Əlil əllərin «danışan» tabloları

 

Möcüzə təbiətin füsunkar gözəlliklərindən biridir. Təsadüfdən baş verən, ağıla gəlməyən təbiət hadisələrinə bəzən möcüzə kimi baxırlar. Rənglərlə möcüzə yaradan  rəssamlar da az deyil. Klassiklərin yaratdıqları möcüzələrə az heyran qalmamışıq. Deyirlər ki, rəssamlıq şairlik kimi olmasa da, məzmunca o qədər seçilmirlər: biri sözlə, digəri isə rənglə özünün fəlsəfi dünyasının obrazını yaradır. Əlbəttə, söhbət kamil sənət əsərlərindən  gedir. Belə sənət nümunələrini yaradanları fitri istedad sahibi hesab edirlər. Adilikdə qeyr-adilik tapan onu sənət əsəri nümunəsinə çevirənlərin arasında gənclərin olması sevindiricidir.

Yaxın on ildə istedadlı gənc kimi tanınıb, bir sıra beynəlxalq festivallarda baxış müsabiqələrində iştirak edib, mükafatlara layiq görülənlər sırasında rəssam Könül İsmayılova da var...

1983-cü ildə Bakıda dünyaya göz açan, hələ uşaq yaşlarından rəsm çəkməyə maraqlı olan Könül həmyaşıdları kimi orta məktəbə gedə bilməyib. Xəstəliyi ilə əlaqədar Bakı şəhərinin Səbail rayonunda  (bu tip uşaqların təhsil alması üçün fəaliyyət göstərən) 219 saylı məktəbin şagirdi olub.

Həyata, onu çox istəyən insanlara bağlılıq Könülün istedadını üzə çıxarıb: o, uşaqlıqdan sevdiyi rəssamlıq sənətinə könül verib. Rənglər aləmində özünə yeni bir dünya qurmağa çalışıb. Fiziki cəhətdən  hərəkətləri məhdud insanlar haqqında oxumadığı tibbi, bədii, ədəbi, elmi, publisistik məqalə kitablar qalmayıb. İfliclərin həyatı onu nəinki qorxudub, əksinə, bu xəstəliklə mübarizəni gücləndirib. Baxmayaraq ki o, 1990-cı ildən I qrup əlildir, həyata çox sağlam ruhla bağlıdır. Gənclik illərinin təravətini digərləri kimi yaşamayan Könül İsmayılovadakı nikbinlik, ən azı, bu xəstəlikdən əzab çəkən, bəzən depressiyaya düşənlər üçün bir örnəkdir.

O, orta təhsilini 2000-ci ildə yüksək göstəricilərlə evdə başa vurub. Ömür yoluna rənglərlə özü işıq salıb. Çəkdiyi tablolar onu ətrafından nəinki ayırıb, əksinə, insanlara yaxınlaşdırıb, sevdirib. 2007-ci il dekabr ayının 7-də Gənclər İdman Nazirliyi ilə "Lotos" Əlilliyin Dərki Təlim Mərkəzinin Əlillər Gününə həsr etdiyi sərgidə iştirak etməsi, sonrakı illərdə treninq seminarlara qatılması, "Müstəqil həyat fəlsəfəsi", "Peşə, hidayət məşğulluq təlim"inin üzvlərindən birinə çevrilməsi yaradıcılıq bioqrafiyasına yazılıb. Onun rəsmləri ilə Novruz şənliklərinə töhfəsi, nəhayət, 3 mart 2009-cu il tarixində Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən əlilliyi olan qızlar arasında gözəllik müsabiqəsinə qatılmasını da bura əlavə etsək, haqqında söz açılan  qızın istedadına qismən aydınlıq gətirə bilərik. Bu gənc rəssam qızın səsi-sorağı, sən demə, ölkə hüdudlarını da aşacaqmış. 2009-cu il avqust ayının  21-dən 23-dək o, Moskva Dövlət Sosial Müdafiə  Humanitar İnstitutunda əlil şəxslər üçün keçirilən Xalq Yaradıcılığı Beynəlxalq Festivalında iştirak edib. Həmin festivalda o, Rusiya Gənclər İdman Nazirliyinin sertifikatına xüsusi mükafatına layiq görülüb.

Yaradıcılıq dünyasına qədəm basdığı vaxtdan çox keçməyib. Əslində, ona əlil demək günah olardı. O, özünü fiziki cəhətdən çox sağlam hiss etdiyini dönə-dönə xatırladır: "Bilirsizmi, biz cəmiyyətdən həyatdan təcrid olunmuş insanlar deyilik. Bəlkə kənardan belə təəssürat yaranır?  Mənim əllərim ayaqlarım, sadəcə, ləng işləyir, amma, düşüncələrim  heç digərlərininkindən geri qalmır. Belə olsaydı, mən Rusiya Müasir Humanitar İnnovasiya Akademiyası incəsənət  fakültəsinin sonuncu kurs tələbəsi ola bilərdimmi?  2010-cu ildən bu akademiyanın Bakı filialının tələbəsiyəm. Bu işdə kompyuter internet xidmətinə borcluyam.  Bütün  kurs işlərimi imtahanlarımı məhz internet vasitəsilə  yerinə yetirirəm. Həm akademiyanın əlaçı tələbələrindən sayılıram. Orta məktəbi rus dilində bitirdim. Ona görə bu dildə ali ixtisas təhsili aldım".

Gənc rəssam bütün bu uğurların qazanılmasında  ona yaxından kömək göstərən ata-anasına, eləcə   Rəssamlıq Akademiyasının müəllimi, EmArt studiyasının  rəhbəri Emin Qəhrəmanova, Elçin Bünyatova Rüfət Əsgərova  təşəkkürünü bildirməklə yanaşı, xüsusi olaraq vurğuladı ki, Rəssamlıq Akademiyasının müəllimi, əməkdar rəssam Ağaəli İbrahimovun onun üzərindəki zəhməti, verdiyi mənəvi dəstəyi heç zaman unutmayacaq. Çünki yaradıcılıq bioqrafiyasına belə qayğıkeş insanların da adları yazılıb.

Haqqında söz açılan rəssam qızın həyat fəlsəfəsinin mənasına çevrilən bu sənət onun fiziki cəhətdən fəaliyyətsizliyini unutdurduğu üçün öz peşəsinin, sadəcə, vurğunu saymaq az olardı. Vurğunu olduğu həyatın gözəlliklərini könül  tablosuna həkk edən Könül İsmayılovanın yaradıcılıq nümunələrinin səsi-sorağı dünyanın haralarından gəlməyib: Varşava, Torun, Belçika... 2010-cu ildə dörd ölkənin (Azərbaycan, Rusiya, Polşa Latviya) mədəniyyət incəsənət sahəsinin nümayəndələrini bir araya toplayan  beynəlxalq bədii mübadilə proqramının iştirakçısı kimi Könül özünü çox xoşbəxt sayır. Onun  çəkmək həvəsinin sadə bir fəlsəfəsi var: "Məni hətta, ağacdan düşən bir yarpaq belə ruhlandırır".

Hələ  ki acılı-şirinli  ömür yolunu asta-asta irəliləyən, sabaha ümid dolu nəzərlərlə baxan gənc rəssam tələbə qızın yaradıcılıq bioqrafiyasına yazdığı nailiyyətlər sadalanıb qurtaran deyil. Yalnız onu deyək ki, o, özü işlərinə möcüzə kimi baxır. Möcüzə isə yaradıcıların qabiliyyətidir...

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 23 sentyabr.- S.9.