Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir

 

 

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun bu günlərdə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev və Türkiyənin Baş naziri arasında keçirilən görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq bir daha ifadə edildi. Yüksək səviyyədə təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu, regional, beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasihüquqi imkanlar yarandı. Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açmışdır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Türkiyə Baş nazirinin Azərbaycana rəsmi səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlikiqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha sıx birləşməyə sövq edir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük

20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir.

Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin inkişafını belə xarakterizə edib: "Bu gün biz təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Çünki bizim xalqlarımız qardaş xalqlardır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuqbu gün iki müstəqil dövlət kimi əlbəttə ki, öz gələcəyimizi birgə qururuq. Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqələrimizin səviyyəsini əyani şəkildə göstərir.

Bu gün biz, eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Sərmayə qoyuluşu baxımından Türkiyə və Azərbaycan burada qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk".

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünyaAvropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxarıb. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizin xaricə böyük həcmdə investisiya yatırmasına da əlverişli imkan yaradıb. Türkiyənin İzmir şəhərində AYPET zavodunun açılışı, Heydər Əliyev adına Peşə Təhsil Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasiminin keçirilməsi deyilənlərə əyani misaldır. "SOKAR-TURKAS" birgə müəssisənin Petkim yarımadasında inşa edəcəyi "Star" neft emalı zavodu 5 milyard dollarlıq sərmayəsi ilə Türkiyədə və dünyada bir müəssisəyə qoyulan ən böyük sərmayə xüsusiyyətini daşıyır. Bu müəssisə inşaat mərhələsində 10 min nəfərə, 2015-ci ildə istifadəyə veriləndə 1000 nəfərə daimi işləmək imkanı yaradacaq. Transanadolu, Transadriatik və "Şahdəniz-2" layihələrinin uğurlu icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layihələr həm  iqtisadi, həm də siyasi maraqlarımızı təmin edəcək. Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev son 10 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Ölkələrimiz arasında əlaqələr sadəcə enerji sahəsində əməkdaşlıqla məhdudlaşmayıb, digər sahələri də əhatə edir. Türk adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Hazırda respublikamızda 230-dan artıq türk şirkəti fəaliyyət göstərir, həmin şirkətlərdə 30 mindən çox Azərbaycan vətəndaşı çalışır. Ölkəmizdə fəaliyyət göstərən türk adamlarının 1994-cü ildə yaratdıqları Türkiyə Sənayeçi İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir.

Strateji müttəfiq olan Türkiyə və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Rəsmi Bakı qondarma "erməni soyqırımı" məsələsində Türkiyənin haqlı mövqeyini daim müdafiə edir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə bədnam qonşularımızın "soyqırımı" iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlət başa düşür. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcək.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmsil etdiyi ölkəsinin mövqeyini bir daha bəyan etdi: "Türkiyə Respublikasının Baş naziri olaraq bir daha burada, Bakıda bütün Türkiyə xalqını da təmsil edərək söyləyirik ki, Azərbaycan torpaqlarının hər bir kvadratsantimetri azad olunanadək Türkiyə Azərbaycanın apardığı mübarizədə yanında olacaqdır. Bunu beynəlxalq hüquq belə söyləyir. Beynəlxalq hüququn tələbləri yerinə yetirilənə qədər Türkiyə ilə Azərbaycan bölgəni sülh bölgəsinə çevirmək üçün çiyin-çiyinə səy göstərəcəkdir. Azərbaycan əleyhinə ola biləcək hər cür mənfi münasibət Azərbaycanda olduğu qədər Türkiyədə də eyni etirazla qarşılanacaq. Bu baxımdan iyul ayında cəbhə xəttində şəhid olan qardaşlarımıza rəhmət diləyirəm. Onlar qürurlu Azərbaycan üçün şəhid oldular. Yaralananlara isə şəfa diləyirəm. Mən də bilavasitə xəstəxanaya gedərək Türkiyəyə apardığımız qardaşlarımızı ziyarət etdim, onlarla qucaqlaşdım. O qazilərimizə də şəfalar diləyirəm. Azərbaycanın ürəyinə düşən ən kiçik atəş Türkiyənin ürəyinə düşmüş deməkdir. Bunu bir daha buradan bəyan etmək istəyirəm".

Türkiyə regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyənin Baş nazirinin ölkəmizə rəsmi səfərinin yekunları dövlətlərimiz arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 25 sentyabr.- S.2.