«26-lar»ın qətli:
müəmmalar və ehtimallar
Xalq öz tarixini acıları və sevincləri ilə
bütövlükdə öyrənib bildikdə gələcəyinə
daha ayıq baxır, növbəti sınaqlara hazır olur.
96 il öncə baş vermiş hadisənin
təfərrüatlarına yenidən diqqətçəkən
məqamlar hansılardır? Uzun müddət "26 Bakı
komissarı", camaat arasında sadəcə 26-lar
bağı kimi tanınmış məkanda tikinti işləri
ilə əlaqədar 1920-ci il sentyabrın
8-də dəfn edilmiş insan cəsədlərinin başqa
yerə köçürülməsi zamanı aşkar
olunmuş fakt xeyli söz-söhbətə, kütləvi
informasiya vasitələrinin diqqətinə, səngiməyən
müzakirələrə səbəb oldu. Hazırda
"Sahil bağı" adlanan yerdə qazıntı
zamanı 26 deyil, 23 cəsəd aşkarlanmışdı.
Halbuki, 1920-ci ildə Aşqabad şəhərinin mərkəzi
meydanından çıxarılmış "Bakı
kommunarları"nın cəsədləri paroxodla Bakıya
gətirilmiş, Petrov meydanından keçərək
böyük izdihamla öndə "S.Şaumyanın
tabutu" və şəkli, ardınca "25
yoldaşın" tabutları aparılmaqla
"Azadlıq" meydanında dəfn olunmuşdular.
"Azadlıq"
meydanında fəvvarənin yanında düzəldilmiş məqbərədə
1920-ci il sentyabrın 8-də gündüz saat
3-də top atəşləri və himn sədaları
altında 26 tabut qəbrə endirilməyə
başlanmışdı. Bu mərasim lentə
alınmış, mətbuatda, digər sənədlərdə
əks olunmuşdur. Sovetlər
dövrünün əfsanəsinə çevrilmiş
"Bakı kommunarları" ziyarətgaha çevrilmiş
bir məkanda anıldıqları dövrdən çox sonra,
müstəqillik illərində "aktuallıq" kəsb
etməyə başladı. İlk səbəb 90 il toxunulmayan məkandan ayrı-ayrılıqda
dəfn olunmuş 26 cəsəd əvəzinə 23 cəsədin
çıxması təəssüratı oldu. Deməli, "26 yoldaşın" 3-nün cəsədi
basdırılmış 26 qutunun içərisində
olmayıb. Bu faktdan çıxış
edərək "26-lar"dan hansısa 3-nün güllələnməməsi
mülahizəsi arxasında onların kimliyinin müəyyənləşdirilməsi
"ehtiyacı" yaranırdı. Mövzunu
aktuallaşdıran başlıca amil də məhz bu
"ehtiyacdan" qaynaqlanırdı. Çünki hələ
sovetlər dönəmində də, xüsusən müstəqilliyin
ilk illərində S.Şaumyanın yoldaşları ilə
birgə güllələnməməsi, sağ qalması, hətta
Hindistana aparılaraq, orada yaşamaları və s. haqqında
söhbətlər gəzirdi, yazılar dərc olunurdu. Və bu baxımdan "Sahil bağı"ndan 3 cəsədin
əskik çıxması vaxtilə dolaşan şayiələrin
əsassız olmadığı qənaətinə yenidən
yol açmışdı. Cəmiyyət içərisində,
xüsusən orta və yaşlı nəslə mənsub
insanların marağı "26-lar" barədə, demək
olar ki, dərslik səviyyəsində məlumatı olan və
ideoloji baxımdan heç bir bağlılığı
olmayan gənc nəsildən daha artıq oldu. Say ətrafında
marağın cəmlənməsi də birmənalı
qarşılanmadı. 1918-ci ildə fəaliyyət
göstərmiş Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti,
onun üzvlərinin Azərbaycan xalqının taleyində
oynadığı faciəli rol haqqında xəbərdar olmaq
istəyənlərin sayı daha çoxdur. Məhz
"Bakı kommunasının" rəhbəri
S.Şaumyanın əməllərini ifşa etmək istəyi
ilə "Sahil bağı"nda cəsədlərin "əskikliyi"
arasında bir əlaqə varmı? Dövrdən
xəbərsiz olan şəxsləri maraqlandıran digər
bir sual isə Hindistanla bağlıdır - Hindistanın bura nə
dəxli var? Hindistanın həmin dövrdə
Böyük Britaniyanın müstəmləkəsi olması
bəllidir. "Britaniya Hindistanında" vitse-kral
hökumətinin Londonun göstərişlərinə əsasən
Dehlidən Məşhəddəki "Malleson missiyası"nı idarə etməsini və Zakaspi vilayətindəki
eser hökumətinin Britaniya missiyasından asılı
olmasını arxiv sənədləri təsdiqləyir.
Hindistanda, Simladakı Britaniya baş qərargahının rəisinə
general Malleson "26-lar"ın güllələnməsindən
2 həftə sonra Məşhəddən yazmışdı:
"Aşqabad hökuməti bütün mühüm işlərdə
bizim göstərişlərimizə müvafiq hərəkət
etmişdir". Şimal-şərqi
İrandakı ingilis hərbi missiyasının
başçısı general U.Malleson Hindistandakı baş qərargaha
tabe idi. "26-lar"ın Bakıda həbsxanadan
qaçırıldıqdan sonra Krasnovodska çatdıqda
yenidən həbs edilməsi və sentyabrın 20-nə
keçən gecə Zakaspi səhrasında güllələnmələri
prosesinə ingilis missiyasının aidiyyəti və
"komissarların Hindistana aparılması" barədə
yayılmış məlumatların mövcudluğu
"Hindistan məsələsi"ni doğurmuşdur.
"26-lar" haqqında sovetlər dövründə
siyasi, ideoloji, "elmi" versiya vahid məzmun
daşıyırdı. "26 Bakı komissarı ingilis cəlladları
tərəfindən vəhşicəsinə qətlə
yetirilmişlər". Britaniya tədqiqatçıları
cidd-cəhdlə əksini sübuta yetirməyə
çalışırdılar ki, "26-lar"ın qətlində
ingilislərin əli olmamışdır.
"Komissarların Hindistana aparılması" haqqında hələ
1918-1919-cu illərdə məlumatların dolaşması, o
cümlədən "Şaumyan və digərlərinin"
"müttəfiq missiyasının həbs olunmuş
üzvləri ilə" dəyişdirilməsinə dair
radioteleqramın əldə edilməsi və digər
söz-söhbətlər "Sahil bağı"ndakı cəsədlərin
çıxarılması nəticəsində 3 cəsədin
olmaması faktı ətrafında "köhnə"
mülahizələrə "əsas" vermiş oldu. Bəs görəsən əsl həqiqət nədən
ibarətdir, tam həqiqəti bilmək olacaqmı?
Öncə "26-lar" rəqəminə
aydınlıq gətirmək lazımdır. Doğrudanmı
26 nəfərin hamısı Bakı komissarı olmuşdu?
Bəs görəsən qətlə yetirilənlər,
daha doğrusu "26-lar" sırasında komissarların
hamısı var idimi? S.Şaumyan,
P.Caparidze, İ.Fioletov, M.H.Vəzirov, Y.Zevin, Q.Korqanov Bakı
Xalq Komissarları Sovetinin əsas komissarları postunu
tutmuşdular. Yəni, "26-lar"dan cəmi
6 nəfəri "həqiqi" sabiq komissar statusunda
olmuşdur. M.Əzizbəyov isə 1918-ci
ilin qanlı mart günlərində Bakı şəhərinin
dağlıq hissəsinə mühafizə komissarı təyin
edilmiş, Bakı XKS-nin tərkibinə quberniya komissarı
kimi daxil olmuş, həmçinin xalq daxili işlər
komissarının müavini təyin edilmişdi. "26-lar"dan bir qismi Bakı XKS strukturunda
çalışmış kiçik vəzifəli şəxslər
olmuşdur. Q.Petrov isə V.Leninin göstərişi
ilə Bakı rayonunda fövqəladə hərbi komissar sifətilə
Azərbaycana göndərilmişdi. Bir
qisim "komissarlar" Qafqaz Qırmızı Ordusunun hərbi
hissələri ilə birlikdə Bakıya gəlmişdi.
"26-lar"ın 26-cı nümayəndəsi Tatevos
Əmiryan isə "Daşnaksütyun" partiyasının
üzvü, "terrorçuların rəhbərlərindən
biri" olmuşdur.
Bakı Xalq Komissarları Sovetinin (Bakı XKS) əsas rəhbərləri
də daxil olmaqla əksər üzvlərinin hakimiyyətə
yiyələnmək yolunda 1918-ci ilin yazında azərbaycanlılara
- müsəlman əhaliyə qarşı törətdikləri
kütləvi, amansız qırğınlar mahiyyətinə
görə soyqırımı siyasətinin gerçəkləşməsi
idi. Bakı XKS yaradıldıqdan sonra da bu siyasət
yeridilir, qəzalarda yerli müsəlman əhali
bolşevik-daşnak birgə silahlı qüvvələri tərəfindən
azğınlıqla qətlə yetirilirdi. Məhz Azərbaycan xalqına qarşı yönəlmiş
fəaliyyət göstərdiklərinə görə
Bakı komissarlarının sonrakı aqibəti ilə
bağlı mülahizələr diqqət tələb edir.
Rəsmi
xronologiyaya görə, 1918-ci il iyulun 31-də,
səhər saat 11-də çağırılmış
Bakı Sovetinin təcili iclasında xalq komissarları öz səlahiyyətlərindən
əl çəkmiş, "hərbi qüvvələri və
dövlət əmlakını paroxodlara yükləyib
köçürmək qərara" alınmışdı.
Həştərxana köçürülmək
üçün ilk cəhd iyulun 31-də edildi. Bakı
Sovetinin iclasından sonra RSDFP Bakı Komitəsinin
müşavirəsi keçirilmiş, bolşeviklərin sərəncamında
olan 20 milyon rublu fəhlələrə paylamaq və
bütün qiymətli şeyləri Bakıdan
çıxartmaq, "nə türklərə, nə də
ingilislərə heç nə qoymamaq" barədə qərar
çıxarılmışdı. Pulun bir hissəsi
iyulun 31-də bölüşdürülmüş və
gündüz saat 4-də komissarlar dövlət bankının
bütün qiymətli şeylərini, əmlakını və
xalq təsərrüfatı şurasının
mühasibatını paroxodlara, xüsusilə "Evelina"
paroxoduna yükləmişdilər. Bütün
bu işlərə Bakı Sovetinin iclasında təşkil
olunmuş komissiya rəhbərlik edirdi. Maye
daşıyan gəmilər neft məhsulları ilə
doldurulmuş, quru yük daşıyan gəmilərə isə
qiymətli metallar, maşınlar və s. yüklənmişdi.
"Sovet Rusiyasının hərbi qüvvələri
və dövlət əmlakını paroxodlara yükləyib
köçürmək" qərara alındığından
axşam saat 10-da yola düşmək istədikdə paroxod
körpüdən ayrılmağa imkan tapmamış, projektor
siqnalları ilə saxlanılmışdır.
"Sentrokaspi"nin nümayəndəsi
katerdə paroxoda yaxınlaşıb Şaumyan, Caparidze və
digər komissarların onlara verilməsini tələb etmişdi.
Paroxodu batırmaq təhdidi ilə bolşevikləri
geri dönməyə vadar etmiş, Şaumyan və
Ter-Qabrielyanı həbs edə bilmişdilər. Bolşeviklər geri döndükdə öz
etirazlarını bildirmiş, Şaumyan və
Ter-Qabrielyanın azad olunmasını tələb etmişdilər.
Petrov da öz növbəsində dəstəsi
adından həbs olunanların buraxılması haqqında
"Sentrokaspi"yə ultimatum vermişdi. "Sentrokaspi" rəhbərləri fikirlərindən
daşınmağa məcbur olmuş və elə həmin gecə
bolşeviklər azad edilmişlər. Avqustun
3-də Şaumyan və Ter-Qabrielyan ikinci dəfə şəhəri
tərk etməyə cəhd göstərsələr də,
matroslar tərəfindən yaxalanmışdılar.
Petrov şəhəri top atəşinə tutmaqla hədələdikdən
sonra matroslar bolşevikləri buraxmışdılar.
İngilis hərbi qüvvələri Bakıya daxil
olduqdan sonra Şaumyan "sovet qoşunlarının Bakıdan
çıxarılmasının zəruriliyini"
bildirmişdi.
Bakını maneəsiz tərk etməyə
icazə verilməsi üçün diktatura ilə
danışıqlar aparılmışdır. Diktatura hökuməti Petrova türk hərbi qüvvələrinə
qarşı vuruşmağı təklif etmiş, lakin o,
ingilislərin Bakıda olacaqları müddətdə
döyüşlərdə iştirakdan imtina etmişdi.
Xəzər donanmasının nümayəndələri
avqustun 12-də Petrovun dəstəsinin silahı təhvil-təslim
edəcəkləri halda Bakıdan çıxmağa icazə
verməyi qərara aldılar. Petrov silahı təhvil
verməyə razı olmuşdu: "Belə hesab edirik ki,
bizim sərəncamımızdakı döyüş vasitələri
və texniki vasitələr olmadan Bakı proletariatı öz
azadlığı uğrunda mübarizə apara bilməz və
onları bu vasitələrdən məhrum etməyə
özümüzü haqlı hesab etmirik, buna görə də
bildiririk ki (əgər proletariat ingilis imperialistlərinin
qoşunlarını şəhərdən
çıxarmağa razı olmasa və bunun üzündən
biz Bakıdan çıxıb getməyə məcbur olsaq), həmin
hərbi-texniki vasitələr: zirehli avtomobillər, toplar,
pulemyotlar, hərbi təchizat, geyim və sair hərbi
ştabın sərəncamına veriləcəkdir. Dəstə döyüş əhəmiyyətini
itirməmək üçün özü ilə yalnız
müvafiq miqdarda silah və sursat, habelə
(qarşılıqlı razılıqla) müvafiq miqdarda gəmi
aparacaqdır". Avqustun 11-də Petrov "Mərkəzi
Rusiya Federativ Sovet Respublikasının Bakı rayonu hərbi
komissarı" kimi bu məktubu imzalayıb "Sentrokaspi
Diktaturası"na və Bakı Soveti İcraiyyə Komitəsinin
rəyasət heyətinə göndərsə də,
Şaumyan və digər bolşeviklər bütün
silahın təhvil verilməsinə qarşı
çıxmış və 10 zirehli maşını, 10 top və
digər ləvazimatı saxlamışdılar. Belə ki, bolşeviklər və Petrovun dəstəsi
avqustun 14-də Bakıdan çıxdıqda yalnız
içərisində toplar olan 2 barja qalmışdı.
Xalq Komissarları Sovetinin üzvləri və
sovet qoşunlarının avqustun 14-də Bakını tərk
etdikləri gəmilərin sayı ayrı-ayrı mənbələrdə
fərqli (15, 16, 17) göstərilir. Güclü
fırtına gəmiləri Jiloy adasında dayanmağa məcbur
edir. Artilleriyanı və digər hərbi sursatı,
atları daşımaq üçün yararlı
olmadığından gəmilərin fırtınaya görə
dayanması səbəbindən sabahı gün səhər
"Sentrokaspi Diktaturası"nın
üç hərbi gəmisi ("Astrabad", "Ərdəhan"
və "Göytəpə") onlara çataraq dərhal
Bakıya qayıtmaları tələbini qoymuşdur. Rədd cavabı aldıqdan sonra bolşeviklərin
olduğu gəmilər atəşə tutulmuşdur. Komissarlar gecənin qaranlığında
"Leyla" barkasında adadan uzaqlaşmağa cəhd etsələr
də, gözə çarparaq həbs olunmuşdular. Onlar Bayıl türməsinə
salınmışdılar. Bakı
limanında tərk-silah edilmiş əsgərlərə isə
Həştərxana getməyə icazə verilmişdi.
Buradakı vəziyyətlə bağlı Rusiya mərkəzi
sovet hakimiyyətini mütəmadi məlumatlandıran Həştərxan
hökuməti avqustun 25-də göndərdiyi teleqramda
bildirirdi: "Dünən tərk-silah olunmuşları gətirən
iki paroxod gəlmişdir, qalan paroxodların da gəlməsi
gözlənilir; baltiklilərin bir hissəsi həbs
olunmuşdur", - komissarların avqustun 14-də
Bakını tərk etmək cəhdi barədə teleqramda ətraflı
məlumat verilir və müvafiq tədbirlər görülməsi
tələb olunurdu: "Şaumyan, Caparidze, Fioletov, Korqanov
yoldaşları və başqalarını güclü
süvari dəstəsinin müşayiəti ilə Bayıl həbsxanasına
göndərmişlər... Bizim həbs
edilmiş yoldaşlarımıza fitnə yolu ilə divan
tutula biləcəyini nəzərə alaraq və onların həyatının
təhlükəsizliyini təmin etmək üçün
eser, menşevik və daşnak partiyalarının görkəmli
işçilərini həbs edib zamin saxlamaq
lazımdır".
Stepan Şaumyanın oğlu Suren Şaumyanın
"26-lar"ın qətli ilə bağlı məhkəmədə
verdiyi şahid ifadəsində göstərilirdi ki, Petrov
körpüsündə həbsdən sonra 30, yaxud daha
çox adamı Şamaxı həbsxanasına göndərdilər. Onların
sırasında Caparidze, Petrov və başqalarının
olduğu bildirilirdi. Bakı uğrunda gedən
döyüşlər şiddətləndiyindən
"Şamaxinka" rayonundakı həbsxanada məhbusların
saxlanması təhlükəli sayılmış, onları
da Bayıl həbsxanasına
köçürmüşdülər. Bayıldakı
məhbus bolşeviklərin sayı Suren Şaumyanın ifadəsinə
görə, 35 nəfər idi. Məhbus
bolşevik rəhbərlərini həbsdən qurtarmaq
işini, özünün yazdığına görə,
Mikoyan yönəldirdi. Komissarlar həbsdən
buraxılmazsa, "Sentrokaspi Diktaturası"nın
üzvləri ölümlə təhdid edilirdi. Mikoyan məhbus bolşevikləri azad etmək
missiyasına başçılıq edir, Petrovun və
Şaumyanın Bakını tərk etmək cəhdlərini
diktatura üzvləri qarşısında inkar edirdi. Diktatura tərəfindən xalq düşməni və
xaini hesab edilən sabiq Bakı xalq komissarlarını
mühakimə etmək qərara alınmışdı.
Sentyabrın 11-də başlanan prosesi başa
çatdırmaq mümkün olmadı. Bakı
şəhəri Qafqaz İslam Ordusunun nəzarətinə
keçdikdə məhbus bolşeviklər Bayıl həbsxanasında
idilər. Bundan 3-4 gün əvvəl
S.Şaumyanın oğlu Suren Şaumyan sağ eserlərin
liderlərindən Sako Saakyanın zaminliyi ilə 16
yaşı tamam olmadığından zaminə
buraxılmışdı. Surenin
şahidlik ifadəsinə görə o, həbsdən
çıxmazdan əvvəl atası Stepan Şaumyan yenidən
daşnaklarla əməkdaşlıq etmək planını
açıqlamışdı. Bu məqsədlə
məktub yazıb, "Daşnaksütyun"
partiyasının banilərindən olan Rostom Zoryana verməyi
tapşırmışdı. Erməni
milli şurasının faktiki rəhbəri olan R.Zoryan və
digər daşnak Gülxandanyan S.Şaumyanın əməkdaşlıq
təklifini cavablandırmamaqla rədd etmiş oldular.
Həm Surenin, həm də Mikoyanın bildirdiyinə görə, Surenin kiçik silahlı qrupla həbsxanaya həmlə etmək cəhdi uğursuzluqla nəticələnmişdir. Bakı eserlərinin liderlərindən olan A.Veluntsdan silahlı mühafizə altında komissarları təxliyyə etmək icazəsi alınsa da, həbsxanadan olan silahlı mühafizə yolda ikən dağılışmışdı. Bakı komissarlarını gözləməli olan "Sevan" gəmisi isə limanda yox idi. Həmin gəminin komandasına bolşevikləri Həştərxana çatdırmalı olduqları barədə xəbərdarlıq edilmişdi. Qaçqınların olduğu "Türkmən" gəmisində daşnak Tatevos Əmiryan öz silahlı dəstəsi ilə şəhəri tərk etməyə hazırlaşırdı. Sıralarında qardaşı Arsen Əmiryanın olduğu məhbuslara "Türkmən" gəmisinə yerləşməyi təklif etmiş və paroxod Həştərxana deyil, Krasnovodska yola düşmüşdü. "Türkmən" paroxodu sentyabrın 16-sı axşam saat 8-9-da Krasnovodska çatmışdı. Bu barədə Mikoyanın, Zaytsevin ifadələri ilə Suren Şaumyanınkı arasında fərq var. Suren Krasnovodska 17-nə keçən gecə çatdıqlarını deyir.
Paroxodda 2 ingilis zabiti də olmuşdur: mayor X.F.Sattor və unter-zabit A.P.Bullen. Sentyabrın 17-si səhər Zakaspi hökuməti adından gəmidəki bütün silahların təhvil verilməsi tələb olunmuşdur. Tərk-silahdan sonra həbs prosesi başlanmışdı. Suren Şaumyanın ifadəsinə görə, axtarış zamanı həbs edilənlərin heç birində silah tapılmamışdır, yalnız Mikoyanda "Kolt" sistemli tapança aşkarlanmış və götürülmüşdür. Tatevos Əmiryanın yavəri Ruben Keqamyan gəmidəki bolşevikləri tanıtmaqla hamısını ələ vermişdi.
(Ardı var)
Firdovsiyyə
ƏHMƏDOVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının
Tarix kafedrasının müdiri, əməkdar müəllim
Azərbaycan.-2014.- 28 sentyabr.- S.6.