Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir

 

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, konfransın keçirilməsində məqsəd Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və perspektivlərin müəyyənləşdirilməsidir.

Tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın nümayəndə iştirak edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov konfransda çıxış edərək son on ildə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən dövlət qulluğu sahəsində həyata keçirilən islahatlardan, əldə edilən uğurlardan danışıb.

O deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi baxımından “ASAN xidmət” yaradılıb və bu, ən uğurlu modellərdən biridir. “ASAN xidmət” vasitəsilə müxtəlif dövlət orqanları mərkəzləşmiş formada vətəndaşlara keyfiyyətli xidmət göstərir.

Gün ərzində iki mindən çox vətəndaş “ASAN xidmət” mərkəzlərinə müraciət edir. Ötən 20 ay ərzində 3 milyon insan bu xidmətlərdən faydalanıb və istifadəçilərin 98 faizi məmnun qalıb.

Avropa Şurasının demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, bu konfrans dövlət xidmətlərində əldə edilmiş təcrübəni bölüşmək baxımından yaxşı imkan yaradır. Burada nüfuzlu ekspertlər iştirak edirlər, müzakirə olunan mövzu da çox aktualdır. A.Zardi qeyd edib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ölkənin çox önəmli tədbirlərin iştirakçısı olmasına və müxtəlif sahələrdə əldə etdiyi təcrübələri digər dövlətlərlə bölüşməsinə şərait yaradır. O, dövlət xidmətlərinin mərkəzləşmiş qaydada göstərilməsinin yaxşı təcrübə olduğunu vurğulayıb.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə şöbəsinin əməkdaşı Vüsal İsayev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində aparılan islahatlar haqqında danışıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti “ASAN xidmət”in imkanlarından istifadə edirbu model cəmiyyətdə çox məmnunluqla qarşılanır. Buna görə də “ASAN xidmət” mərkəzlərinin sayı getdikcə artırılır.

ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən qeyd edib ki, Azərbaycan istər dövlət, istərsə də özəl sektorda çox böyük islahatlar həyata keçiriryeni təcrübələr əldə edir. Bu konfrans təcrübə mübadiləsi aparmaq, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı əldə olunmuş nailiyyətləri paylaşmaq, vətəndaşlara xidmət sahəsində şəffaflığın, onlarda məmnuniyyətin təmin edilməsi yollarına fikir mübadiləsi aparmaq üçün gözəl şərait yaradır.

 

Azərbaycan.-2014.- 25 sentyabr.- S.4.