Ailə təsərrüfatları dağ rayonlarının inkişafında səmərəli rol oynaya bilər

 

Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində respublikanın digər bölgələri kimi, İsmayıllı rayonu da dinamik tərəqqisini davam etdirir. 2003-cü illə müqayisədə rayonda ümumi məhsul istehsalı 25,1 milyon manatdan 156,2 milyon manata, əhalinin gəlirləri 32,6 milyon manatdan 178,5 milyon manata qədər artmışdır. Orta aylıq əməkhaqqı 6,6 dəfə yüksəlmişdir. Sosial-iqtisadi inkişafın bütün sahələrində uğurlu göstəricilər qazanılmışdır.

2013-cü ildə rayonda müqayisəli qiymətlərlə 155,4 milyon manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Bu məhsulun 68,4 milyon manatı kənd təsərrüfatının, 3,4 milyon manatı sənayenin, 47,1 milyon manatı tikintinin, 2,7 milyon manatı nəqliyyatın, 0,7 milyon manatı rabitənin, 33,1 milyon manatı ticarət sahəsinin payına düşür.

Rəqəmlərdən göründüyü kimi, sənayenin ümumi məhsulda xüsusi çəkisi cəmi 2,2 faizdir. Bu da onu göstərir ki, rayonda sənaye istehsalına uzun müddət diqqət yetirilməmişdir. Sovetlər İttifaqı dövründə mövcud olmuş sənaye müəssisələri ötən əsrin 90-cı illərində obyektivsubyektiv səbəblərdən fəaliyyətini dayandırmış, müəssisələr ləğv edilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra bu sahənin də inkişafı dövlət səviyyəsində təmin olunmuşdur.

Son illərdə isə yeni sənaye sahələrinin yaradılmasına diqqət daha da artırılıb. 2013-cü ildə İsmayıllı Tikiş Fabriki istifadəyə verilib. Uzun müddət fəaliyyəti dayandırılmış kərpic sexi yenidən qurularaq işə salınıb. İsmayıllı Velosiped İstehsalı Zavodunun tikintisi davam edir. Kürdmaşı və Haçıhətəmli kəndlərindəki şərab zavodları fəaliyyətə başlayıb. Yeni istehsal müəssisələrinin yaradılması istiqamətində digər tədbirlər də görülür. Yeni istehsal obyektlərinin işə salınması ilə ümumi məhsul istehsalında sənayenin xüsusi çəkisi tədricən artır. Bunlarla yanaşı, mövcud vəziyyət deməyə əsas verir ki, aqrar sektor uzun müddət rayonun iqtisadiyyatında aparıcı sahə olaraq qalacaqdır. Odur ki, bu sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək mühüm bir vəzifə kimi qarşıda durur. İsmayıllıda istehsalın əsas hissəsi aqrar sahənin payına düşür. 2013-cü ildə ümumi məhsulun 44 faizdən çoxu bu sektorda istehsal olunub.

Ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm məsələlərdən biri kənd təsərrüfatını daha da inkişaf etdirmək, mümkün olan bütün məhsulları Azərbaycanda yetişdirmək və idxaldan asılılığımızı azaltmaq, eyni zamanda ixrac imkanlarımızı artırmaqdır. Ərzaq təhlükəsizliyi məsələləri bu sahədə prioritet təşkil edir.

Kənd təsərrüfatı sahəsi bir sıra özünəməxsus sosial-iqtisadi, təbii və texnoloji xüsusiyyətləri ilə səciyyələnir. Belə ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsərrüfatında başlıca istehsal vasitəsi torpaqdır. Başqa istehsal vasitələri kimi torpaq insan əməyinin məhsulu deyil, o, təbiətin bəxş etdiyi nemətdir. Torpağı başqa istehsal vasitəsinə dəyişmək olmaz, onun məhsulvermə imkanlarını isə yüksəltmək olar.

Aqrar sahənin inkişafı əsasən mövcud torpaq fondundanondan səmərəli istifadədən asılıdır. İsmayıllı rayonunun ümumi ərazisi 207372 hektardır. Torpaqların 111543 hektarı (50,7 faiz) dövlət mülkiyyətində, 54759 hektarı (28,2 faiz) bələdiyyə mülkiyyətində, 41070 hektarı (21,1 faiz) xüsusi mülkiyyətdədir. Rayon üzrə ümumi torpaq fondunun 43,2 faizi kənd təsərrüfatına yararlı, onun da cəmi 38,5 faizi əkinə yararlı sahələrdir. Əkinə yararlı sahələr tam şəkildə əkin dövriyyəsinə cəlb olunub. İstehsalın artırılmasının yeganə yolu intensiv metodların tətbiqindən ibarətdir.

Aydın məsələdir ki, xırda fermer təsərrüfatlarının həm iqtisadi, həm də ki, istehsal etdikləri məhsulların keyfiyyəti və təhlükəsizliyi baxımından müasir zamanda rəqabətə davamlılıq imkanları olduqca məhduddur. Bu səbəbdən də onların davamlı inkişaf perspektivləri və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi işindəki rolu yetərincə deyildir. Bütün bunları nəzərə alan respublika Prezidenti aqrar sahədə modernləşdirmənin labüdlüyünü ön plana çəkmiş və xüsusən də kənd təsərrüfatı istehsalının müasir texnologiyalar əsasında qurulmasının və aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyini bildirmiş, ərzaq və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyini yüksəltməyi, eyni zamanda, respublikanın ərzaq təhlükəsizliyini daxili imkanlaryerli resurslar hesabına təmin etməyi ən ümdə vəzifə kimi qarşıya qoymuşdur.

İsmayıllı aqrar sahənin inkişaf istiqamətlərini müəyyənləşdirdikdə ərazinin relyefini, torpaq-iqlim şəraitini, əmək ehtiyatlarını, əhalinin istehsal vərdişlərini və digər amilləri nəzərə almaq vacibdir. Belə ki, bəzi kəndlərin torpaq sahələri yaşayış məntəqələrinin ətrafında yerləşir (Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Kürdmaşı, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşans.), eyni zamanda əkinə yararlı torpaq  sahələri iri təsərrüfatların yaradılmasına imkan verir. Dövlət tərəfindən də könüllülük əsasında iri fermer təsərrüfatlarının və kooperasiyaların yaradılmasına üstünlük verilir. İri kooperasiyaların və fermer təsərrüfatlarının yaradılması nəticəsində iqtisadi cəhətdən daha yüksək səmərə əldə etmək olarbu rayonun iqtisadi inkişafına təkan  verər.

Bəzi kəndlərdə kifayət qədər əmək qabiliyyətli əhali yaşasa da, (Qalacıq, İstisu, Çayqovuşan, Buynuz, Qurbanəfəndi, Xanagah, Cülyans.) əhalinin əkinə yararlı pay torpaqları yaşayış yerindən xeyli aralı, 20-60 km uzaq məsafədə yerləşir. Bu torpaqlardan çox ailənin səmərəli istifadə etmək imkanları yoxdur. Ailə təsərrüfatlarının bir çoxu pay torpağını əkmək üçün ayrı-ayrı imkanlı şəxslərə bir hektarını 250-300 kq taxıla illik icarəyə verməyə məcbur olur. Deməli, ailə təsərrüfatlarının çoxu pay torpağından səmərəli istifadə edə bilmir. Bu kəndlərdə də iri təsərrüfatların yaradılması daha məqsədəuğundur.

İri təsərrüfatların xırda təsərrüfatlara nisbətən bir sıra üstünlükləri vardır. Burada müasir tələblərə uyğun olaraq aqrotexniki tədbirlər həyata keçirilir, növbəli əkin sistemi tətbiq olunur, əkinçilikdə mineral gübrələrdən istifadə edilir, xəstəlik və ziyanvericilərə qarşı operativ mübarizə tədbirləri aparılır, mövcud avadanlıqlardan səmərəli istifadə edilir, son nəticədə məhsuldarlıq artır. Bu  da istehsalın intensiv yolla inkişafına səbəb olur. Əkinə yararlı torpaq sahələri məhdud olduğu üçün istehsalı yalnız intensiv yolla artırmaq mümkündür.

Rayonun dağlıq zonasında yerləşən və əhalisi az olan yaşayış məntəqələrində vəziyyət fərqlidir. Lahıc, Əhən, Həftəsiyab, Müdri, Zərnava, Tağlabiyan, Xankəndi və Sulut icra ərazi dairələrinə daxil olan əksər kəndlərdə əkinə yararlı torpaq sahəsi çox azdır və demək olar ki, yoxdur. İstehsalın artırılmasının real mənbələrindən biri də ailə təsərrüfatlarının inkişafıdır. Son məlumatlara əsasən, rayonda 23574 ailə mövcuddur ki, onların da 8661-i şəhər və qəsəbələrdə, 14713-ü kəndlərdədir. Rayonda meyvə, kartof və tərəvəz bitkilərinin əsas hissəsi əhalinin mülkiyyətində olan 4562 hektar həyətyanı torpaq sahəsində istehsal edilir. Həyətyanı sahələrin də təqribən 40-50 faizinin yaşayış evləri və təsərrüfat tikililərinin altında qaldığını nəzərə alsaq, bu sahələrdə məhsuldarlığın necə olması haqqında aydın təsəvvür yaranır.

Vaxtilə taxıl, kartof, çoxillik yem bitkiləri (xaşa) əkilən sahələri baxımsızlıq nəticəsində kol-kos basmış və ya torpaqlar erroziyayer sürüşməsi nəticəsində əkinə yararsız hala düşmüşdür.

Hazırda dağ kəndlərinin sosial problemlərinin həlli istiqamətində müəyyən tədbirlər görülür, lakin görüləsi işlər də çoxdur. Yolların vəziyyəti qənaətbəxş deyildir. Torpaq yataqlı yollarda yağışlı və qarlı havalarda nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olur. Ona görə də kəndlərin girişdaxili yollarının bərk yataqlı olması üçün müvafiq tədbirlər görülməlidir. Uşaqların sayı az olduğuna görə ibtidai məktəblər bağlanır. Fiziki imkanları məhdud olan hər bir uşağın fərdi qaydada oxuması üçün müəllim ayrıldığı halda, 5-10 nəfər şagird olan kəndlərdə ibtidai məktəblər bağlanır.

Kənddə həkim məntəqəsi yoxdur, tibbi yardım üçün əhali rayon mərkəzinə müraciət etməli olur. Bu tip problemlər nəticəsində dağ kəndlərindən köçüb yaşamaq üçün başqa yerlərə gedən əhalinin sayı ildən-ilə artır. Rayonun 15 kəndində mövcud təsərrüfatların sayı 10-dan, 35 kəndində mövcud əhalinin sayı 100 nəfərdən azdır.

Kənd əhalisinin şəhərlərə köçməsinin obyektivsubyektiv səbəbləri var. Məqsəd mövcud imkanlardan səmərəli istifadə etməklə subyektiv səbəbləri minimum həddə endirməkdən, bununla da əhalinin kənddə qalıb yaşamasına marağını artırmaqdan, son nəticədə ailə təsərrüfatlarının potensial imkanlarından istifadə etməklə rayonun iqtisadi  inkişafına təkan  verməkdən ibarətdir. Bunun üçün dağ kəndlərində inkişaf etdirilməsi mümkün olan bir neçə sahəni qeyd etmək olar.

 

Arıçılığın inkişafı

 

Arıçılığı bütün dağ kəndlərində inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Ərazinin ekoloji vəziyyəti yüksək keyfiyyətli bal istehsal etməyə imkan yaradır. Bu gün bazarda arıçılıq məhsullarına tələbat böyükdür. Balın bir kiloqramı 15-20 manata satılır. Bu da onu göstərir ki, tələb təklifdən çoxdur. Hər arı ailəsindən 15-20 kq bal alınarsa, orta hesabla 20 arı ailəsi  saxlayan bir ailə təsərrüfatı illik ailə büdcəsini təmin edə bilər.

Arıçılığın inkişafı üçün rayonda baza zəifdir. Damazlıq arı ailələri yetişdirən təsərrüfatlar yaradılmalı və bunlar üçün dövlət səviyyəsində stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır (Taxıl toxumu istehsal edən təsərrüfatlara dövlət tərəfindən nəzərdə tutulmuş güzəştlər qaydasında). Arıçılığa lazım olan alət, avadanlıq, inventar, dərman preparatları, yeşiklər, ramkalar (çərçivələr) və s. satan ixtisaslaşmış ticarət obyektlərinin yaradılması da məqsədəuyğundur. Təcrübəli arıçıların metodları öyrənilib yayılmalıdır. Yaxşı olar ki, peşə təhsili müəssisəsində arıçı ixtisası üzrə qrup yaradılsın. Rayon məşğulluq mərkəzi tərəfindən arıçılıq kursları  da təşkil oluna bilər.

 

Meyvələrin qurudulması, müxtəlif şirələrin, cemlərin hazırlanması

 

Bu məqsədlə istifadə üçün kifayət qədər xammal bazası var. Həyətyanı təsərrüfatdan və yabanı halda bitən meyvə və giləmeyvələrdən istifadə etməklə bu sahəni inkişaf etdirmək olar. Yabanı halda bitən zirinc, çaytikanı, itburnu, böyürtkən və digər bitkilərə tələbat çoxdur. Bu bitkilər də əsasən dağlıq zonada yetişir.

Uzaq kəndlərdən meyvəni təzə halda bazara çıxarmaqda nəqliyyat vasitələri, vaxt və digər amillərlə əlaqədar çətinliklər mövcuddur. Bu səbəbdən də hər il yüz tonlarla meyvə çürüyərək məhv olur, halbuki meyvəni qurutmaqla uzun müddət saxlamaqmünasib vaxtda bazara çıxarmaq mümkündür.

 

Heyvandarlığın inkişafı

 

Ərazilərdə kifayət qədər otlaq-örüş sahələri var. İstifadəsiz qalmış pay torpaqlarını biçənək kimi qorumaqla yem problemini həll etmək mümkündür. Ənənəvi heyvandarlıq məhsullarına tələbat çoxdur. Mağazalarda uzaq xarici ölkələrdə istehsal olunan və mənşəyi bilinməyən yağ, pendir və digər heyvandarlıq məhsulları yüksək qiymətə satılır. Halbuki dağlıq ərazilərdə keçi saxlamaq üçün imkanlar genişdir. Keçi pendiri, motal pendiri, nehrə yağı istehsal etməklə ailə büdcəsinə gəlir gətirmək mümkündür.

 

Turizmin inkişafını nəzərə almaqla xalq sənətkarlığı nümunələri əsasında suvenirlərin hazırlanması

 

Hər il Bakı və digər iri şəhərlərdən yüzlərlə ailə isti yay günlərində İsmayıllının səfalı guşələrində dincəlməyə gəlir. Bu ailələrin bir çoxu bahalı istirahət evlərində qalmaqdansa, mənzil kirayə edib yaşamağı üstün tutur. Dağlıq zonada yerləşən kəndlərdə, həm də yol şəraiti əlverişli olan Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun ətrafında yerləşən kəndlərdə (Bizlan, Tircan, Diyallı, Xanagah, Topçu, Buynuz, Qurbanəfəndi və sair) ailə təsərrüfatları dincəlmək üçün kiçik otaqlar tikib müvafiq şərait yaratmaqla mövsüm ərzində yaxşı gəlir əldə edə bilər.

Müxtəlif suvenirlərin hazırlanması və satışının təşkili də məqsədəuyğundur. Hər bir kəndin xüsusiyyətini, sakinlərin peşə vərdişlərini nəzərə almaqla bu məsələyə fərqli yanaşmaq lazımdır. Toxuculuq məmulatları (suvenir xalçalar, yun corab, kiçik ölçülü kəlağayılar və s.) metaldanağac materiallardan  hazırlanan müxtəlif suvenirlər gələn turistlərin marağına səbəb olur. Müxtəlif xidmət formalarının (atla gəzinti, ev şəraitində hazırlanan şirniyyatlar, təndir çörəyi və s.) təşkili də məqsədəuyğundur. Göstərilən xidmətlər turistlərin cəlb olunması ilə yanaşı, ailə büdcəsinə də gəlir gətirər.

 

Kəndlərdə ənənəvi sahələr olan kartof-tərəvəz bitkilərinin əkin sahələrinin genişləndirilməsi

 

Bu məqsədlə bələdiyyələr tərəfindən kəndlərdə müəyyən işlər görülə bilər. Belə ki, suvarma arxları çəkilər, istifadə olunmayan bələdiyyə torpaqları çox aşağı qiymətə icarəyə verilə bilər, mövsüm ərzində suvarmada istifadə üçün kiçik sututarlar yaradıla  yerli şəraitə uyğun digər işlər görülə bilər.

 

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və suvarılması üçün tədbirlərin görülməsi

 

Suvarılma tədbirlərinin görülməsi rayonun əksər kəndlərində ailə təsərrüfatlarının inkişafına təkan verər. Təəssüf ki, rayon ərazisindən Girdiman, Göyçay, Ax-ox, Əyriçay çayları axdığı, Aşıqbayramlı və Yekəxana su anbarları mövcud olduğu halda suvarmanın təşkili zəifdir. Göyçay çayından çəkilmiş su kanalı və kanal üzərində tikilmiş hidrotexniki qurğuların imkanlarından istifadə edilmir, qurğular yararsız vəziyyətə düşür.

İsmayıllıda kənd təsərrüfatı bitkiləri əsasən dəmyə şəraitində yetişdirilir. Bu səbəbdən də fermerlər və ailə təsərrüfatları taxıl bitkilərinin əkilməsinə üstünlük verirlər. Lakin suvarılan sahələrdə müxtəlif tərəvəz bitkiləri, çoxillik ot bitkiləri (yonca) əkməklə qat-qat artıq gəlir əldə etmək mümkündür. Tərəvəzçilik daha çox əmək tutumlu sahə olduğu üçün işsizliyin azalmasına da müsbət təsir göstərər. Suvarılan sahələrdə yonca 3-4 dəfə biçilər və heyvandarlığın inkişafı üçün dayanıqlı yem bazası yaranar. Hazırda rayona qaba yem kimi yoncanı Ağcabədi, Bərdə, Beyləqan və digər rayonlardan gətirib satırlar.

 

Güzəştli şərtlərlə kreditlərin verilməsi

 

Qeyd edilən və istehsalın genişləndirilməsi üçün vacib olan digər tədbirlərin görülməsində əsas çətinlik maliyyə resursları ilə əlaqədardır. Aydındır ki, hər hansı əsaslı bir işi görmək üçün vəsait tələb olunur, ailə təsərrüfatlarının böyük əksəriyyətinin isə belə bir vəsaiti yoxdur. Onların çox vaxt özəl banklardan yüksək faizlə götürdükləri kreditlər əsasən istehlak kreditlərindən ibarət olur ki, bu da son nəticədə nəinki ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasına, əksinə, çətin vəziyyətə düşməsinə səbəb olur. Ona görə də ailə təsərrüfatlarına,  xüsusilə ucqar dağ kəndlərinə çox aşağı faizlə (hətta faizsiz) güzəştli şərtlərlə kreditin verilməsi çox vacibdir. Kreditlərin verilməsi şərtləri sadələşdirilməli, girov problemi olmamalıdır. Ona görə ki, əksər ailə təsərrüfatlarının banka girov qoymağa elə bir əmlakı yoxdur. Hesab edirəm ki, kreditlər verildikdə əsas məqsəd onu verən təşkilat tərəfindən yüksək gəlir əldə etmək deyil, dağ kəndlərinin boşalmasının qarşısını almaqdan, torpaqlardanmövcud resurslardan səmərəli istifadə etməkdən, əhalinin iri şəhərlərə köçməsi ilə bu şəhərlərdə yaranan mənzil, nəqliyyat və digər problemlərin qarşısını almaqdan ibarət olmalıdır.

Ailə təsərrüfatları müəyyən qrant layihələrində iştirak etməklə və QHT-lərin maliyyə dəstəyindən bəhrələnməklə təsərrüfatlarının inkişafı üçün əlavə maliyyə mənbələri əldə edə bilərlər.

Təcrübə göstərir ki, son vaxtlar şəhərlərə köçüb gedən ailələrin ümumi sayında təsərrüfatı zəif olan çoxluq təşkil edir. Qalan ailələrin əksəriyyəti əldə etdikləri gəlir hesabına təsərrüfatlarını inkişaf etdirir və ailənin normal yaşamasını təmin edə bilirlər.

Dağ kəndlərində ailə təsərrüfatlarının inkişafı üçün qeyd olunmuş məsələlər rayonun digər yaşayış məntəqələrində də yerli şərait nəzərə alınaraq tətbiq oluna bilər. Məqsəd digər sahələri inkişaf etdirməklə yanaşı, ailə təsərrüfatlarının potensial imkanlarını üzə çıxarmaqla rayonun iqtisadi inkişafına əlavə resursları cəlb etməkdən ibarətdir.

 

Mirdaməd SADIQOV,

iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi

Azərbaycan.-2014.- 28 sentyabr.- S.4.