«Əsrin müqaviləsi» ilə başlayan dinamik inkişaf yolu

 

Əsrin müqaviləsi-20

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası son 20 ildə Azərbaycanı regionun ən qüdrətli və sabit ölkəsinə çevirmişdir

 

Tarixi təcrübə sübut edir ki, milli lider fenomeninin elmi əsaslar üzərində müəyyənləşdirdiyi mükəmməl strategiya istər ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsinə, istərsə də mövcud təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə uyğun realizə edilməsinə ciddi əsaslar formalaşdırır. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən,  milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük ehtiramla yad edilir.

Əsrlər boyu zəngin təbii sərvətləri ilə bütün dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmiş və halal haqqını təmin etmişdir. Hələ ötən əsrin 70-80-ci illərində - respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və  müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları dəstəkləməklə Bakını "Neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur.

Respublikamızda son dərəcə ağır və böhranlı ictimai-siyasi vəziyyətin hökm sürdüyü zamanda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi və arzusu ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi yaxşı bilirdi ki, Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı heç də sırf təbii sərvətlərin zənginliyinə söykənmir. Böyük strateq çıxışlarında daim vurğulayırdı ki, tarixdə neftlə zəngin bir çox dövlətlərin uğursuz siyasətin nəticəsi kimi müstəqilliklərini itirərək metropoliyaya çevrilməsi, qeyri-sabitlik şəraitində yaşaması, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşməsi ilə bağlı çoxsaylı misallar mövcuddur. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft amili üzərində qurulması və neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi təcrübə də var.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində neft diplomatiyası sahəsində yeridilən naşı və yarıtmaz siyasətin fəsadlı nəticələri bu qənaətin həqiqiliyini bir daha təsdiqləyir. SSRİ-nin süqutundan sonra iqtisadi potensialına görə müstəqil yaşamaq imkanına malik üç respublikadan biri sayılan Azərbaycan müstəqillik əldə etdikdən sonra təbii sərvətlərinə sahib çıxmaq, Xəzərin özünə aid sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək baxımından əsaslı problemlərlə üzləşmişdi. 1991-1993-cü illərdə hakimiyyətdə olmuş naşı və yarıtmaz siyasi qüvvələrin apardığı uğursuz siyasət nəticəsində daxildə ictimai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla əməkdaşlıqdan çəkindirirdi. Bir illik hakimiyyəti dövründə AXC-Müsavat iqtidarının apardığı uğursuz danışıqların nəticəsi kimi hazırlanmış layihə isə dövlətin və xalqın mənafelərinə qətiyyən cavab vermirdi. Bu qüvvələr qısamüddətli hakimiyyətləri dövründə hazırladıqları ilk neft müqaviləsində ümumi payın düz 60 faizini yalnız bir şirkətə - Böyük Britaniyanın BP şirkətinə verilməsini nəzərdə tutmuşdular. Saziş layihəsində bir tərəfdən Azərbaycanın payı yolverilməz dərəcədə aşağı həddə göstərilmiş, eyni zamanda hasil olunacaq səmt qazının respublikamıza satışı nəzərdə tutulmuşdu. Cənab İlham Əliyev 1999-cu ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü ilə bağlı keçirilən mərasimdəki çıxışında bu məsələ ilə bağlı demişdir: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa, bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir".

Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə vacib olan neft sektorunun böhranlı vəziyyətdən çıxarılması, milli maraqlara və praqmatizmə əsaslanan neft diplomatiyasının həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Böyük öndərin ciddi diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır.

İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdür. AXC-Müsavat iqtidarı dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, ulu öndər böyük diplomatik məharətlə bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq olmuşdur. 1993-cü ilin iyun ayının 18-də ABŞ-ın nüfuzlu "Çikaqo tribun" qəzetinə verdiyi müsahibəsində Heydər Əliyev Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha açıq bəyan etmişdir. "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz iqtisadi maraqları var. Bu isə tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq" deyən ümummilli liderin qətiyyətli addımları nəticəsində Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycanın mənafeyinə cavab verən müqavilənin imzalanması istiqamətində danışıqlara başlanılmışdır.

Həmin vaxt Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Qərb şirkətləri milyardlarla dollar sərmayəni mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycana yatırmağı riskli hesab edirdilər. Bu tərəddüdlərə, aşkar-gizli maneələrə məhəl qoymayan ümummilli lider Heydər Əliyev hələ 1994-cü il fevralın 4-də "Azərbaycanın dəniz və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında" sərəncam imzalamaqla qətiyyətli lider olduğunu bir daha nümayiş etdirmiş, eyni zamanda danışıqlar prosesi üçün hüquqi prinsiplər müəyyənləşdirmişdir. Mühüm tarixi əhəmiyyət kəsb edən həmin sərəncamda dənizdəki karbohidrogen ehtiyatlarının ölkənin ümumi mənafeləri çərçivəsində istismarını sürətləndirmək üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi, xarici neft şirkətləri və beynəlxalq konsorsiumlarla əlverişli müqavilələrin bağlanması üçün effektli tədbirlər görülməsinin vacibliyi vurğulanmış, ümumilikdə, sərəncam neft yataqlarının işlənilməsinin əsas prinsiplərini müəyyənləşdirmişdir.

1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi isə xalq və dövlət naminə düzgün seçim olmaqla, ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi olmuşdur. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrilmişdir. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail olmuşdu. Bu hadisə bir daha təsdiqləmişdir ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.        

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi həmin illərdə heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuş, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" adlı qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlədilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşımışdır.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Eyni zamanda region dövlətləri əsas ixrac boru kəmərinin məhz ərazisindən keçməsinə, beləliklə, külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. Məsələnin aktuallığı həm də Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi, xüsusən də birincinin geosiyasi baxımdan əlverişli olmaması ilə şərtlənirdi. Həmin vaxt layihənin əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə gerçəkləşməsini əfsanə hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər. Fəqət, "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir" deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirmiş və müvafiq sazişin imzalanmasına nail olmuşdur. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyulmuşdur.

2003-cü ilin 15 oktyabrında ulu öndərin ən layiqli siyasi varisi - cənab İlham Əliyevin xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail olmuş, 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrilmişdir. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olunmuşdur.

İstehsal etdiyi xam nefti bu neft kəməri ilə Qərb bazarlarına ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin son illərdə hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2014-cü ildə dövlət büdcəsinin 2003-cü ildəki 1,2 milyard dollardan 25 milyard manata yüksəlməsi, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 54 milyard dollara çatması ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş yeni neft strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.

Son 10 ildə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. 2006-cı ildə əfsanədən gerçəkliyə qovuşan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya əhəmiyyətli strateji layihələr olmaqla, nəinki respublikamızın, bütövlükdə Avropanın fasiləsiz enerji ilə təminatına geniş imkanlar açır. Respublikanın yalnız "Şahdəniz" yatağındakı qaz ehtiyatları 2 trilyon 200 milyard kubmetrdən çox qiymətləndirilir. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan son 2 ildə məhz "Şahdəniz" yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsi vacibliyini önə çəkir: "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə, qeyri-neft sektorunun, istehsal sahibkarlığının, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə çalışır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.

Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu strategiyada neftdən qazanılan vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastrukturun genişləndirilməsində və yeniləşməsində, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər mühüm istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Azərbaycan iqtisadiyyatının bütün sahələrdə sürətlə inkişaf etdiyini və neftdən asılılığın tədricən aradan qaldırıldığını diqqətəçəkən dövlət başçısı İlham Əliyev demişdir: "Bizim uğurlarımızı bəzi bədxahlar, yaxud da ki, bizdə olan vəziyyəti yaxından bilməyən, ya da ki, hansısa paxıllıq hissləri ilə yaşayan insanlar bəzi hallarda neft amilinə bağlamaq istəyirlər. Əlbəttə ki, Azərbaycanın uğurlu neft strategiyası ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynamışdır. Bu rol davam edir və gələcəkdə də davam edəcəkdir. Bizim enerji siyasətimiz ölkəmizə çox böyük fayda gətiribdir. Bütün uğurlarımızı ancaq neft amili ilə bağlamaq tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə - Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandakından bir neçə dəfə böyükdür və hasilat da bir neçə dəfə çoxdur. Ona görə bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, ölkənin milli maraqlarının qorunması dayanır, siyasi islahatlar, demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyildir".

Neftgən gələn gəlirlər hesabına regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti bu sahədə mühüm göstəricilərə imza atmışdır. Bu da təsadüfi deyildir ki, sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 10 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. 2004-cü ildən həyata keçirilən regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması da təsadüfi olmayıb, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlmişdir. 2004-2008 və 2008-2013-cü illərdə həyata keçirilmiş regional inkişaf proqramları respublikamızın bölgələrində yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan vermişdir. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edilmişdir.

İnhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarının aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul olunmuşdur. Son 10 ildə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" (2004-2006-cı illər), "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və digər qanun, fərman və sərəncamlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan verməklə, regionlarda qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Ümumilikdə, son illər ölkədə regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında və digər sənədlərdə sahibkarlığın inkişafı məsələsi qırmızı xətlə keçir. Bu proqramların icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı 2014-cü ildən Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri ilə yanaşı, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən iş adamlarına tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

2013-cü ildə Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Sənəddə sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuliyyəti və cəzalandırılması məsələləri yer almışdır.

Bütün bunların nəticəsidir ki, Azərbaycan bu günlərdə Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında öz mövqelərini yaxşılaşdırmışdır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə olunmuşdur. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşmışdır. Beləliklə, son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında bir pillə irəliləmişdir.

Azərbaycan hesabatda bütün göstəricilər üzrə yaxşı nəticələr əldə etmişdir. Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında liderliyini saxlamışdır. Respublikamız ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlamışdır. Şübhəsiz, Azərbaycanın reytinqdə mövqeyinin yaxşılaşması ölkə rəhbərliyinin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir.

Hesabata əsasən, Azərbaycan biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə 10-cu yeri, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı yeri tutmuş, ÜDM-in həcminə görə 70-ci pillədə qərarlaşmışdır. İnflyasiyanın aşağı səviyyəsinə görə Azərbaycan birinci yerdədir. Həmçinin, "əmək bazarının səmərəliliyi", "texnoloji səviyyə", "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə də ölkəmizin mövqeləri yaxşılaşmışdır. Hesabatda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-liyə daxil olmuş - makroiqtisadi sabitliyə görə 9-cu yeri tutmuşdur.

Prezident İlham Əliyevin 2014-cü il 3 mart tarixdə imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması sahəsində yeni imkanlar açmışdır. Sənəd biznesin qeydiyyatı ilə bağlı çox mühüm məsələlərin həllinə əlverişli zəmin yaratmış, bu sahədə prosedur və qaydaların təkmilləşdirilməsinə, müddətin azaldılması beynəlxalq təşkilatların hesablarında biznesə başlamağa, sahibkarlıq indeksləri ilə ölkəmizin mövqeyinin yaxşılaşmasına mühüm təsir göstərmişdir. Azərbaycan Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesin qeydiyyatı) göstəricisi üzrə dünya ölkələrinin top-onluğuna daxil edilmişdir.

Hazırda respublikamızda biznes mühitinin və rəqabətqabiliyyətliliyin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilir. 2014-cü ilin sonuna kimi icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, idxal-ixrac əməliyyatları zamanı tələb edilən sənədlərin, müddətin, xərclərin azaldılması və digər sahələrdə bir sıra yeniliklər tətbiq olunacaqdır.

Azərbaycan bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümünü qeyd edir. Müstəqil respublikamızın son illər əldə etdiyi böyük uğurlar öz əsasını məhz bu müqavilənin gətirdiyi iqtisadi dividendlərdən götürür. Bəli, Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi"nin uğurları bu gün hər bir vətəndaşın həyatında qabarıq hiss edilir, Azərbaycanın yüksəlişinə geniş imkanlar açır. İnanırıq ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanmaq imkanı qazanacaqdır.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2014.- 20 sentyabr.- S. 7.