“Qaytağı “ instrumental
ansamblı fransız
tamaşaçıları
qarşısında çıxış edib
Azərbaycan
mədəniyyətini, zəngin mədəni irsini
fransızlara yaxından tanıtdırmaq üçün Heydər
Əliyev Fondunun təşkilatçılığı və
ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə
Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil
olunan “Azərbaycan şəhərciyi” çərçivəsində
keçirilən mədəni tədbirlərin altıncı
günü “Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin “Qaytağı”
instrumental ansamblı fransız tamaşaçılar
qarşısında çıxış edib.
Respublikanın
Əməkdar Artisti Ənvər Sadıqovun rəhbərlik
etdiyi ansamblın ifasında müxtəlif musiqi nömrələri
ifa olunub. Ansamblın müşayiəti ilə Əməkdar
Artist Abbas Bağırovun ifa etdiyi mahnılar
tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
Tamaşaçı
xanım Süzan Kabare ansamblın ifasından
aldığı təəssüratları AzərTAc-la
bölüşüb: Azərbaycan musiqisini dəfələrlə
dinləmişəm. Musiqinizin həzinliyi, ürəyə
yatımlığı adamı sehrli bir aləmə
aparır. Sözləri başa düşməsəm də
musiqinin mənalı olduğunu dərk edirəm. Musiqinin
özü qəlbləri oxşayırsa, ifa edilən
mahnıların sözləri bir o qədər də əhəmiyyət
kəsb etmir. Müxtəlif vaxtlarda Azərbaycanla bağlı
iştirak etdiyim tədbirlərdə dinlədiyim caz konsertləri,
simfonik orkestrin, rəqs qruplarının
çıxışları məndə belə qənaət
yaradıb ki, Azərbaycan incəsənət adamları ilə
zəngin bir ölkədir. Məmnuniyyətlə belə bir
ölkəyə səfər edərdim.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 7.