Naxçıvan Muxtar Respublikasının 90

 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilib

 

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Naxçıvan Muxtar Respublikası 90: innovativ, davamlı inkişaf modeli” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AzərTAc xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını rəhbər tutaraq təşkil olunub.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan, qədim tarixə malik Naxçıvanın müstəqil Azərbaycan Respublikasının qurulmasında və inkişafında oynadığı roldan danışıb. Rektor qeyd edib ki, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli yol qət edib.

Sonra Naxçıvanın 90 illik tarixi, muxtar respublikanın inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə “Naxçıvan 90: mədəni, iqtisadi sosial dirçəliş” mövzusunda məruzə ilə çıxış edib. F.Heydərov bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çoxlu sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatına əvəzsiz töhfələr verib. Naxçıvan, eyni zamanda, Azərbaycan xalqına böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş edib.

Naxçıvanın müasir inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən F.Heydərov vurğulayıb ki, Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində Naxçıvana diqqət və qayğısını əsirgəməyib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan çox böyük uğurlar əldə edib. Buraya təbii ki, Naxçıvanın da dinamik inkişafını əlavə etmək lazımdır. F.Heydərov muxtar respublikanın sənaye, ixrac potensialından, həyata keçirilən uğurlu infrastruktur layihələrindən söhbət açıb.

“Azərbaycan dövlətçiliyinin tarixində Naxçıvanın muxtariyyətinin rolumövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən çox mürəkkəb və kəşməkəşli inkişaf yolu keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da heç bir işğalçı ordu naxçıvanlıların iradəsini qıra bilməyib. Ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayan Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Muxtariyyət statusu bölgənin tarixi taleyində əhəmiyyətli rol oynayıb, təhlükəsizliyin təmin olunmasında vacib amil kimi çıxış edib.

Bildirilib ki, Naxçıvan gündən-günə gözəlləşir, abadlaşır, inkişaf edir, müasir şəhərə çevrilir. Naxçıvan Şərq ağırlıqlı Qərb düşüncə və mədəniyyətini özündə əks etdirən bir diyardır.

Konfransda, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyət statusu”, Dövlət İdarəçilik Akademiyasının elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli “Naxçıvan Muxtar Respublikasının səmərəli idarəçilik sistemi davamlı inkişafın təminatçısıdır”, Milli Məclisin deputatı, DİA-nın beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Musa Qasımlı “Naxçıvanlıların ərazi bütövlüyü uğrunda mübarizəsi (1918-1920)” mövzularında məruzələrlə çıxış ediblər.

 

Azərbaycan.-2014.- 30 sentyabr.- S.7.