Babək rayonunun Qahab kəndi müasirləşən

 yaşayış məntəqələri sırasına qoşulub

 

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndləri də əhatə edib. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi müasir Naxçıvanın inkişaf göstəricisinə çevrilib. Bu, həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sentyabrın 22-də Babək rayonunun Qahab kəndində yeni sosial obyektlər istifadəyə verilib.

 

Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz

avtomobil yolu yenidən qurulub

 

Sentyabrın 22-də yol-nəqliyyat infrastrukturunun yeniləşməsi istiqamətində görülən tədbirlərin davamı olaraq Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolunun istifadə verilməsi münasibətilə tədbir keçirilib.

Qahab kənd sakini Hidayət Hacıyev minnətdarlığını bildirərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasının hər bir yaşayış məntəqəsi özünün abad yolu ilə seçilir. Yol rahatlıq, mədəniyyət, yüksək rifah deməkdir. Artıq Qahab və ətraf kəndləri birləşdirən bu yol yaşayış məntəqələrinin inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Qahab kəndində yeni sosial obyektlər istifadəyə verilir. Kənddə yaradılan müasir infrastrukturlar içərisində yol tikintisi xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, əsaslı şəkildə yenidən qurulan və 4 yaşayış məntəqəsini əhatə edən yoldan 6 minə yaxın sakin və gələn qonaqlar istifadə edəcəklər. Abad yol hər bir yaşayış məntəqəsinin inkişafı, əhalinin isə rahatlığı deməkdir. 14,5 kilometr uzunluğundakı Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolu da əhatə etdiyi kəndlərdə əhalinin rahatlığının təmin olunmasına şərait yaradacaqdır.

Sonra Ali Məclisin Sədri yolun açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, əsaslı şəkildə yenidən qurulan yolun hərəkət hissəsinin eni 8 metrdir. Yola yeni asfalt örtük salınıb, 4 selötürücü, 75 suötürücü tikilib, yolun kənarı boyunca 1211 metr məsafədə kanal çəkilib. Yol yatağının genişləndirilməsi və müvafiq yol-hərəkət nişanlarının quraşdırılması avtomobillərin rahat və təhlükəsiz hərəkətinə imkan verəcəkdir.

 

Müasir məktəb binası tədrisin

keyfiyyətini yüksəldəcəkdir

 

Təhsil sahəsində həyata keçirilən islahatlar ölkənin gələcək inkişafına xidmət edir. Savadlı, intellektli, zəngin dünya görüşlü və vətənpərvər gənclik isə bu inkişafın əsas təminatçılarıdır. Hər il muxtar respublikada onlarla yeni məktəb binasının istifadəyə verilməsi, müasir tədris şəraitinin yaradılması da məhz bu məqsədə xidmət edir.

Sentyabrın 22-də Qahab kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Məktəbin direktoru Müzəffər Zamanov çıxış edərək deyib ki, aparılan quruculuq işlərindən sonra Qahab kənd tam orta məktəbi müasir görkəm alıb. Məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulması üçün bütün imkanlar vardır. Bu da kollektivi daha səylə çalışmağa sövq edir. Yaradılan şərait gələcəkdə məktəbin nailiyyətlərini daha da artırmağa imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qahab kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik edərək deyib: Bu gün Qahab kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, aparılan kompleks quruculuq işlərinin nəticəsi olaraq kənddə yeni sosial obyektlər istifadəyə verilir. Tikilən müasir məktəb binası və digər sosial obyektlər ümumilikdə, kəndin inkişafına, əhalinin sağlamlığının qorunmasına, onların rahat yaşayışının təmin olunmasına və gənclərin hərtərəfli təhsil almasına xidmət edəcəkdir.

Ali Məclisin Sədri deyib: Təhsil hər bir ölkənin həyatında vacib sahədir. Ona görə də ölkənin gələcəyini təmin etmək üçün vətənpərvər və təhsilli gənclik yetişdirmək lazımdır. Bu gün ölkəmizdə gənclərin təhsil alması üçün lazımi şərait yaradılır, yeni məktəb binaları tikilir, bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir. Yaradılan şərait isə qarşıya mühüm vəzifələr qoyur. Bu gün məktəblərin üzərinə düşən əsas vəzifə təhsil verməklə yanaşı, həm də gənclərimizə müstəqil qərarlar qəbul etməyi öyrətməkdir. Çünki hər bir gənc qabiliyyətinə və həvəsinə görə ixtisas seçir, gələcək həyatını bu ixtisaslara dərindən yiyələnməklə qurur. Bunun üçün ölkəmizdə lazımi şərait yaradılıb, ümumtəhsil, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə gənclərin təhsil alması təmin olunub.

Ali Məclisin Sədri deyib: Təhsil müəssisələrində yaradılan şərait şagirdlərin qarşısında mühüm vəzifələr qoyur. Hər bir şagird hansı təhsil pilləsi üzrə təhsil almasından asılı olmayaraq, ilk növbədə peşə öyrənməli, vətənpərvər böyüməli, gələcəkdə ölkəmizə xidmət etməlidir. Ümumtəhsil məktəblərində gənclərin maraqlarına və bacarıqlarına uyğun olaraq peşələrə yönəldilməsi diqqət mərkəzində saxlanılmalıdır. Qahab kənd tam orta məktəbində hər cür şərait yaradılıb. Məktəb yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub, lazımı tədris avadanlıqları quraşdırılıb. Bu da müəllimlərin yaradılan şəraitdən düzgün istifadə etməsinə, şagirdlərə müasir biliklərin öyrədilməsinə və onların gələcək peşə seçiminə şərait yaradacaqdır.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, təhsilli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Babək rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 612 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı, fizika və kimya laboratoriyaları, hərbi kabinə, 3 kompyuter otağı, 4 elektron lövhəli sinif, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Pulsuz dərsliklərlə təminatla yanaşı, zəngin fonda malik kitabxanaların istifadəyə verilməsi də şagirdlərin dünyagörüşünün formalaşmasına xidmət edir. Məktəbin 14 min 314 kitab fonduna malik yeni kitabxanası bədii ədəbiyyat və tədris planlarında nəzərdə tutulmuş fənlərə dair dərsliklərlə zənginləşdirilib. Kitabxanada kompyuter dəstinin quraşdırılması və internetə qoşulması isə internet resurslarından səmərəli istifadə etməklə elektron nəşrlərin əldə olunmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri birinci sinifdə oxuyan şagirdlərin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu il məktəbin birinci sinfinə 46 şagird qəbul olunub. Yaradılan müasir şərait, tətbiq olunan yeni tədris metodları dərslərin daha səmərəli və asan mənimsənilməsinə, şagirdlərin məntiqi təfəkkürünün möhkəmləndirilməsinə imkan verir.

Lazımı cihaz və avadanlıqlarla təchiz olunmuş fizika, kimya və biologiya laboratoriyaları biliklərin təcrübi yolla möhkəmləndirilməsinə şərait yaradacaqdır.

Şahmat zehni idman növü kimi, uşaqların əqli inkişafına kömək edir, onlarda diqqətli olmaq, müqayisə aparmaq vərdişlərinin formalaşdırılmasına şərait yaradır. Bu səbəbdən də muxtar respublikada şahmatın kütləviliyinə və onun təbliğinə xüsusi diqqət yetirilir, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Qahab kənd tam orta məktəbində şahmat sinfinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir.

Məlumat verilib ki, kompyuter otaqlarındakı 57 kompyuter dəstinin hər biri internetə qoşulub. Bütün bunlar informatika fənninin daha səmərəli keçirilməsinə və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan tədris metodlarından istifadəyə köməklik göstərəcəkdir.

Elektron lövhəli sinfə baxış zamanı 55 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında videobağlantı vasitəsilə “Naxçıvanın 5 min illik tarixi” mövzusunda dərs tədris olunub.

Ali Məclisin Sədri distant təhsilin əhəmiyyətini vurğulayıb, məktəb-muzey əlaqələrinin tədris formasına keçirilməsi barədə müvafiq tapşırıqlar verib.

İdman gənclərin fiziki cəhətdən sağlam böyüməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də təhsil müəssisələrində bədən tərbiyəsi və fiziki tərbiyə dərslərinin müasir tələblər səviyyəsində tədrisi vacib şərtdir. Qahab kənd tam orta məktəbində də bədən tərbiyəsi və fiziki tərbiyə fənninin tədrisi üçün müasir şərait yaradılıb, idman zalı istifadəyə verilib.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinədə bütün imkanlar vardır. Burada sıra, atəş, mühəndis və tibb hazırlıqlarını əks etdirən stendlər və digər əyani vasitələr qoyulub.

Pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri deyib ki, təhsilin inkişafında əsas amillərdən biri də müasir tədris şəraitinin yaradılmasıdır. Qahab kənd tam orta məktəbi informasiya texnologiyaları ilə təmin edilib, ən yeni tədris metodlarının tətbiqinə başlanılıb. Bu da kollektiv qarşısında yeni vəzifələr qoyur. Vətənpərvər, savadlı və intellektli gənclik yetişdirmək pedaqoji heyəti daim düşündürməli, yaradılanlardan səmərəli istifadə olunmalı, məktəbdə tədrisin səviyyəsi yüksəldilməlidir.

Müəllimlər göstərilən qayğı müqabilində səylə çalışacaqlarına söz veriblər.

Binanın həyətində də abadlıq tədbirləri görülüb, gül-çiçək əkilib və meyvə bağı salınıb.

 

Kənd mərkəzində müasir iş şəraiti

yaradılıbdır

 

Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq tədbirləri çərçivəsində hər il onlarla yeni kənd mərkəzi istifadəyə verilir. Sakinlərə göstərilən xidmətlərin mərkəzləşmiş qaydada təşkilinə şərait yaradan kənd mərkəzlərinin inşası cari ildə də diqqət mərkəzində saxlanılıb.

Sentyabrın 22-də Qahab Kənd Mərkəzinin açılışı olub.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mirzəmməd Qasımov deyib ki, göstərilən dövlət qayğısı Qahab kəndinin simasını tamamilə dəyişib. Bu gün kənddə insanların rahat yaşayışına xidmət edən ən müasir infrastruktur yaradılıb. Kənd qazlaşdırılıb, mənzillərə telefon çəkilib, elektrik enerjisi təminatı fasiləsiz həyata keçirilir. Bu gün istifadəyə verilən sosial obyektlər isə Qahab kəndinə daha müasir görkəm bəxş edib. Yaradılan şəraitin nəticəsidir ki, sakinlər fərdi təsərrüfatlarını genişləndirir, kənddə əkinçilik, maldarlıq inkişaf etdirilir. Bütün bunlar isə insanların rifahının yaxşılaşdırılmasına səbəb olur. İnzibati ərazi dairəsi üzrə nümayəndə göstərilən qayğıya görə sakinlər adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qahab kəndində aparılan quruculuq işlərinin mühüm əhəmiyyətə malik olduğunu bildirərək deyib: Bu gün istifadəyə verilən yeni məktəb binası kənddə uşaqların yaxşı təhsil almasına, kənd mərkəzi dövlət qurumlarının fəaliyyətinin səmərəli təşkilinə, həkim ambulatoriyası insanların sağlamlığının qorunmasına, yol isə onların rahatlığının təmin olunmasına xidmət edəcəkdir. Ümumilikdə isə bütün bunlar kəndin inkişafına hesablanmış tədbirlərdir.

Ali Məclisin Sədri deyib: Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması aparılan abadlıq-quruculuq işlərindən, yaradılan müasir infrastrukturdan asılıdır. Belə ki, kəndlərin tamamilə qazlaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi, internetdən istifadə, televiziya yayımlarının həyata keçirilməsi insanların rahat yaşayışına və əhalinin daha sıx məskunlaşmasına səbəb olur. Bu gün Qahab kəndində yaradılan şərait də əhalinin problemlərinin vaxtlı-vaxtında həll olunmasına, onların öz təsərrüfatları ilə rahat məşğul olmalarına imkan verəcəkdir.

Ali Məclisin Sədri aparılan quruculuq işləri münasibətilə kənd sakinlərini təbrik edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənd mərkəzi 4 minə yaxın sakinə xidmət edəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi və 83 yerlik iclas zalı vardır. Kitabxana fonduna 8 min 466 kitab verilib. Onlardan 1266-sı latın, 7 min 200-ü isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır.

Rabitə evində 512 nömrəlik yeni ATS quraşdırılıb. Burada 385-i Qahab və 70-i Naxışnərgiz kəndlərində olmaqla 455 abonentə xidmət göstərilir. Yeni poçt məntəqəsində gündəlik mətbuatın, eləcə də danışıq və internet kartlarının satışı təşkil olunub.

Lazımı avadanlıq və dərman preparatları ilə təmin olunan baytarlıq məntəqəsi də Qahab və Naxışnərgiz kəndlərində heyvandarlığın inkişafına xidmət göstərəcəkdir. Bildirilib ki, hər iki kənddə heyvandarlıq təsərrüfatının inkişafı baytarlıq xidmətinin günün tələbləri səviyyəsində qurulmasını zəruri edir. Məntəqənin həkimləri mütəmadi olaraq fərdi təsərrüfatlarda dezinfeksiya işləri aparır, yoluxucu xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görürlər.

Binada Yeni Azərbaycan Partiyası Qahab kənd ərazi ilk təşkilatı və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün də müasir iş otaqları yaradılıb. Məlumat verilib ki, Yeni Azərbaycan Partiyası Qahab kənd ərazi ilk təşkilatının 143 üzvü vardır. Onlar arasında gənclər və qadınlar üstünlük təşkil edir.

Binanın ikinci mərtəbəsində Qahab kənd bələdiyyəsi və mədəniyyət evinin işçiləri üçün ayrılan iş otaqlarında da nümunəvi xidmət şəraiti vardır.

 

Qahab kəndində əhaliyə nümunəvi

səhiyyə xidməti göstəriləcəkdir

 

Sentyabrın 22-də Qahab kənd həkim ambulatoriyasının yeni binasının açılışı olub.

Həkim Leylan Həsənova yaradılan şəraitə görə minnətdarlıq edib, sakinlərin sağlamlığının qorunması istiqamətində səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Yeni həkim ambulatoriyası kənddə əhaliyə göstərilən səhiyyə xidmətinin günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Binada lazımi şərait yaradılıb. Kollektiv göstərilən qayğıdan səmərəli istifadə etməli, insanların sağlamlığının keşiyində dayanmalıdır. Əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmalı, gigiyena qaydalarına əməl olunmalı, hamilə qadınlar qeydiyyata götürülərək onlara patronaj xidməti göstərilməli, uşaqlara vaxtlı-vaxtında peyvəndlər vurulmalıdır. Bütün bunların həyata keçirilməsi insanların sağlamlığının daha etibarlı qorunmasına, yoluxucu və digər xəstəliklərin qarşısının vaxtında alınmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ikimərtəbəli ambulatoriya binasında 8 tibb işçisi əhalinin sağlamlığının qayğısına qalır. Ambulatoriyada stomatoloji kabinə, peyvənd, aptek, mama, baş həkim, tibb bacısı, manipulyasiya otaqları və doğuş zalı vardır. Səhiyyə müəssisəsi lazımi dərman vasitələri ilə təmin olunub, burada ilkin tibbi yardım və peyvənd çantaları qoyulub.

Bina istilik sistemləri ilə təchiz olunub, həyətdə abadlıq işləri görülüb.

 

Yeni xidmət mərkəzi istifadəyə

verilib

 

Qahab kəndində aparılan kompleks quruculuq tədbirləri çərçivəsində yeni xidmət mərkəzi də tikilərək istifadəyə verilibdir.

Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını edib.

Xidmət mərkəzində yaradılan müasir şərait sakinlərin gündəlik tələbatını tamamilə ödəyəcəkdir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Xidmət mərkəzində 10 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Sakin Yəhya Əsgərov deyib ki, bu gün ölkəmizdə Ümummilli Liderimizin siyasi xəttinin davam etdirilməsi hər bir yaşayış məntəqəsinə inkişaf, tərəqqi və müasirlik gətirib. Qahab kəndinə də bu qayğıdan pay düşüb. Kənddə yaşayışın təmin olunması üçün bütün şərait yaradılıb. Sakinlər görülən bu işləri insan amilinə verilən qiymət kimi dəyərləndirirlər.

Ali Məclisin Sədri Qahab kəndinin müasirləşməsini ölkəmizin ümumi inkişafının və xalq-dövlət birliyinin nəticəsi kimi dəyərləndirərək deyib: Bu gün ölkəmizin hər yerində abadlıq işləri görülür, yeni iş yerləri açılır, insanların rifahı yüksəldilir. Kənd yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq işləri insanların ölkəmizin sabahına olan ümidini artırır. Bu gün Qahab kəndində istifadəyə verilən yeni sosial obyektlər, ilk növbədə, əhalinin rahatlığına hesablanmışdır. Kənd əhalisi də qurulanların qorunub saxlanılmasında fəal iştirak etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

 

* * *

 

Qahab kəndində aparılan abadlıq işləri çərçivəsində rabitə xidmətinin təkmilləşdirilməsi məqsədilə 400 metr fiber-optik, 2500 metr uzunluğunda müxtəlif tutumlu yeraltı kabel çəkilib. Həmçinin 600 metr uzunluğunda elektrik xətti çəkilib, 250 kilovoltamper gücündə yeni transformator yarımstansiyası quraşdırılıb. Qahab kənd tam orta məktəbinə Nəcəfəlidizə kənd kəhrizindən 3 min 900 metr uzunluğunda içməli su xətti çəkilib. Həmçinin kənddə yolların kənarları boyu 320 metr uzunluğunda hasar tikilib

 

Azərbaycan.-2014.- 23 sentyabr.- S.6.