Əhalinin sosial inkişafı sahəsində Azərbaycanın uğurları

BMT Baş Məclisinin xüsusi iclasında qeyd edilib

 

Nyu-Yorkda BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində Baş Məclisin iyirmi doqquzuncu xüsusi iclası olub. İclas 1994-cü ildə Qahirədə keçirilmiş "Əhali və inkişaf üzrə beynəlxalq konfrans"da qəbul olunmuş fəaliyyət proqramının yekunlarına həsr edilib.

BMT-nin baş katibi Pan Gi Mun iclası açıq elan edəndən sonra 10 dövlətin nümayəndələri çıxış edərək öz ölkələrində həyat səviyyəsi indekslərinin, immiqrasiya, uşaq ölümü göstəricilərinin artması və azalması, doğumun nizamlanması, qadınların təhsil alması üçün imkan yaradılması barədə statistik məlumatlar və hesabatlar təqdim ediblər.

Xüsusi iclasda Azərbaycan Respublikasını təmsil edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT üzvü olan ölkələrin missiyaları və nümayəndə heyətləri qarşısında ümumi sosial inkişafın tərəqqisi barədə hesabatla çıxış edib.

S.Müslümov çıxışında qeyd edib ki, Qahirədə fəaliyyət proqramının qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı ilk çətin illərlə eyni vaxta düşürdü. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi nəticəsində həmin dövrdə ölkədə siyasi, iqtisadisosial vəziyyət daha da mürəkkəbləşmişdi. Bu çətin vaxtda Azərbaycan Prezidenti Heydər Əliyev Qahirədə keçirilən konfransda iştirak etdi. Konfransın yekunlarına əsasən həmin forumun qəbul etdiyi fəaliyyət proqramının əhali və inkişaf üzrə bəndləri Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasına daxil edildi.

Nazirliyin rəhbəri 1995-ci ildən ölkəmizin geniş iqtisadi islahatlarla səciyyəvi olan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan qısa müddətdə sosial-iqtisadi inkişaf üzrə dünyanın aparıcı ölkələri sırasına daxil olub. S.Müslümov deyib: "BMT-nin insan inkişafı üzrə sonuncu məruzəsində Azərbaycan dünyanın 187 ölkəsi arasında 76-cı yeri tutur. Bu o deməkdir ki, Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkədir. Dünya iqtisadi forumunun məlumatlarına görə Azərbaycan qlobal rəqabət qabiliyyəti reytinqində dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutur".

Nazir daha sonra qeyd edib ki, Qahirə konfransının fəaliyyət proqramı qəbul ediləndən sonrakı iki onillik ərzində əhali və inkişaf məsələləri Azərbaycanın dövlət siyasətinin prioriteti kimi qalıb və 1999-cu ildə Azərbaycan postsovet məkanında ölkənin demoqrafik inkişafı üzrə milli konsepsiya qəbul edən ilk dövlət olub. Bu konsepsiyanın həyata keçirilməsi ölkənin demoqrafik potensialının, səhiyyənin inkişafına, təhsilin keyfiyyətinin yaxşılaşmasına, əhalinin məşğulluğunun artırılmasına, gender bərabərliyinin təmin edilməsinə, miqrasiya proseslərinin səmərəli tənzimlənməsinə şərait yaradıb.

Sonra S.Müslümov iclas iştirakçılarına statistik məlumatlar təqdim edərək vurğulayıb ki, son onillikdə ölkə əhalisinin sayı 26 faiz artıb, əhalinin illik artımı 1,3 faizə bərabərdir, körpələr və uşaqlar arasında ölüm halları, müvafiq surətdə 2,3 dəfə və 3,5 dəfə azalıb, əhalinin gözlənilən orta ömrü 4,6 il artıb və hazırda 74,2 ilə bərabərdir. Görülmüş tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 10 dəfə, işsizlik səviyyəsi 3,5 dəfə azalıb. Hazırda həmin göstəricilər müvafiq surətdə 5,3 faizə və 5 faizə bərabərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri çıxışının sonunda qeyd edib ki, Azərbaycanda demoqrafik siyasət dövlət prioritetidir və ölkə rəhbərliyi 2025-ci ilə qədər olan dövr üçün əhali və demoqrafik inkişaf üzrə yeni dövlət proqramı qəbul edib, BMT-nin Əhali Fondu ilə sıx əməkdaşlıq davam edir.

Səlim Müslümov AzərTAc-a müsahibəsində qeyd edib ki, 1994-cü ildə Azərbaycanda mürəkkəb vəziyyət yaranmasına baxmayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qahirə konfransında iştirak etməsi və həmin konfransda fəaliyyət proqramının qəbul edilməsi ölkə rəhbərliyinin demoqrafik inkişaf məsələlərinə vaxtında maraq göstərməsinin rəmzidir. Konfransdan sonra BMT Əhali Fondu Bakıda öz ofisini açdı. Həmin ofis bu gün də fəaliyyət göstərir. İyirmi il ərzində fond Azərbaycanda dörd istiqamət üzrə aparıb: 1) ailə planlaşdırılması və reproduktiv sağlamlıq; 2) əhalinin ümumi inkişafı; 3) gender bərabərliyi; 4) ictimaiyyətin bu üç bənd üzrə məlumatlandırılması və öyrədilməsi. Fəaliyyət proqramının əsas məqsədi kəmiyyət göstəriciləri üzərində deyil, keyfiyyət göstəriciləri üzərində cəmləşir. Başqa sözlə desək, dünyanın müxtəlif ölkələrində əhalinin inkişaf sürətinin yüksək olmasına baxmayaraq, sonrakı illərdə ölüm göstəricisinin yüksək olması, əhali üçün tibbi xidmətlərin yetərincə təmin edilməməsi, qadınlara qarşı zorakılıq, kişilərlə qadınların hüquq bərabərliyinin olmaması arzuedilməz hallara gətirib çıxarır və bu proqram belə meyillərin yaxşılığa doğru dəyişməsinə yönəlib. Son on ildə Azərbaycanın iqtisadi nailiyyətləri və sosial inkişafı üzrə müvafiq dövlət proqramları əhalinin rifahının yüksəldilməsinə yönəlib, bu da öz növbəsində, ölkədə insan inkişafı indeksini artırır. Səlim Müslümov vurğulayıb: "Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət başqa ölkələr üçün nümunə ola bilər".

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

 Nyu York

Azərbaycan.-2014.- 24 sentyabr.- S.10.