Vətənin obrazını canlandıran bir romans haqqında düşüncələr

 

Şiş ucları buludlarla döyüşən

Dağlarında buzları var ölkəmin.

 

Bu beyt böyük sənətkar Cəfər Cabbarlının "Ölkəm" adlı şeirinin ilk misralarıdır. Onlarla tanışlığımın tarixi ötən əsrin 60-cı illərinin axırlarına gedib çıxır. Orta məktəbin 9-cu sinfində oxuyurduq. Dil və ədəbiyyat müəllimimiz həmin misraları yazı lövhəsinə yazıb, bizə o cümləni sintaksis təhlil etməyi, yəni, mübtədasını, xəbərini ayırmağı tapşırdı. O gündən bu sirli-sehirli misralar mənim yaddaşıma həmişəlik həkk olundu. Şeiri Qəni müəllimdən alıb oxudum və sonralar radioda, televizorda istedadlı bəstəkar Asəf Zeynallının bu şeirə bəstələdiyi eyniadlı romansı dönə-dönə dinlədim və dinlədikcə də onun sözlərinə, musiqisinə heyran oldum.

Elə indi də belədir, hər dəfə bu məşhur romansa qulaq asanda məni həzin duyğular ağuşuna alır, ruhuma sığal çəkir, mənə elə gəlir ki, səmanın ənginliklərində süzən bir ley quşunun qanadlarındayam və oradan ölkəmizin  rəngarəng mənzərələrini seyr edirəm və ürəyimdə bu zövqü mənə və minlərlə digər insanlara bəxş edən dahi sənətkarlara  minnətdar oluram.

İnternet səhifələrində də təsadüfən romansın tarixçəsi ilə bağlı Aliyə Haqverdinin bir yazısını oxudum və xeyli maraqlı məlumatlar əldə etdim. Sən demə, şeiri C.Cabbarlı cəmi 20 yaşında (1919-cu ildə), A.Zeynallı isə romansı 19 yaşı olanda (1928-ci ildə) yazıbmışlar. Hər ikisi gənc ikən dünyalarını dəyişsələr də, xalqımız üçün əvəzsiz xidmətlər göstərmiş və ədəbiyyatımızın, musiqimizin inciləri sayıla biləcək əsərlər qoyub getmişlər.

Və mənim üçün bir məlumat da çox gözlənilməz oldu: şeir altı bənddən ibarət imiş, amma sonuncu iki bənd sovet ideologiyasına uyğun gəlmədiyi üçün onu heç vaxt oxumayıblar. Budur o bəndlər:

 

Yanar dağlarında yalov coşarmış,

Ona tapınmaya ellər qoşarmış,

Bir çağ varmış, ölkəm azad yaşarmış,

Bu yollarda izləri var ölkəmin.

 

İpəyindən qızlar çadra geyərlər,

Ölkələrin azad görmək dilərlər,

Bu yerləri bütün ellər sevərlər,

Yalnız bizdə gözləri var ölkəmin.

 

Həqiqətən, şeirin bu bəndlərində keçmiş sovet ideologiyasına zidd fikirlərin yer aldığı göz qabağındadır və bu səbəbdən həmin misralara qadağa qoyulması o dövrün ab-havasına tam uyğun idi. Misralarda xalqımızın qədimlərdə oda sitayiş etməsinə, tarixən azad yaşamasına, sonralar işğala məruz qalmasına, lakin ölkəsini azad görmək istəyinə və s. bu kimi işarələrin olması,  müstəqillik ideyalarının təbliği, xalqın oyadılması  kimi anlaşıla bilərdi.

Misraların siyasi məna çalarlarını bir tərəfə qoyub, diqqətimizi şeirdəki təbiət mənzərələrinin təsvirinə yönəltmək istərdim. Məni bir mütəxəssis - geoloq kimi özünə cəlb edən məqamlardan biri də məhz budur. Böyük sənətkar Vətənin təbiətini, torpağını təsvir və tərənnüm etməklə bərabər, həm də onların gerçək mənalarını poetik ifadələrlə oxucuya çatdırmaq istəyir. Dolğun informasiya yüklü bu ifadələr isə böyük dramaturq kimi tanıdığımız C.Cabbarlını, nəinki Azərbaycan dili və ədəbiyyatını dərindən bilən şair, onu Vətənin tarixi, coğrafiyası, hətta deyərdim, iqtisadiyyatı, təbiəti, fauna-florası haqqında da hərtərəfli biliyə malik vətənpərvər bir ziyalı kimi dəyərləndirməyə əsas verir. O, qısa ömrü ərzində ədəbiyyatın və incəsənətin müxtəlif janrlarında neçə-neçə uğurlara imza atmışdır: tərcüməçi kimi dünya klassiklərinin (Şekspir, Şiller, Tolstoy və b.) bir neçə əsərini Azərbaycan dilinə tərcümə etmiş, jurnalist kimi qəzet və jurnallara məqalələr, ssenarist kimi kinolara ssenarilər yazmış, rejissorluq etmiş və hətta  bəstəkar kimi özünün yazdığı bir neçə şeirə mahnı da bəstələmişdir ("Mən bir solmaz yarpağam ki", "Azad bir quşdum" və s.).

"Ölkəm" şeirinin ilk misralarında dağların təsvirinə fikir verin. Böyük ədib "Şiş ucları buludlarla döyüşən" ifadəsi əvəzinə, bəlkə daha sakit, mülayim, məsələn, "Zirvələri buludlarla görüşən" və ya "öpüşən" kimi ifadələr işlədə bilərdi, amma işlətməyib, çünki "şiş uclar" qılınca, oxa, nizəyə və dolayısı ilə xalqın azadlıq uğrunda mübarizliyinə, döyüş əzminə, iradəsinə işarədir. Bu, eyni zamanda, C.Cabbarlı ruhuna yaxın cavanlığa, üsyankarlığa bir işarədir. İkinci misradakı "Dağlarında buzları var" ifadəsinə diqqət edin: "buzları" sözünü "qarları"  kimi də yaza bilərdi, onun üçün sonrakı bəndlərdə qafiyə problemi ola bilməzdi, amma yazmayıb, çünki buz yumşaq, tez əriyən qara nisbətən bərklik, şəffaflıq, təmizlik, dözümlülük nümunəsidir və bütün il ərzində ancaq çox hündür dağların zirvəsində olur. Qafqaz, o cümlədən Azərbaycan ərazisinin daxil olduğu mülayim iqlim qurşağı üçün bu hündürlük təxminən 4000 metrə bərabərdir. Ölkəmizdə 3-4 belə hündür dağ var və hamısı Böyük Qafqaz silsiləsinin cənub-şərq davamında Dağıstanla sərhədə yaxın ərazidə yerləşmişlər - Bazardüzü (4448 m), Şahdağ (4263 m), Tufandağ (4181 m) və bir də Cənubi Azərbaycanda Savalan dağı (4811 m). Yüksəklikləri 3000-4000 metr arasında dəyişən dağlarda (Babadağ, Murov, Qoşqar, Dəlidağ və s.) isə qar örtüyü, adətən, yay aylarına qədər qalsa da, yayda tamam əriyib qurtarır və payızın axırlarından etibarən yeni qar örtüyü əmələ gəlməyə başlayır. Orta məktəbdə keçilən "Coğrafiya" dərsliyindən bilirik ki, dağlarda yüksəkliyə qalxdıqca, təxminən hər 100 metrdən bir havanın temperaturu bir dərəcə aşağı düşür, yəni, yayda aran yerlərində 40 dərəcə isti olanda, Şahdağın zirvəsində 2-3 dərəcə şaxta olur. Ona görə də həmin zirvələrdə qar örtükləri heç vaxt əriyib yox olmur, illərlə üst-üstə yağan qar qalın buz  təbəqələrinə çevrilir ki, buna da elmi dildə "buzlaqlar" deyilir. Dünyada ən böyük buzlaqlar hündürlükləri 7000 metrdən çox olan Himalay, Pamir və And dağlarının zirvələrində qeydə alınmışdır. Bu dağlar, o cümlədən də bizim dağların da daxil olduğu Qafqaz dağları Alp qırışıq əmələgəlmə prosesinin son məhsulları kimi geoloji tarixin ən cavan dağları hesab edilir və onlar inkişaflarını başa vurmuş qoca dağlara (Ural, Appalaç və s.) nisbətən öz əzəmətli görkəmləri, hündür, şiş uclu və qarlı-buzlu zirvələri ilə fərqlənirlər. Böyük ədib başqa cür də yaza bilməzdi, o, həmin misralarla dağların timsalında xalqın ucalığını, vüqar və əzəmətini göstərmiş və öz azadlığı uğrunda düşmənə qarşı döyüşə həmişə hazır olduğunu vurğulamışdır.

Şeirin 4-cü və 5-ci bəndlərinin birinci misraları da çox diqqətçəkəndir. "Quzğun dəniz oynar ayaqlarında" cümləsinə baxın. Böyük ədibin dənizin xarakterini "mavi", "coşqun" kimi nisbətən sakit,  təkrarlanmış və ya "azğın", "qızğın" kimi  kəsərli sözlərlə deyil, məhz "quzğun" sözü ilə ifadə etməsi nədən xəbər verir? Bu, ya Xəzər dənizinin qədim adlarından birinin "Quzğun" olmasına, ya da Xəzərin ilin əksər vaxtlarında hədsiz aqressivliyinə işarə ola bilər. Digər ifadə - "oynar ayaqlarında" ifadəsilə dənizin timsalında torpaqlarımıza göz dikən (şeirin axırıncı misrasına diqqət edin) quzğun xislətli düşmənlərin sonucda Azərbaycanın ayaqları altında qalacağına şair inamı ifadə edilmişdir.

Və ya "Yanar dağlarında yalov coşarmış" cümləsinə fikir verin. Sadə sözlərlə, kiçik bir cümlə ilə şair böyük, əhəmiyyətli mənanı - Azərbaycanın odlar, alovlar yurdu, elmi dillə desək, vulkanlar ölkəsi,  təbii qazla, neftlə zəngin bir ölkə olduğunu vurğulamışdır. Palçıq vulkanlarının da bir çox hallarda odla-alovla püskürməsi və ölkəmizin bəzi məntəqələrində (Suraxanı, Yanardağ, Xınalıq və s.) təbii qazın dərin çatlarla Yer səthinə çıxaraq alovlanması elmə çoxdan məlumdur.  Azərbaycan ərazisində geoloqlarımız tərəfindən 350-yə yaxın palçıq vulkanı aşkar edilib qeydiyyata alınmışdır ki, bu da dünyadakı belə tip vulkan sayının təxminən tən yarısı deməkdir.

Göründüyü kimi, C.Cabbarlının "Ölkəm" şeiri ədəbi, tarixi və elmi bilgilərlə zəngindir və yuxarıda söylənilənlər onların kiçik bir qismidir. Bu şeir sevimli xalq şairi Səməd Vurğunun, ustad M.Şəhriyarın "Azərbaycan", Almaz İldırımın "Azərbaycan, mənim baxtsız anam oy..." şeirləri ilə bərabər vətən, ölkə haqqında yazılmış poetik əsərlər sırasında öz layiqli yerini tutmaqdadır. Vətən mövzusunda müxtəlif şairlər tərəfindən ayrı-ayrı illərdə yüzlərlə şeir yazılmış, lakin bir şeirdə vətənin tarixini, coğrafiyasını, təbiətini, etno-kulturoloji və s. xüsusiyyətlərini  əks etdirmək hər sənətkara nəsib olmamışdır. C.Cabbarlı da bu baxımdan bəxti gətirənlər sırasında hesab edilə bilər. O, ədəbiyyatımızda çox ünlü dramaturq kimi tanınsa da, yazdığı poeziya nümunələri ilə Azərbaycan şeirində öz sözünü deməyi bacarmışdı. Bu baxımdan onun "Ölkəm" şeiri öz lirikası, zəngin məna çalarları, informasiya yüklülüyü və ən əsası, coşqun vətənpərvərliyi ilə xüsusi seçilir.

Bəs nədən gənc bəstəkar bu şeirə müraciət etmiş və ona o dövr Azərbaycan üçün yeni olan klassik Avropa janrında musiqi bəstələməyə qərar vermişdir, bu, bir təsadüf idimi? Ümumiyyətlə, romans janr etibarı ilə lirik, əsasən məhəbbət məzmunlu kiçik həcmli şeirlərə yazılmış vokal əsərləri kimi tanınır və ilk dəfə şeir kimi XV-XVI əsrlərdə İspaniyada, Fransada meydana gəlmiş  sonralar bütün Avropaya yayılmışdır. Həmin əsərlərdə, adətən, konkret bir şəxsin qəhrəmanlıqlarından, onun sevgi macəralarından və iztirablarından bəhs edilir. İlk baxışda romans janrının ruhuna uyğun gəlməyən bu şeirə A.Zeynallının müraciət etməsi, təbii ki, bir təsadüf sayıla bilməz. Əvvəla, hər iki sənətkar bir-birini yaxından tanıyırdı və yaradıcılıqları bir-birinə bəlli idi. İkincisi,  şeirdə olan lirizmlə yanaşı, onun üsyankarlıq, döyüşkənlik və azadlıq ruhu konkret qəhrəmanın Azərbaycan ölkəsi, Azərbaycan xalqı olması ehtimalını istedadlı bəstəkar sezməyə bilməzdi. Nəticədə iki vətənpərvər  istedad sahibinin əməyi ilə möhtəşəm bir əsər - "Ölkəm" romansı yarandı.

Kimlər oxumayıb bu romansı?!  Dahi Bülbül, musiqi sənətimizin korifeyləri:  Firəngiz Əhmədova, Lütfiyar İmanov, Gülağa Məmmədov, Fidan və Xuraman Qasımova bacıları və neçə-neçə tanınmış sənətçilər - Sona Aslanova, Rauf Atakişiyev, Mobil Əhmədov, Rauf Adıgözəlov, Yaşar Səfərov, Azər Zeynalov və başqaları. Hərəsinin özünəməxsus səsi, ifa tərzi olsa da, hamısı gözəldir, könül oxşayandır. Çünki musiqi gözəldir, sözlər dəyərlidir. Mənbələrdə onların əksəriyyətinin ifasında romansın qızıl fondda saxlanıldığı bildirilir.

"Mətndə və bu romansın musiqisində Azərbaycanın obrazı əks edilib". Razıyam, bu, doğrudan da, belədir. Əgər S.Vurğunun "Azərbaycan" şeiri Vətənin qısaca ensiklopediyasıdırsa, C.Cabbarlının və Asəf Zeynallının "Ölkəm" şeiri-romansı onun obrazıdır, portretidir.

Bu ecazkar romansın yazılmasından bir əsrə yaxın zaman keçməsinə baxmayaraq, ifaçılarımızın repertuarında hələ də qalmaqdadır və mən əminəm ki, uzun illər belə davam edəcək, neçə nəsil insanlara zövq verəcək, onları öz tilsimli aurasına qərq edəcəkdir.

 

Rəşid FƏTƏLİYEV,

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsi müdirinin müavini, geologiya-mineralogiya elmləri namizədi

Azərbaycan.-2014.- 25 sentyabr.- S.6.