Əmlak Məsələləri Dövlət Komitəsinin

sədri Şabranda vətəndaş qəbulu keçirib

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, sentyabrın 26-da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov növbəti vətəndaş qəbulu keçirib.

AzərTAc xəbər verir ki, Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şabran, Xızı, Siyəzən, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Komitə sədri onların müraciətlərinə baxıb, təklif və xahişlərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşlar torpaq sahələrinin, yaşadıqları fərdi həyət evləri və mənzillərinin, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə əlaqədar müraciət ediblər. Bundan əlavə, vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı da tədbirlərin görülməsini istəyiblər.

Bir neçə vətəndaşın müraciəti isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Onlar icarə müqaviləsi əsasında istifadə etdikləri, eləcə də icarədə və istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciət ediblər.

Sədr komitənin səlahiyyətlərinə aid olan bir sıra vətəndaş müraciətlərinin təcili həlli üçün tapşırıq və göstərişlərini verib. Eyni zamanda, vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericilik izah edilib və məsləhətlər verilib. Qəbulda araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Vətəndaşlara müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi bildirilib.

Komitə sədri əvvəlcədən qəbula yazılmayan və qəbul günü birbaşa müraciət edən vətəndaşları da qəbul edib və müraciətlərini dinləyib.

 

Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.