Bakıda 20-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılıb

 

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2014”) açılıb.

AzərTAc xəbər verir ki, Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyənin sürətlə inkişaf etdiyini deyib. Bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. Nazir müavini bildirib ki, Azərbaycanda əhalinin sağlamlığına olduqca böyük diqqət yetirilir. Son 6 ildə ölkəmizdə 500-dən artıq səhiyyə müəssisəsi və müalicə-diaqnostika mərkəzi tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi bunu təsdiq edir.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ölkənin dinamik inkişafından danışaraq bütün bunların ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir olduğunu bildirib. Qeyd edib ki 20-ci dəfə keçirilən beynəlxalq “BİHE” sərgisi Azərbaycanın daima artan iqtisadi qüdrətinin bariz nümunəsidir.

Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva və “İteca Caspian” şirkətinin icraçı direktoru Edvard Strou sərginin əhəmiyyətindən danışıblar.

Məlumat verilib ki, bu il sərgi öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Bu iyirmi il ərzində “BIHE” sərgisi yeni tibbi texnologiyaların tətbiqinə böyük töhfə verməklə yanaşı, dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, klinika rəhbərləri, təcrübə keçən həkimlər və tibb sənayesində çalışan mütəxəssislərin mühüm görüş yerinə çevrilmişdir. Bu illər ərzində sərgidə dünyanın 45 ölkəsindən 2000-dən artıq şirkətin iştirakı ilə yanaşı, çoxsaylı müqavilələr imzalanıb və birgə müəssisələr təsis edilib. Sözügedən sərgi sayəsində bazara müasir texnologiyalaryeni məhsullar gətirilib.

Diqqətə çatdırılıb ki, builki “BIHE” sərgisi onun yubileyinə həsr edilmiş tədbirlər proqramı ilə seçilir. Bu il Azərbaycan Tibb Universitetinə ən yüksək balla daxil olan tələbəyə xüsusi mükafatın təqdim edilməsi bu tədbirlərdən bir olacaq. Həmçinin, ziyarətçilər və iştirakçılar sərginin keçirildiyi 20 il ərzində onun tarixi anlarını əks etdirən yubiley stendi sayəsində keçmişə virtual səfər edə biləcəklər. Beləliklə, “BIHE-2014 ” sərgisi bundan sonra da tibb sənayesində çalışan peşəkarların ünsiyyəti üçün səhiyyə sahəsinin əsas hadisəsi, habelə tibdə yeniliklər, müalicə metodikası və aparıcı texnologiyaların nümayişi baxımından ideal görüş yeri olacaq.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

“BIHE-2014” sərgisində dünyanın 17 ölkəsindən 147 şirkət müasir səhiyyə sektoru üçün zəruri olan ən yeni məhsullarını nümayiş etdirirlər. Bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və digər ölkələr yer alır. Sərgidə nümayiş etdirilən tibbi məhsul və xidmətlərin geniş spektrinə tibbilaboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnikas. daxildir.

“BIHE-2014” sərgisi ilə paralel keçirilən 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik TibbBeauty Azərbaijan 2014” sərgisində kosmetika bazarının lideri olan peşəkar şirkətlər gözəllik salonları, SPA mərkəzləri və fitness-klublarda geniş istifadə edilən məhsul və texnologiyalarını təqdim edirlər. Sərgi ekspozisiyasında lazer kosmetologiya avadanlıqları, aşqarlar, mezoterapiya məhsulları, doldurucular, peşəkar kosmetika, bədənə qulluq məhsulları, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq vasitələri, ətriyyat, saçlar üçün peşəkar kosmetikabir çox digər məhsullar var. Sərgi ziyarətçiləri öz sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri, habelə saçın modelləşdirilməsi, manikür, eləcə də dəriyə qulluq proseduraları üzrə nümayişlər zamanı məhsullarla yaxından və bilavasitə təcrübədə tanış olurlar.

9-cu “Stomatology Azerbaijan-2014” sərgisində isə stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materialları, implantologiya və dişlərin ağardılması sahəsində yeni texnologiyalar və ağız boşluğunun gigiyenası vasitələrini nümayiş etdirilir.

Beləliklə, üç günü ərzində sözügedən sərgilər köhnə tərəfdaşların, eləcə də həkimlərin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulması, habelə bazarın qiymətləndirilməsi, perspektivli müqavilələrin imzalanması və sərmayələrin yatırılması baxımından əla imkanların yaradılmasına öz töhfəsini verəcək. Sərgilərdə əldə edilmiş yeni biliklər və təcrübə mübadiləsi ölkədə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətinin artırılmasına və estetik tibbin inkişafına kömək edəcəkdir.

Hər üç sərgi öz işini sentyabr 27-də yekunlaşdıracaqdır.

 

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 6.