşid Behbudovun xatirə gecəsində çıxış edərkən demişdir: "Arşın mal alan" əbədi yaşayacaqdır. Mən indi bu filmdən kadrlara baxdım. Mən hesab edirəm ki, bizim Mədəniyyət Nazirliyi və bu sahə ilə məşğul olan digər təşkilatlar bu cür ölməz əsərləri bərpa etməlidirlər. Kitab əbədi yaşayır və film də əbədi yaşamalıdır. Müasir texnika, texnologiya köhnə lentləri bütünlüklə bərpa edə bilir. Bunu mütləq etmək lazımdır.

"Arşın mal alan"  Azərbaycan mədəniyyəti tarixinin ən möhtəşəm nailiyyətlərindən biridir. Ona görə də bu film yaşamalıdır..."

Bu filmin kinolenti uzun illər lazımi şəraitdə qorunmadığı üçün, demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Düzdür, film bir dəfə bərpa olunmuşdu. Lakin onun əsaslı şəkildə bərpaya ehtiyacı var idi. Bundan ötrü isə xeyli vəsait tələb olunurdu.

Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin ən aparıcı holdinqlərindən biri "Ata Holdinq"in vəsaiti hesabına ABŞ-ın "G-Ray" şirkəti ilə uğurlu danışıqlardan sonra Hollivudda filmlərin bərpası və rənglənməsi üzrə aparıcı peşəkar heyət "Globul 3 Pictures" komandası tərəfindən 2013-cü ilin mart ayından  ağ-qara variantda olan "Arşın mal alan"  filminin bərpa və rənglənməsinə başlandı.  Azərbaycan tərəfindən bu məsuliyyətli işin təşkili və bərpası Bakıda fəaliyyət göstərən "Peachline" şirkətinə tapşırıldı.

Bu sətirlərin müəllifi və kino rəssamı E.Axundov belə bir vacib və xeyirxah işə baş məsləhətçi kimi cəlb olunmuşdu.

"Arşın mal alan"ın  kinoplyonkası pis vəziyyətdə idi. Bunu amerikalı mütəxəssislər də təsdiq etdilər. Çünki vaxtilə kinoteatrlarda filmin nümayişi zamanı lent qırılarkən kinomexaniklər kinoplyonkanın qırılmış kadrlarını istədikləri kimi kəsib atmışdılar (200-dən artıq kinokadr çatmırdı -A.K.).  Bununla belə, filmin rus variantından istifadə etməklə bəzi kadrları bərpa etmək mümkün olmuşdur.

Bərpa olunmuş və rənglənmiş "Arşın mal alan" musiqili kinokomediyasına (1945) artıq ilk baxış keçirilib və o özünün ikinci həyatını yaşayır.

 

"Arşın mal alan"ın səssiz dövrü

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından yaranmış, dünya musiqi mədəniyyəti xəzinəsində layiqli yer tutan bədii incilər xalqımızın mənəvi sərvətidir. Görkəmli bəstəkar Azərbaycan opera sənətinin, musiqili komediya janrının əsasını qoymuş, ədəbi-bədii yaradıcılığın bir sıra sahələrində məhsuldar fəaliyyət göstərmişdir.

Yaratdığı "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarının mətnləri ona bir dramaturq kimi şöhrət qazandırmışdır. Azərbaycanın xalq artisti, görkəmli bəstəkar T.Quliyev bu operettaları inqilabdan əvvəlki Azərbaycan həyatının güzgüsü adlandırmışdır.

Azərbaycan dramaturgiyasında nadir nümunələr hesab olunan Ü.Hacıbəylinin komediyaları, zəngin xalq musiqisi xəzinəsindən qaynaqlanan, xəlqiliyi, oynaq musiqisi və qüvvətli yumoru ilə fərqlənən "O olmasın, bu olsun" və "Arşın mal alan" operettaları kinematoqrafçıların da daim diqqət mərkəzində olmuş və onlar müxtəlif dövrlərdə bu musiqili komediyaları ekranlaşdırmışlar.

İnqilabdan əvvəl "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili filmləri yaradılmış, lakin müəlliflərinə uğur qazandıra bilməmişdir. XX əsrdə "Arşın mal alan" üç, "O olmasın, bu olsun" iki dəfə istehsal olunmuşdur. Bir dəfə də "Arşın mal alan" süjeti təhrif olunaraq Amerikada ermənilər tərəfindən lentə alınmış, hətta filmdə operettanın müəllifinin, yəni Üzeyir Hacıbəylinin adı belə göstərilməmişdir.

Azərbaycan sovetləşməmişdən beş il əvvəl belçikalı sahibkarlar - Pirone qardaşları Bakıda özlərinin kirayə kontorunu açır, kino istehsalını təşkil edirlər. Şəhərin mərkəzində, Birja küçəsi, 3 nömrəli binada (indiki Ü.Hacıbəyli küçəsi) onların "Filma"" Səhmdar Cəmiyyəti yerləşirdi. Cəmiyyət 1915-ci ildə bir neçə bədii filmin istehsalına başlayır. Filmlərə quruluş vermək üçün Peterburqdan rejissor B.Svetlovu və operator Q.Lemberqi dəvət edir.

"Arşın mal alan" operettası 1916-cı ilin axırlarında çəkilmişdir. Film 7 hissədən ibarət idi. Rejissor B.Svetlov çəkilişlərə tanınmış səhnə aktyorlarını - Hüseynqulu Sarabski (Əsgər), Ələkbər Hüseynzadə (Sultan bəy), Mirzağa Əliyev (Süleyman) və Hənəfi Terequlovu (Vəli) cəlb etmişdi.

O dövrdə qadın rollarını kişilər oynayırdılar. Filmin çəkilişi ilə bağlı rejissor da bu qaydaya riayət etməyə məcbur olur. O, Gülçöhrə və Cahan xala (titrdə Gülcahan) rollarına kişi aktyorlardan Əhməd Ağdamski və Yunis Nərimanovu, Asya və Telli rollarına isə Aleksandra Olenskaya və Yevgeniya Olenskayanı çəkir.

Film ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirildi. Film səssiz olduğuna görə onun təsir gücü az idi. Əsər ekran üçün işlənərkən öz gözəlliyini, təravətini və bədii qiymətini xeyli itirmişdi. Buna görə də salonda yerləşdirilmiş xalq çalğı alətlərinin müşayiəti ilə operettadan musiqi parçaları çalınır, Cabbar Qaryağdıoğlu və digər xanəndələr operettadan ariyalar ifa edirdilər. Filmin keyfiyyəti Üzeyir bəyi və əsas rollarda çıxış edən aktyorları narazı salmışdı. Buna baxmayaraq, tamaşaçılar filmə böyük maraq göstərirdilər.

O dövrün mətbuatında - "Sovqat" qəzetində belə bir məlumat dərc edilmişdi: "Bakı. "Forum" teatrı tərəfindən müsəlman həyatından alınmış "Arşın mal alan" adlı komediya tamaşaya qoyulmuşdur. Bu komediya qoyulduğu gün, Şalyapinə bilet almaq üçün olan növbə bunun yanında müqayisə ediləcək bir şey deyildi. Bu qədər böyük müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi ilə bu filmi çəkənlər arasında olan narazılıq üstə film ekrandan götürüldü. Bizə verilən xəbərlərə görə bu film yenidən teatrda tamaşaya qoyulacaqdır".

 

"Arşın mal alan" - dünya şöhrətli kinokomediya

 

Nəinki Azərbaycan, həm də sovet kinosuna beynəlxalq şöhrət qazandıran "Arşın mal alan" kinokomediyasının yarandığı (1945) vaxtdan 69 il keçir. Azərbaycan klassik dramaturgiyasının realist ənənələrinin gözəl nümunəsi olan bu operetta yalnız könülləri oxşayan rövnəq musiqisi ilə deyil, həm də mövzu aktuallığı, dramatizmi, bədii kəsəri, şirin koloriti ilə ekran ustalarının diqqətini cəlb etmişdir.

Filmin istər quruluşu (rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko), istərsə də çəkilişi (operatorlar Əlisəttar Atakişiyev, Muxtar Dadaşov) olduqca təbiidir. Komediya janrına məxsus incə yumor, hadisələrin bir-birinə bağlılığı, eyni vaxtda dörd toyun bir gündə edilməsi, ümumi şənlik, gözəl əhval-ruhiyyə tamaşaçıda xoş ovqat yaradır. Bununla belə, bəzi səhnələrdə dekorasiyalar açıq-aydın özünü büruzə verir, görüntülər süni təsir bağışlayır.

Dünya şöhrətli sənətkarımız Rəşid Behbudov məhz filmdə Əsgər rolunu ifa edəndən sonra məşhurlaşmışdır. Gülçöhrə obrazı Leyla Bədirbəylinin ifasında nəinki çox müvəffəqiyyətli, həm də bənzərsiz alınmışdır. Filmin digər personajları: Vəli və Tellini yaradan aktyorlar Lütfəli Abdullayev və Fatma Mehrəliyeva öz rollarının öhdəsindən bacarıqla gəlmiş, sadə adamların təmiz, pak məhəbbətini incə yumorla, müxtəlif  oynaq detallarla ekranda canlandıra bilmişlər.

Aktyorlardan Münəvvər Kələntərlinin, Ələkbər Hüseynzadənin, İsmayıl Əfəndiyevin yaratdıqları obrazlar - Cahan xala, Soltan bəy, Süleyman bəy müvəffəqiyyətli və yaddaqalandır.

1945-ci il sentyabrın 18-də ilk dəfə göstəriləndən və Ümumittifaq tamaşaçılarının rəğbətini qazanandan sonra film xarici ölkələrin də ekranlarına yol açdı. Milliyyətindən asılı olmayaraq filmə baxan bir çox xarici ölkə tamaşaçıları Üzeyir bəyin ecazkar musiqisinə, Azərbaycan xalqının incə, mənalı yumoruna heyran qaldılar. Üzeyir bəyin musiqili komediyasının bədii cəhətdən ən dəyərli ekran variantı olan "Arşın mal alan" filminin yaradıcı qrupu o vaxt, yəni, 1946-cı ildə yüksək mükafata - SSRİ Dövlət mükafatına layiq görüldü.

L.Bədirbəyli "Ömrümün nağılları" kitabında yazır ki, 1941-ci ilin əvvəllərində Tbilisidə "Səbuhi" filminin çəkilişi zamanı Kazım Ziyanı bir aylıq İrana göndərdilər. Axı Kazım Ziya fars və ərəb dillərini mükəmməl bilirdi. Onun oynamadığı səhnələr çəkilirdi. Bir gün Kazım Ziya çəkiliş meydançasına gəldi. İranda olarkən qəribə bir hadisənin şahidi olduğunu söylədi. Dedi ki, Ü.Hacıbəylinin "Arşın mal alan" komediyasına sahib tapılıb. Bir əcnəbi bu motivdə film çəkib. Bakıya çatan kimi gərək Üzeyir bəyə çatdıram ki, malına şərik çıxıblar.

İş elə gətirdi ki, 1942-ci il martın 3-də bir qrup sənətçi İrana göndərildik və Kazım Ziyanın söylədiklərinin şahidi olduq... Bir gün küçədə reklam gördük. "Arşın mal alan"ın gündüz seansına getdik. Bu üzdəniraq "Arşın mal alan" filminə tamaşa etdik. Filmin rejissoru Mamulyan familiyalı erməni idi. Amerikada istehsal olunan bu filmdə nə Üzeyir bəyin, nə də Azərbaycanın adı çəkilirdi. Qadın rollarının ifaçılarının ərəb, ya da hind qadını olduğu bilinmirdi. Kişi rollarının ifaçılarının da hansı millətə mənsub olduğu anlaşılmırdı. Tərtibat, geyimlər ifrat dərəcədə yabançı, musiqi adıyla verilən tək-tük parçalar notdankənar səslənirdi. Biz hamımız son dərəcə həyəcanlı idik. Birtəhər filmin sonunadək dözə bildik. Bu film tamaşaçını heç tərpətmirdi də... Kinoteatrdan çıxanda Bülbül özünü saxlaya bilmədi. Qəzəblə: "Belə biabırçılıq olar? Bu ki əsl oğurluqdur. Bakıya çatan kimi gərək Üzeyir bəyə bu məsələni danışaq", - dedi.

1925-ci ildə Ü.Hacıbəyli ABŞ-dan bir məktub alır. Məktubun müəllifi keçmiş bakılı, məşhur violençalan, vaxtilə Bakı konservatoriyasında dərs demiş professor Okorokov idi. Məktubda deyilirdi: "Maqalyan familiyalı birisi erməni artistlərindən truppa yaratmışdır. O, hər yerdə "Arşın mal alan"ı göstərir, tez-tez ABŞ-ın müxtəlif şəhərlərinə qastrola gedir... Maqalyan artıq elə varlanmışdır ki, özünə beşmərtəbəli ev almış və həmin binanın fasadına "Arşın mal alan" yazmışdır.

Mənə vəkalətnamə yollayın, qonorarlarınızı alıb sizə göndərim..."

"Ekonomi ekspress" qəzetinin xəbər verdiyinə görə Ü.Hacıbəyli məktubda qaldırılan məsələnin həlli üçün heç bir iş görə bilmədi.

L.Bədirbəyli "Ömrümün nağılları" kitabında "Arşın mal alan"ın rejissorunun R.Mamulyan olduğunu qeyd edir. Rusiya Dövlət Filmfondunun Amerika Film İnstitutunun kataloquna əsaslanaraq verdiyi məlumata görə, Amerikada, həqiqətən, 1937-ci ildə "Arşın mal alan" filmi ermənilər tərəfindən çəkilib. Film ekranlara ilk dəfə 1937-ci il martın 5-də buraxılıb. Amma filmə rejissor R.Mamulyan deyil, Setraq Vartiyan quruluş verib. O, həm də Əsgər rolunu ifa edib. Luiz Barsamian - Gülçöhrə, Vart Ankin - Asya, Setrak Surabiyan - Soltan bəy, Ruben Stepaniyan - Süleyman, Qayoş Sinko - Xala, Vram Sakayan - Vəli, Maşa Surabiyan-Telli rollarında çəkilmişlər. Filmin alternativ adı "Xırdavatçı sevgili"dir.

Film üçün hazırlanmış proqramda deyilir ki, Setraq Vartiyan erməni səhnə əsərlərinin yaradıcısı, rəhbəri və danılmaz aktyorudur. 1945-ci ildə çəkilmiş sovet filmi də onun operettasına əsaslanıb və bu film uydurma film kimi 1946-cı ildə Stalin mükafatına layiq görülüb.

Üzeyir Hacıbəylinin memorial ev-muzeyinin direktoru R.Xəlilov deyirdi ki, nümayəndə heyəti İranda gördüklərini Üzeyir bəyə danışarkən bəstəkar çox məyus olur, bərk əsəbiləşir. O, SSRİ xarici işlər nazirinə məktub yazıb xahiş edir ki, müəllif hüquqlarını müdafiə etsin. Tezliklə Molotovun dəftərxanasından cavab gəlir ki, Sovet İttifaqı müəllif hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyaya qoşulmayıb. Ona görə də xahişə əməl olunmayacaq.

R.Xəlilov bununla bağlı mətbuata verdiyi müsahibəsində demişdir: "Nazir Molotov insident barədə Stalinə məlumat verib. Bundan sonra Stalin də Dövlət Kinematoqrafiya Komitəsinin sədri Bolşakovu çağırıb deyib ki, "Arşın mal alan"ı yubanmadan ekranlaşdırmaq, filmin xaricdə geniş reklamını təşkil etmək lazımdır. Qoy bütün dünya "Arşın mal alan"ın əsl müəllifinin kim olduğunu bilsin".

Bolşakov bu barədə bəstəkara danışanda R.Xəlilov da onların yanında olub. Amma arxiv sənədləri "Arşın mal alan" filminin yaranması ilə bağlı başqa söz deyir, başqa tarix göstərir. Misal üçün, o zaman gənc yazıçı İmran Qasımov hələ 1940-cı il oktyabrın 15-də Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasova məktub yazıb xahiş edir ki, "Arşın mal alan" mövzusunun plana daxil edilməsi ilə əlaqədar ssenarinin hazırlanması ona tapşırılsın. Hətta o, söz verir ki, 1941-ci ilin əvvəli üçün ssenarini yazıb kinostudiyaya təhvil verəcək.

Həmin il noyabrın 14-də SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri Komitəsinin razılığını alandan sonra İ.Qasımov işə başlayır. Lakin heç bir ay keçməmiş ssenari İ.Qasımovdan geri alınıb, həmin il dekabrın 8-də dramaturq Sabit Rəhmana verilir.

Beləliklə, 1941-ci il fevralın 1-də studiya S.Rəhmanla müqavilə bağlayır. Ssenarinin birinci variantı Ü.Hacıbəylini razı salmır. Sabit Rəhman müvəqqəti olaraq işi dayandırır. Moskvalı yazıçı Anatoli Qleboviç Qlebov ssenari üzrə məsləhətçi təyin olunur.

1941-ci ilin iyun ayında ədəbi ssenarinin yeni variantı kinostudiyaya təhvil verilir. Bakı kinostudiyasının rəhbərliyi ssenarini müzakirə etmək üçün iyunun 17-də iclas çağırır. İclasda ssenarinin yüksək səviyyədə yazıldığı qeyd olunsa da, burada bəzi epizodlara irad tutulur, müəyyən hissələrin ixtisar olunması tövsiyə edilir. Lakin ssenari qəbul olunmayıb xüsusi dövlət komissiyasının müzakirəsinə verilir. Komissiyanın iclası bir gün sonra, iyunun 18-də keçirilir. Burada ədəbi ssenari oxunub müzakirə edilir.

Komissiyanın üzvləri belə qərar verirlər ki, ssenari düzəlişlər edilməklə qəbul olunsun və rejissor ssenarisi hazırlansın.

...Bir ildən sonra, yəni, 1942-ci ildə "Arşın mal alan"ın rejissor ssenarisi üzərində artıq gərgin iş gedirdi. Rejissorlar isə bu dəfə Rza Təhmasib və Qriqori Braginski təsdiq olunmuşdular. Hətta film 1942-ci ilin planına salınmışdı. Lakin müxtəlif səviyyələrdə gedən iclaslarda ssenari ilə bağlı fikir ayrılığı, yeni-yeni düzəlişlərin ortaya çıxarılması nəticəsində filmin rejissor ssenarisinin yazılışı bir il də uzandı.

1943-cü il oktyabrın 21-də Bakı kinostudiyasında istehsalat müşavirəsi keçirildi. Həmin iclasda 1944-cü ilin istehsalat planı müzakirə olunarkən kinostudiyanın direktoru Rəsul Rza bildirdi ki, "Arşın mal alan" filminin quruluşçu rejissorları R.Təhmasib və N.Leşşenko, quruluşçu operatorları Ə.S.Atakişiyev və M.Dadaşov təsdiq olunmuşlar. Sonra o, çıxışında dedi: "İrəlidə bizi böyük işlər gözləyir. "Arşın mal alan", "Qubalı Fətəli xan" və "Robinzon Kruzo" bədii filmlərinin istehsal planı artıq təsdiq olunmuşdur. "Arşın mal alan" filminin istehsalı məsələsi 1942-ci ilin aprel ayından gündəlikdə dururdu. Nəhayət ki, bu iş yoluna qoyuldu. Çəkiliş qrupları artıq məlumdur. Lakin rejissor və ya operator hansı filmə təyin olunursa-olunsun, bir şeyi yadda saxlayın, filmi biz hamımız bir yerdə yaradırıq. Hamı bu filmlərin hazırlanmasında iştirak etməlidir. Bu, bütün kollektivin, bütün studiyanın işi olacaqdır. Bir də təkrar edirəm: filmlərin istehsalını özümüzə etibar ediblər. Mən kollektivi yorulmadan işləməyə, eyni zamanda, tənbəllərlə, hay-küyçülərlə mübarizəyə çağırıram. Studiyanın iş ahəngini yüksəltmək, təsdiq olunmuş bu böyük planı yerinə yetirmək üçün xeyirxahlıq göstərmək lazımdır. Bu işdə bizim yaradıcı kadrlarımız böyüyəcək və inkişaf edəcəkdir..."

1944-cü il martın 22-də rejissor ssenarisi Moskvada SSRİ XKS yanında Kinematoqrafiya İşləri Komitəsinin sədri İ.Bolşakov tərəfindən təsdiq olundu. Rejissor ssenarisi üzrə yazılmış rəydə oxuyuruq: "Rejissorlar teatr tamaşasının uğurlu plastik həllini tapmış, orijinalın stil və manerasını və əsərin dramaturgiyasının bütün məziyyətlərini qoruyub saxlamışlar. "Arşın mal alan" filminin sovet ekranı üçün maraq doğuracağını nəzərə alaraq, onun iki variantda, Azərbaycan və rus dillərində çəkilməsinin məqsədəuyğun olduğunu hesab edirik".

"Arşın mal alan" filminin istehsalı ilə bağlı bütün məsələlər daim Rəsul Rzanın nəzarəti altında idi. 1944-cü il iyunun 7-də aktyorlar arasında rol bölgüsü aparılırdı. Bədii şuranın qərarı ilə R.Behbudov Əsgər bəy, L.Bədirbəyli Gülçöhrə, F.Mehrəliyeva Telli, L.Abdullayev Vəli rollarına təsdiq olundular. Soltan bəy və Cahan xala rollarında kimlərin çəkiləcəkləri mübahisə doğurdu. Soltan bəy roluna dörd namizəd göstərilmişdi: Kazım Ziya, A.Bünyadzadə, X.Məlikov, H.Kələntərli.

Ü.Hacıbəylinin məsləhəti ilə həmin rol Ələkbər Hüseynzadəyə tapşırıldı. Cahan xala roluna bir neçə aktyor, o cümlədən Validə Vəzirova və Münəvvər Kələntərli sınaqdan çıxarıldı. Son nəticədə Münəvvər xanımın namizədliyi yekdilliklə qəbul olundu. Rəsul Rza Süleyman roluna İ.Əfəndiyevi məsləhət gördü. Asya rolunun ifaçısı Rəhilə Məlikovanı isə 50 nəfərin arasından Rza Təhmasibin özü seçmişdi.

1945-ci il aprelin 3-də "Arşın mal alan"ın istehsalı ilə əlaqədar studiyada iclas çağırıldı və qərara alındı ki, filmin çəkilişləri Azərbaycanın sovetləşməsinin 25 illiyi gününədək başa çatdırılsın.

"Arşın mal alan" kinokomediyası dedikdə, bu, təkcə Ü.Hacıbəyli, R.Təhmasib, R.Behbudov, L.Bədirbəyli və yaradıcı heyətin digər üzvləri demək deyil. Bu həm də Azərbaycanın görkəmli sənətkarı, xalq şairi Rəsul Rza deməkdir.

Bu, elə bir dövr idi ki, II Dünya müharibəsinin tükürpədici, qulaqbatırıcı top atəşlərinin səsləri hələ də eşidilməkdə idi. Amma cəbhələrdə qazanılan uğurlar qələbənin yaxınlaşdığından xəbər verirdi. O dövrdə Bakı kinostudiyasında çalışan, filmlər çəkən moskvalı məşhur kinorejissor Q.Aleksandrov həmin illərlə bağlı söhbətlərinin birində demişdir: "Müharibənin davam etdiyi çətin günlərdə Bakı kinostudiyasında Ü.Hacıbəylinin xalq yumoru ilə yoğrulmuş "Arşın mal alan" musiqili komediyası lentə alınırdı. Belə bir vaxtda bizə bir daha yəqin oldu ki, kino işçilərindən heç kim faşist işğalçıları üzərində qələbəmizə bir an belə şübhə eləmir. Biz sadəcə olaraq oturub qələbəni gözləmirdik, biz onun naminə öz silahımızla vuruşurduq".

Respublikanın xalq artisti Leyla Bədirbəyli "Arşın mal alan" filminin çəkilişi ilə bağlı o çətin və ağır müharibə illərini xatırlayaraq deyirdi: "Filmin çəkilişi zamanı yarım ildən artıq Mərdəkan bağlarında yaşamalı olduq. Qələbəyə inam böyük olsa da, günlərimiz ağır keçirdi. Yarıac, yarıtox, saatlarla fasiləsiz işləyirdik. Bizi yaşayıb-yaratmağa həvəsləndirən aramızdakı birlik, səmimiyyət və sənətə sədaqət idi".

 

(ardı var)

 

Aydın KAZIMZADƏ,

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü

Azərbaycan.-2014.- 19 sentyabr.- S.11.