Azərbaycan BMT-nin İnkişaf Proqramı

 ailəsinin fəal və faydalı üzvlərindəndir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edib, yaxın günlərdə Bakıya edəcəyi səfərin əhəmiyyətini vurğulayıb. H.Klark Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, respublikamızın inkişaf səviyyəsindən və beynəlxalq aləmdə fəal rol oynamasından məmnunluğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov H.Klarkın Azərbaycana səfərinin BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli olduğunu deyib. O əlavə edib ki, rəsmi Bakı humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə kömək etmək məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaradıb və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. Nazir indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb.

H.Klark Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyib, bu sahənin BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 2.