O kənd bizi gözləyir...

 

Hər dəfə yurd yerinə uşaqlıq yaddaşımla qayıdıram. Məni böyüdən, ərsəyə gətirən adamların sözünü, söhbətini xatırlayıram. Nənəm deyərdi ki, bu kəndi birinci yağmalayan 41-ci ilin davası oldu. Onda elin-obanın say-seçmə oğullarını aparırdılar müharibəyə. Kənd o başdan bu başa seyrəlməyə başlamışdı. Nər kimi kişilərin sayı azaldıqca bu yerlər bir qədər yiyəsizləşirdi. Gəlinlərin təsəllisi göz yaşlarıydı, nənələr ağı deyib ağlayırdı. Amma müharibə apardığını aparırdı. Nəyi vardı ki bu kəndin?.. Bunu da nənəm dilinə gətirirdi: "Olub-qalan yüz evi vardı. O evlərin kişilərini dənləmişdilər. Qalmışdıq körpələrin, xəstələrin ümidinə. Müharibə təzəcə başlayanda qara xəbərlər tək-tək gələrdi. Sonradan bu xəbərlərin sayı da artdı. Kənd bir ucdan itirirdi. Belə dərdə ağlamaqdan başqa çarəmiz yox idi..."

Bu kənd Aranın balaca bir guşəsidir - Zərdabın Seyidlər kəndi. yaxşı ki, bu yerlərin Kürü var, bir Kür qırağının Tuqay meşələri. Yoxsa, bu tərəflərin istisi adamı təndir kimi yandırar. Əslində adamları yurd yerindən didərgin salan bu yerlərin təbiətidi, dolanışıq səviyyəsi. Sadəcə adamlar şəhərin təmtərağına, görünən görünməyən parıltısına aldanırlar. Müharibənin seyrəltdiyi kənd bir şəhərə axının dərdini çəkməli oldu. Bir-birinə qoşulub şəhərə tələsənlər kəndi-kəsəyi sorğusuz-sualsız tərk edirdilər. Bir vaxtlar yurdunu-yuvasını atıb gedənlərə fərari kimi, yadlaşmış adam kimi baxardılar. Elə bil hamı bir ucdan şəhərli olmağa tələsirdi. Gedənlərin çoxu paytaxt şəhərinin gecəqondu evlərində kirayədə yaşayırdı. Amma hələ kəndin-kəsəyin sovqatına göz dikirdilər. Di gəl ki, bu darısqal daxmalardan əl çəkmirdilər. Hələ anlaya bilmirəm ki,  adamları maqnit kimi özünə çəkən bu şəhərin möcüzəsi nədədir? Bəlkə ucuz əyləncələr, bildiyimiz bilmədiyimiz macəralar şəhərə meyil marağı artırıb. Axı o tərəfdə qədim kənd evlərinin qapısından asılan paslı qıfıllar, pəncərəsindəki hörümçək toru az qala adamı o tora salıb çabalatmaq istəyir. Yiyəsiz qalan kənd evlərinin sayı artdıqca bir-birinə həyan olan qocaların da dərdi-bəlası artır. Axirət dünyası ilə əlləşən bu ahıllar yurdun, elin-obanın taleyindən narahatdırlar. Gileylənirlər ki, gedənlər geri dönmür, kənddən-kəsəkdən çal-çağır, qara zurna səsi gəlmir... Bir deyirlər ki, bu kənd qəbiristanlığı az qala kəndin özündən böyük olub.  Gedib şəhərdə yurd-yuva qura bilməyənlər bu dünyanı dolaşa-dolaşa axırda geriyə dönürlər, ilk yuvalarına qayıdırlar. yaxşı ki, torpaq bu adamlardan imtina etmir. yaxşı ki, heç vaxt, heç vədə torpaq səxavətini kimsədən əsirgəmir!

Sən demə, yerin-yurdun boşalması, kəndin-kəsəyin seyrəlməsi böyük dərd imiş. Bu dərdi, bu bəlanı təkcə müharibə fəlakəti saymaq olmaz. Amma müharibənin bəlalarını çox gördük. O qədər torpaqlar itirdik ki? Gözlərimiz önündə nələr olmadı, ilahi?! Qubadlının üç-dörd kəndinin - Eyvazlının, Seytazın, Çardağlının gözlərimiz önündə yandırıldığının şahidi olduq. Onda Azərbaycan televiziyasının əməkdaşı kimi o faciələri lentə köçürürdük. Köçürürdük ki, tarixin yaddaşı öləziməsin. O lentləri ölkəmizə gələn siyasilərə, turistlərə o qədər göstərmişdik ki... Amma ikili standartlar hələ heç kəsi fikrindən tam döndərə bilməyib. O yurd yerlərini yağılar yağmaladılar, düşmənlər boşaltdılar. Heç o kəndlərin itinə-atına da güzəşt etmədilər. Bağlı qalan qapı itlərinin ulaşması, hörükdə qalan kəhər atın kişnəməsi aləmi başına götürmüşdü. Ermənilər bu faciəli görüntülərə məzəli bir kino kimi baxırdılar. Bu da erməni vandalizminin yurdumuza vurduğu zədələrdən, zərbələrdən biri idi. Ömür boyu belə dərdlərin unudulmaq ehtimalı yoxdur... Adamlar zorla, əlacsız qalıb yurdundan-yuvasından didərgin düşürsə, son ucunda bunun bəraət yeri var. Amma doğma ocağını tərk edəndə gün-güzəranını arqument gətirənlərə deyiləsi sözümüz çoxdur. Özü lap çox! Əgər böyük şəhərlərdə ən kiçik işlərin qulpundan yapışmağa can atırsansa, bundan ötrü yerini-yurdunu tərk edirsənsə, deməli, kiçik maraqları böyük dəyərlərə dəyişirsən... Bütün bunların nəticəsidir ki, kiçik kəndlər boşaldıqca şəhərin tıxacları, sıxlığı artır, nəfəs almaq çətinləşir. Bir udum saf havanın qıtlığını çəkənlər tələm-tələsik şəhərdən o qədim yurd yerlərinə dönürlər. Dönürlər ki, bəlkə dönüklüklərinə əlac tapıldı...

Allah sənə qəni-qəni rəhmət eləsin, Qərib Əhmədli! Azərbaycan televiziyasının tanınmış idman icmalçısı idi. Bir dəfə mətbuat konfransından qayıdandan sonra təəssüflə dedi ki, sabahdan ərizəmi yazıb çıxıb gedəcəyəm...

Maraqlıdır ki, görəsən, nə olub? Otuz ilin idman icmalçısı doğma peşəsindən ayrılır. Laqeyd-laqeyd cavab verdi ki, kəndimizin montyor Dadaşı mətbuat konfransına gəlmişdi. Adamları sorğu-suala tuturdu. Mat-məəttəl qalmışdım. Hal-əhval tutub, kəndi-kəsəyi soruşdum. Dedi ki, Bakıya köçmüşəm. Köməkləşib bir qəzet açmışıq, birtəhər yola veririk!

Qərib müəllim bunu deyəndən sonra xeyli pərt oldu: "İlahi, gör nə günə qaldıq ki, montyor Dadaş da qəzet açır. A bala, qəzet dükan deyil, bazar deyil ki, köməkləşib işlədəsiniz?"

Qərib müəllim sözünün üstündə dayandı, doğma peşəsindən ayrıldı. Amma gedənə qədər mantyor Dadaşı lənətlədi. Bəlkə də bundan sonra montyor Dadaş nə qədər qəzetçilik etsə də, Qərib müəllimin bircə cümləsinin pərsəngi ola bilməyəcək. Yaxşı yadımdadır, Şamaxıdan Sabir poeziya günlərindən qayıdanda yazmışdı ki, bu yerlərdə iki dəfə zəlzələ olub: birini təbiət yaradıb, o birini poeziyada Sabir... Sən belə düşünürdün, belə yazırdın, bu şəhərə gərəkli adam idin. Amma axırda yerini montyor Dadaşa verdin. Belə gərəksiz dəyişmələr, aldanışlar o yurd yerlərinə çalın-çarpaz dağ çəkirdi. Qərib müəllim deyirdi ki, mən o yerlərə ona görə qayıtdım ki, heç olmasa montyor Dadaşın verə bilmədiyi işığı kənd öz ziyalısından alsın. Bəlkə də ən doğru yolu seçdin. Ömrünün son günlərini doğmalarının əhatəsində yaşadın.

Kür üstündəki o balaca kənd bəndin üstündən ovuc içi kimi görünürdü. Adam geriyə baxanda qapılardan asılan paslı qıfılları görürdü. Uçuq-sökük çəpərləri, biro çəpərlərdən boylanan qocalar görünürdü. Bu kəndi yaşadan o qocaların alqışı, bir də halallığı idi. Üzlərindən nur tökülürdü. Kənddən-kəsəkdən danışanda elə sevinirdilər ki... Biro adamların dilindən gileylər eşidirdik. Gileylənirdilər ki, bu kənd yaz axşamlarının nağıl gecələrini yalqız-yalqız keçirir. Çay süfrələrində sözün-söhbətin dadına-tamına tamarzı qalmışıq. Niyə belə oldu, ilahi?! Hər gün bu sorğulara gileyli-gileyli cavab axtarırlar. Hələ ki, bu cavablar o qədər mücərrəd görünür ki, axıradək araşdıra bilmirik.

O yerlər hər gün bizi gözləyir, gözü yolda qalan adam kimi... O yerlər övlad həsrəti ilə bir çağırış edir yurd yerinin tənhalığını qovmaq üçün.

Kür üstündəki o balaca kəndin dərdini-sərini sadaladıqca Məmməd Arazın bir misrasını xatırlayıram:

 

- Kəndim balacasan,

      çox balacasan,

Sənin ağrıların yazıya

      sığmaz!..

 

Nə yaxşı ki, son illərdə kəndə-kəsəyə qayıdış başlayıb. Hər şey təzədən canlanır. Adamlar yurduna-yuvasına isinişməyə başlayır. O balaca kəndin tanınmaz görkəmi adamı özünə cəlb edir. Ot basmış cığırlar yenidən insan həniri görür, əkin-biçin yerlərindən bar-bərəkət qoxusu gəlir. Kənd yeni görkəminə qayıdır. O yerlər bizi gözləyir...

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 23 sentyabr.- S.10.