Biləsuvar: hər tərəfdə yüksəliş var

 

İndi həyat elə sürətlə inkişaf edir ki, dünən yaradılanlar, qurulanlar bu gün bizə sadədən də sadə görünür. Elə bil gözümüzü açıb bunları belə görmüşük. Bəlkə insanın xislətindən, onun daim irəliyə, inkişafa can atmasından doğan keyfiyyətdir bu. Müstəqilliyimizin cəmi iyirmi üç yaşı var.

Tarixə nəzər salsaq görərik ki, bu qısa zaman kəsiyində qərinələrə bərabər yol keçilmişdir. Əlbəttə, ucaldılan binaların, çəkilən yolların, salınan körpülərin, tikilən məktəblərin, uşaq bağçalarının, müalicə-diaqnostika mərkəzlərinin, olimpiya idman komplekslərinin, sənaye müəssisələrinin hər birinin arxasında düşünülmüş siyasət, gərgin əmək, güclü maliyyə mənbəyi dayanır. Bu günlər 20 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi" ölkəmizin inkişafında lokomotiv rolunu oynadı. Ulu öndər Heydər Əliyev aydın görürdü ki, Azərbaycanın gələcək taleyi neft layihəsinin icrasından asılıdır. Bütün məsələləri dərindən, müdrikcəsinə təhlil edən siyasət nəhənginin dediyi "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" sözləri yolumuza işıq saldı və illər keçdikcə ölkəmiz yeni-yeni uğurlara imza atdı. Bu tərəqqi hazırda daha mühüm mərhələdədir. Xarici ölkələrdən gələn qonaqlar doğma Bakımızın hüsnünə, burada həyata keçirilən quruculuq işlərinə heyran olduqlarını bildirirlər. Ordu quruculuğu sahəsində aparılan məqsədyönlü tədbirlər işğal altında qalan torpaqlarımızın azad olunması gününü yaxınlaşdırır. Bu gün respublikamız bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Sentyabrın 20-də imzalanan Cənub Qaz Dəhlizi müqaviləsi uğurlarımızın davamlı olacağını bir daha təsdiqləyir. Bütün bunlar hər birimizin qəlbini fərəhləndirir və sonsuz sevinc hissi ilə doldurur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrimiz gündən-günə inkişaf edir. Aparılan tikinti-quruculuq, abadlıq işləri nəticəsində rayon mərkəzləri öz görkəmini dəyişərək təzə dona bürünür. III Dövlət Proqramı ilə əlaqədar hazırda qəsəbə və kəndlərə qaz, su xətləri, avtomobil yolları çəkilir, digər infrastruktur layihələri həyata keçirilir. Yeni iş yerləri açılır, insanların rifah halı durmadan yaxşılaşır. Bu inkişafı, tərəqqini Muğan rayonu Biləsuvarın da timsalında aydın görmək olur.

 

Yenidən qurulan şəhər

 

Hər ötən an, saat, gün, ay, il tarixdir. Tarixdə öz sözü, əməli, əməyi ilə iz qoyan isə insandır. Kim bilir, bu qədim torpaqda insan nə vaxt məskən salıb? Seçdiyi boz səhrada yaşamağa başlayandan isə alın təri ilə onu şəkildən-şəklə salıb. Mal-qara saxlayıb, əkib-becərib. Adamlar, ailələr artıb, çoxalıb. Dünyaya gələn hər yeni nəsil qoynunda göz açdığı, havasını udduğu, çörəyini yediyi, suyunu içdiyi elə-obaya nəsə bəxş edib. Biri az, biri çox. Beləcə zaman çay kimi axıb keçib, sular gah bulanıb, gah durulub. Özünün əməksevər adamları, qədirbilən insanları, bərəkətli torpağı ilə seçilən bu diyarın adı da repressiyaya məruz qalıb, "Puşkin" adlandırılıb. Müdriklərin dediyi kimi, hər şeyi yerbəyer edən, öz yoluna qoyan zamandır. Dövlət müstəqilliyimiz bərpa olduqdan sonra Biləsuvarın tarixi adı özünə qaytarıldı. Yeni ictimai-iqtisadi sistem ilk dövrdə müəyyən çaşqınlıq, çətinlik yaratsa belə, adamlar ruhdan düşməyiblər. Çalışıblar, qurublar, yaradıblar. Son 3-4 ildə isə rayonda baş verən yeniliklər ölçüyəgəlməzdir. Çəkinmədən demək olar ki, Muğan rayonu Biləsuvar heç vaxt belə abad olmamışdır. Bakı-Astara magistral şose yolu ilə üzü cənuba doğru gedərkən Biləsuvar rayonu ərazisindəki ilk yaşayış məntəqəsi diqqəti cəlb edir. Bu, Xırmandalı kəndidir. Sovetlər birliyi zamanında alman inqilabçısı E.Telmanın adını daşıyan kolxoz burada yerləşib və həmin təsərrüfata uzun müddət pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Həsənova rəhbərlik edib. Bir neçə il bundan əvvəl çəkilən dolama magistral şose kəndin inkişafına müsbət təsir göstərib. Yol boyunca yeni müasir evlər tikilib, bağ-bağat salınıb. İrəlidə isə yolayırıcı dairə yerləşir. Dairədən sağa dönüb Heydər Əliyev prospekti ilə Biləsuvar şəhərinin mərkəzinə doğru irəlilədikcə inkişafın buradakı nailiyyətləri kino lenti kimi bir-bir göz önündən keçir. Prospekt boyunca sıralanan Olimpiya İdman Kompleksinin, Milli Bankın, orta təhsil liseyinin, rayon maliyyə idarəsinin yeni tikilmiş binaları, Heydər Əliyev Parkı, əsaslı şəkildə təmir edilən yaşayış evləri, ticarət şəbəkələri, piyada səkiləri, işıqlandırma sistemi yenidən qurulan şəhərə xüsusi görkəm verir. Prospektin genişləndirilərək asfaltlanması avtomobillərin sərbəst və təhlükəsiz hərəkəti üçün imkan yaratmışdır. Yenidən qurulan küçələr Biləsuvarı daha da müasirləşdirir, daha abad və yaraşıqlı edir. Şəhər öz görkəmini son vaxtlar tamam dəyişmişdir. Buradakı hasarlar, dükanların, fərdi yaşayış evlərinin fasad hissələri nəfis şəkildə müxtəlif daşlarla bəzədilib. Hər evin həyətindəki giriş darvazaları taxtadan milli üslubda düzəldilibdir. Şəhərin mərkəzi isə Avropa şəhərlərinin bir guşəsini xatırladır. Xüsusi layihə və zövqlə inşa edilən rayon icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının binaları burada yerləşir. Geniş meydanın bir tərəfində ümummilli liderin mərmərdən yonulmuş heykəli ucaldılmışdır. Digər tərəfdə isə dövlət bayrağımız əzəmətlə dalğalanır. Fəvvarə, yaşıllıq, nadir növ dekorativ ağaclar, işıqlandırma lampaları buradakı əzəmətə, görkəmə yeni rəng qatır. Bu meydan rayon əhalisinin sevimli istirahət yeridir. Ata-analar öz övladları, baba-nənələr isə nəvə-nəticələri ilə hər gün bura gəlib istirahət edirlər. Gənclər, məktəblilər dəstə-dəstə Heydər Əliyev Mərkəzinə daxil olaraq burada fəaliyyət göstərən kurs və dərnəklərdə məşğul olur, öz bilik və bacarıqlarını artırır, müxtəlif peşələrin sirlərini öyrənirlər.

Biləsuvarda tikinti-quruculuq işləri davam edir. Rayon mərkəzi xəstəxanasında əsaslı təmir işləri başa çatmaq üzrədir. Bəhrəmtəpə və İmişli istiqamətinə gedən avtomobil yolunun hər tərəfində yeni inzibati binalar və digər obyektlər inşa edilir. Kənd yollarının yenidən qurulması diqqət mərkəzindədir.

Biləsuvarda nə tikilirsə tikilsin, onun keyfiyyətinə xüsusi diqqət yetirilir. Hər bir layihə yüzilliklər üçün nəzərdə tutulur. Digər müsbət cəhət isə ondan ibarətdir ki, tikilən-qurulan nə varsa, qorunur, səliqə-sahmanlı şəkildə saxlanılır. Bu sahədə rayon rəhbərliyinin əməyini qeyd etmək yerinə düşər.

 

İndi hər küçədə, hər evdə su var

 

Bilsuvarın su təchizatından danışarkən istər-istəməz yenə tarixə nəzər salmalı olursan. 1930-cu ildə ona rayon statusu verilib. Bu, tarix üçün böyük zaman deyil. Öncə qeyd etdiyimiz kimi, biləsuvarlıların ulu əcdadlarının bu torpaqda məskən salması tarixin dərin qatlarına gedib çıxır. Rayon ərazisindəki müxtəlif abidələr, kurqanlar belə deməyə əsas verir. Yüz illər keçmiş, əhalinin içməli su ilə təmin olunmasında problemlər isə həmişə olmuşdur. Yerli adamlar buradan axıb keçən Bolharı çayı, sonralar isə çar Rusiyası zamanında çəkilən Cənub Muğan kanalından su alıblar. Ərazinin çox yeri susuz olub. Bu su rayonu tam təmin etməyib. Su mənbələri ilə əkinlərini suvarmaqla yanaşı, həmin lilli sudan məişətdə də istifadə ediblər. Primitiv qaydada duruldulan su müxtəlif zamanlarda qarın yatalağı, dizenteriya, böyrək çatışmazlığı və digər xəstəliklərin yaranmasına, yayılmasına səbəb olmuşdur. Bu mənada Biləsuvara çəkilən içməli su xəttinin əhəmiyyəti çox böyükdür. Keçən il 4 sentyabr tarixdə "Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində ölkə başçısı İlham Əliyev rayon ictimaiyyəti qarşısında çıxış edərkən demişdir ki, "Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil edəcəkdir. Bu, böyük naliyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir."

Prezident tarixi hadisə ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrini təbrik etdi. Bundan sonra kəndlərə də su xəttinin çəkiləcəyini bildirdi.

Hazırda işlər davam etdirilir. Digər layihələr həyata keçirilir. Onlardan ən mühümlərindən biri də kanalizasiya sisteminin qurulmasıdır. Deyirlər ki, şəhərin kanalizasiyası yoxdursa, o, şəhər deyil. Bu məsələnin həlli isə sadə iş deyil, ağır zəhmət, külli miqdarda vəsait tələb edən bir işdir. Eyni zamanda qazılan xəndəklər hərəkətə maneçilik törədir, yayda toz-torpaq, qışda zığ-palçıq olur. Ancaq bir iş var ki, şəhərin ən vacib, bir nömrəli problemi həll edilir. Layihə başa çatandan sonra sakinlər yay aylarında pis qoxudan, üfunətdən yaxa qurtaracaqlar. Çirkab sular xüsusi qurğular vasitəsilə təmizlənib dənizə axıdılacaq.

 

Torpağa bağlıdır burada hər insan

 

Biləsuvarın torpağı bərəkətli, insanları zəhmətkeşdir. Yerli əhali ta qədimdən heyvandarlıq və əkinçiliklə məşğuldur. Torpağa bu bağlılıq, ənənə nəsildən-nəslə ötürülərək bu gün də yaşadılır. Rayonda təcrübəli, necə deyərlər, "torpağın dilini bilən" adamlar çoxdur. Elə buna görə də sovetlər birliyi dağılandan sonra bir çox rayonların adamlarından fərqli olaraq, biləsuvarlılar çaş-baş qalmadılar. Torpağa üz tutdular. Taxıl, pambıq, digər kənd təsərrüfatı bitkiləri əkib-becərməyi davam etdirdilər. Torpaq da öz növbəsində onunla ülfət bağlayanlardan öz səxavətini əsirgəmədi, ona göstərilən diqqət və qayğının nəticəsində sinəsində bol məhsul yetişdirdi. Güldü adamların üzü-gözü. Götürdükləri məhsulun bir hissəsini ehtiyacları üçün ayırdıqdan sonra qalanını satdılar. Pulu ilə oğul evləndirdilər, qız köçürdülər, ev tikdilər, maşın aldılar, təsərrüfatlarını genişləndirdilər, digər xeyir-şər tədbirlərini yola verdilər.

Dedik ki, rayonda "torpağın dilini bilən" adamlar çoxdur. Sözün əsl mənasında, bu, belədir. Onlar insan yaranışının əsası, dörd ünsürdən biri olan torpağa müqəddəs bir varlıq kimi münasibət bəsləyirlər. Onu gücdən, taqətdən düşməyə qoymurlar. Şum altına mineral və üzvi gübrələrin verilməsinə laqeyd münasibət göstərmirlər. Nəticə isə göz qabağındadır. Havaların quraqlıq keçməsinə, bununla bağlı bitkilərin vegetasiya dövründə suvarmada yaranan çətinliklərə baxmayaraq, cari ildə də yaxşı nəticələr əldə edirlər. 25 min 647 hektar taxıl sahəsindən 63 min 612 ton məhsul əldə olunmuşdur. 4 min 417 hektar pambıq sahəsindən isə indiyədək 3 min ton "ağ qızıl" yığılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Digər kənd təsərrüfatı bitkiləri istehsalı sahəsində də müsbət irəliləyiş vardır. İribuynuzlu mal-qaranın sayı son bir ildə 39 min 571 başdan 40 min 97 başa, qoyun və keçilərin sayı isə 136 min 497 başdan 137 min 101 başa çatdırılmışdır. Ət, süd, yun, yumurta tədarükü davam edir. Statistik rəqəmlər göstərir ki, heyvandarlıq məhsulları əvvəlki illərdən çox olacaqdır. Bu da ölkənin ərzaq təhlükəsizliyi proqramında yaxından iştirak deməkdir. 

Rayonda qabaqcıl fermerlər çoxdur. Onlardan biri də Lətif Cəfərovdur. Onun dediklərindən: - Ağlım kəsəndən mal-qara ilə, torpaqla məşğulam. Kənd təsərrüfatı çətin sahədir. Təbiətlə bağlı işdir. İl yaxşı gələndə məhsul da bol olur, pulun da. Pis gələndə isə səbirli, təmkinli olmalı, Allahın işinə qarışmamalıyıq. Çünki yeri-göyü yaradan odur. Amma bu, "Allahdan buyruq, ağzıma quyruq" demək deyil. Yaxşı yaşamaq üçün yaxşı da işləmək lazımdır, daha baş girələmək yox. Mən bunu öz oğlanlarıma da deyirəm. Torpaqla, mal-qara ilə məşğul olan adam gərək gün yerindən qalxmamış iş başında olsun. İndiki zamanda heç kəsin gileylənməyə haqqı yoxdur.  Dövlət indi kəndə xüsusi diqqət və qayğı göstərir. Kənd təsərrüfatı məhsulları istehsal edənlərə hər il subsidiyalar, güzəştli qaydada mineral gübrələr verilir. Onlar bütün vergilərdən azaddırlar. Sahibkarlığa Kömək Milli Fondu da kənd adamlarından öz köməyini əsirgəmir. Bunlardan sonra bizim öhdəmizə ağılla, dəqiq haqq-hesab aparmaqla işləmək düşür. Gəliri-çıxarı düzgün aparmayanlar isə yarı yolda qalırlar. Bizim rayonda belələri yoxdur. Amma başqa yerlərdə ziyana düşənlər barədə eşitmişəm. Allah belə işlərdən bizi qorusun. Beş oğlum var. Biri Bakıda yaşayır. Qalanları mənimlə təsərrüfatda çalışırlar. 100 baş mal-qaramız, 80 hektara yaxın torpaq sahəmiz var. Övladlarımdan razıyam, zəhmətkeşdirlər. Nəvələrim də ağıllı-kamallıdırlar. Xoşbəxt olmaq üçün adama daha nə lazımdır? Kifayət qədər texnikamız da var. Əkin-biçin işlərini onlarla aparırıq. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, digər rəsmilər sağ olsunlar. Hər bir müraciətimizi dinləyib lazımi kömək göstərirlər.

Hazırda Biləsuvarda 13 min nəfər torpaq mülkiyyətçisi var. Onların hamısı əkdiyi hektara və bitki növünə görə subsidiya almışdır. Torpaq mülkiyyətçiləri növbəli əkin sisteminin tətbiqinə geniş yer verməklə eyni sahədən bir neçə dəfə məhsul götürürlər. Görülən tədbirlər maddi nemətlər bolluğu yaratmaqla yanaşı, işsizliyin aradan qaldırılmasına, yoxsulluğun azaldılmasına, əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır. Bunlar isə dövlət tərəfindən irəli sürülən prioritetlərdir. Son on ildə rayonda 21 min 980, keçən il 1001, cari ilin 9 ayı ərzində isə 980 yeni iş yeri açılmışdır.

 

Bu il rayon üzrə 240 nəfər ali məktəblərə qəbul olunmuşdur

 

"Təhsil millətin gələcəyidir". Bu müdrik kəlam da ulu öndər Heydər Əliyevə məxsusdur. Onun bu sahədəki arzuları artıq reallığa çevrilmişdir. Məktəblilərin, gənclərin savadlı, sağlam böyüməsi dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Yeni məktəblərin tikilməsi, köhnələrin əsaslı təmir edilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün son 10 ildə böyük işlər görülmüşdür və bu iş hazırda da davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, eyni zamanda təhsilə göstərdiyi diqqət xalq tərəfindən yüksək qiymətləndirilir. Həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. İndi azərbaycanlı gənclər respublikamızla bərabər, xarici ölkələrin müxtəlif ali məktəblərində də təhsil alırlar. Ən nadir peşələr, ixtisaslar üzrə kadr çatışmazlığı aradan qaldırılır. Son 10 ildə  Biləsuvarda 14 yeni məktəb inşa edilmiş, 5 məktəb binası əsaslı təmir olunmuşdur. 15 sentyabr - Bilik Günündə rayonda daha 2 yeni məktəb - 640 şagirdlik Xırmandalı və 450 şagirdlik Cürəli kənd tam orta məktəbləri şagird və müəllimlərin istifadəsinə verilmişdir. Rayonun qabaqcıl müəllimləri fəxri adlara layiq görülüblər. Hər il artırılan əməkhaqqı onları daha yaxşı işləməyə ruhlandırıb. Nəticə yaxşıdır. Cari ildə orta məktəbi bitirən 965 şagirddən 240 nəfəri ali, 60 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 21 nəfər məzun 600-dən çox bal toplamış, ən yüksək nəticə əldə edənlərdən 2 nəfəri - Nazim Əzizzadə və Şərif Rüstəmzadə Prezident təqaüdünə layiq görülmüşlər.

Rayon səhiyyəsi yenidən qurulur. Əsaslı şəkildə təmir olunan rayon mərkəzi xəstəxanasında işlər başa çatmaq üzrədir. Əhaliyə nümunəvi xidmət göstərmək üçün xəstəxana müasir tibbi avadanlıqlarla təchiz ediləcəkdir. Adamlar müayinə və müalicə üçün Bakıya, digər şəhər və rayonlara, xarici ölkələrə üz tutmayacaqlar.

Rayonda mədəniyyət sahəsinə diqqət və qayğı son illər daha da artırılmışdır. Bacarıqlı rəssamlar, musiqiçilər keçirilən müxtəlif sərgi və festivallarda, müsabiqələrdə doğulub boya-başa çatdıqları torpağı layiqincə təmsil edirlər.

 

Yurda şərəf verir igid oğullar

 

"İgid ölər, adı qalar" deyib ulu babalarımız. Mübariz İbrahimov düşünülmüş şəkildə özünü Vətən yolunda fəda etdi, düşmənlə döyüşdə qəhrəmancasına həlak oldu. Ölkə Prezidenti İlham Əliyev ona Milli Qəhrəman adı verilməsi barədə sərəncam imzaladı. Mübarizin göstərdiyi şücaət ildırım sürətilə ölkəmizin hər yerinə yayıldı. Azərbaycanın bütün şəhər və kəndlərindən Biləsuvara gəlib qəhrəmanın valideynlərinə başsağlığı verdilər. Hər yerdən onun qəhrəman cüssəli şəkli asılıb. Ölümü, qəhrəmanlığı ilə Mübariz doğulduğu, böyüyüb boya-başa çatdığı elini-obasını şöhrətləndirdi. Adına küçə, məktəb verildi. İndi "Mübariz İbrahimov" tankeri dünya sularında üzür. Biləsuvarda onun şərəfinə mütəmadi olaraq idman yarışları, olimpiadalar, müsabiqələr keçirilir. Gənclər ona oxşamağa, Vətəni onun kimi sevməyə səy göstərirlər. Təsadüfi deyil ki, avqust ayının 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun cəbhənin Ağdam-Ağdərə istiqamətində yerləşən mövqelərimizə növbəti hücumunu dəf edərkən bir neçə hərbçimizlə yanaşı, Biləsuvar rayonunun Nərimankənd kənd sakinləri - gizir Pərvin Əliyev, kiçik gizir Rahil Hüseynov və əsgər Anar Qarazadə həlak oldular. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən onların hər biri (ölümündən sonra) "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildilər. Rayon ictimaiyyəti hər  üç döyüşçünü böyük hörmət və məhəbbətlə torpağa tapşırdı, hüzn mərasimlərini keçirdi. Daha üç nəfər döyüşçü Vətən yolunda şəhid oldu, qanları ilə Azərbaycanın hərb tarixinə yeni səhifə yazdı. Qəhrəmanlar, torpaq uğrunda həlak olanlar isə heç vaxt unudulmur, xalqın yaddaşında yaşayırlar. Onların ruhu insanları mübariz olmağa, həyatı mənalı yaşamağa, babalardan bizə miras qalan torpaqları daha da abad etməyə, qorumağa çağırır. Bu gün rayonda gənclər siyasəti uğurla həyata keçirilir. Buradakı idmançılar keçirilən yarışlarda fəal iştirak edirlər.

Biləsuvarda adamlar bu ruhda yaşayıb işləyirlər. Rayon mərkəzində, qəsəbə və kəndlərdə quruculuq, kənd təsərrüfatı işləri uğurla davam etdirilir. Hər kəs doğma rayonun abad, şan-şöhrətli olması üçün əlindən gələni əsirgəmir.

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 27 sentyabr.- S. 2.