Bizimlə yaşayan tarix

30 Sentyabr 2014

 

Sentyabrın son günlərində - 29 sentyabr 1515-ci ildə üzücü, yüzillik müharibələr adlanan qovğalara son qoyaraq Fransa və İsveçrə arasında əbədi sülh sazişi imzalanıb. Ancaq deyəsən, bəşəriyyətin problemləri qılınc, nizə vasitəsilə həll etmək istəyi azalmadı və bu hadisədən təxminən 400 il sonra - 1911-ci ildə İtaliya ilə Osmanlı imperiyası arasında Trablus Qərb muharibəsi başladı. Bu, gələcək dünya müharibələrinin gəlişindən xəbər veriridi. Belə bir müharibənin məşhur qəhrəmanlarından və qurbanlarından biri əslən Bakıdan olan kəşfiyyatçı Rixard Zorgeni Tokio məhkəməsinin haqqında çıxardığı ölüm hökmü (1943-cü il) məhz bu günə təsadüf edir.

Xalqımızın keçib gəldiyi zəngin və keşməkeşli  yolun bir məqamında -  1919-cu ilin sentyabrın sonlarında Bakı Dövlət Universiteti təsis edilib və beləliklə, Azərbaycanın inkişafında yeni bir dövr başlayıb. Minillərə təsadüf edən hadisələr xalqımızın yaratdığı müxtəlif maddi-mədəniyyət abidələrində yaşamaqdadır. Onlardan biri Qobustan qayalarında da əks olunub:  Qafqazı ələ keçirməyə çalışan məşhur Roma sərkərdəsi Pompeyin

(e.ə.106 - 48-ci illər) doğumölüm tarixi bu günə təsadüf edir.

Bu gün həm də görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı Mir Mövsüm Nəvvabın doğum günüdür (1883-1918). O, Şuşada Hacı Seyid Əhmədin ailəsində dünyaya gəlib. İlk təhsilini ruhani məktəbində alıb. Burda o, türk, ərəb, fars dillərini mənimsəyib, riyaziyyat, kimyas. eləmlərə yiyələnib. "Təzkireyi-Nəvvab" əsərində XIX əsrdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplayıb. Bu təzkirə 1913-cü ildə Bakıda nəşr olunub. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında Nəvvab göy cisimlərinin yerləşməsi, Günəş tutulmaları barədə cədvəllər tərtib edib. Alimin öz evində iki teleskop, kiçik rəsədxana və kimya laboratoriyası olub.

Mir Mövsüm Nəvvabın musiqi sahəsində qələmə aldığı "Vüzuhül-ərqam" traktatı da ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunub. Həmin əsərdə Mir Mövsüm ayrı-ayrı muğamların, bəzi dəsgahların mənşəyi və kökünü araşdırır, muğamların şeir mətnləri ilə əlaqəsi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətlərindən bəhs edir. Alim ilk dəfə dəsgah terminindən istifadə edibo zaman Qarabağda məlum olan 6 dəsgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahab (Rahavi), Çahargah və Nəva. Bu əsərdə Qarabağ musiqiçilərinin ifa etdiyi 82 mahnı və muğamın da adı çəkllir. Musiqişünas Zemfira Səfərova yazır ki, "Vizuhül-ərqam" ötən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir".

Nəvvab həm də bir  rəssam kimi istedadla canlandırdığı bir çox akvarel rəsmləri, kitab miniatürləri, eləcə də bir neçə bina və məscidə vurduğu naxışlar dövrümüzə kimi gəlib çıxıb. O, Qarabağın mədəni və ictimai həyatında fəal iştirak edib. "Məclisi-fəramuşan" adlı ədəbi və "Məclisi-xanəndə" adlı musiqi məclislərinin təşkilatçısı idi. Onun məclislərinin fəal üzvləri şairlərdən - Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski idi.

Onun 1905-1907-ci illərdə baş verən erməni-müsəlman qarşıdurması, eləcə də Qarabağın tarixi haqqında əsərləri də məşhurdur. O,  1918-ci ildə Şuşada vəfat edib.

30 sentyabr bəşər tarixində əvəzolunmaz bir hadisə ilə yaşamaqdadır - 1472-ci ildə Quttenberq Bibliyanı çap edibbununla kitab çapının əsası qoyulub. Bu gün həm də türk tarixində əvəzsiz yeri olan, "Möhtəşəm yüz il" serialının qəhrəmanı Qanuni Sultan Süleymanın Osmanlı taxtına sahib olduğu bir gündür (1520). Səfəvi padşahı I Abbas Səfəvi ilə Osmanlı hökmdarı Xəlil paşa arasında Mərənddə imzalanan Sərab sülh müqaviləsi də bugünün yaddaşındadır (1618). Qəribə də olsa, Amerikada ilk ölüm hökmü  bu gün icra olunub (1630). Fransada isə elə bu gün ləğv edilib (1981). Bu gün ilk dəfə Fransada nəqliyyat vasitələrinin məcburi olaraq dövlət qeydiyyatına alındığı (1901), həm də indi hər bir sürücüyə yaxşı tanış olan dizel yanacağının müəllifi alman Rudolf Dizelin müəmmalı şəkildə həlak olduğu gündür.

1992-ci ilin bu günü Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardo dos Santos Anqola prezidenti seçilib və indiyə kimi hakimiyyətdədir. Onun Bakıda doğulan qızı İzabel duş Santuş (1973) "Forbes" jurnalının 2013-cü ilin martına olan məlumatına görə Afrikanın ilk milyarder qadınıdır.

1999-cu ildə Bakı aeroportunun yeni kompleksinin açılışı olub və beləliklə, tam beynəlxalq standartlara uyğunlaşdırılan hava limanı istənilən tip təyyarəni qəbul etməyə başlayıb.

Bu gün dünya mədəniyyətinə əvəzsiz töhfələr verən, türk dünyasının fəxri Mövlana Cəlaləddin Ruminin doğulduğu gündür. Əfqanıstanın Bəlx şəhərində anadan olan Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir.  Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir.

2007-ci ildə onun anadan olmasının 800 illiyi UNESCO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

"Güllə səsi qonşuları da oyatmışdı. Çoxları elə bilmişdi ki, nəsə partlayış olub. Lakin birazdan hər şey aydın oldu. Kinorejissor Lətif Səfərov özünə qəsd etmişdi. 1963-cü il dekabrın 9-u idi. İliklərə işləyən soyuq adamlardakı həyəcana bir sərt ovqat da gətirmişdi. Onlar təəccüblə bir-birinə baxıb çiyinlərini çəkirdilər". Beləcə, həyata "əlvida" deyən tanınmış rejissor, aktyor Lətif Bəşir oğlu Səfərov (1920-1963) 30 sentyabrda Şuşada dünyaya gəlmişdi. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada işə düzəlib. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarında oynayıb. Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1950-ci ildə təhsilini başa vuraraq professional sənətkar kimi Bakıya dönüb, kinostudiyada fəaliyyətə başlayıb. 1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb.

"Qızmar Günəş altında", "Leyli Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər olsa reallaşdıra bilib. 1958-ci ildə o, Kinematoqrafçılar İttifaqının sədri seçilib. "Koroğlu" filmi üzərində böyük əziyyətlə işləyib. Çünki studiyanın imkanları çox məhdud idi. . Beləcə, bütün yaradıcı ömrünü kinonun inkişafı uğrunda mübarizəyə həsr edib.

Zülfüqar Hacıbəylinin dünyaya vida günü 30 sentyabrdadır. 1884-cü il aprelin 17-də Şuşada anadan olan bəstəkarın kiçik qardaşları Üzeyir Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı rol çox böyükdür. Professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət fədailəri sırasında Zülfüqar Hacıbəylinin məxsusi yeri vardır. O,  bəstəkar dirijor Niyazinin atasıdır. Özündən sonra qalan əsərləri:  "Əlli yaşında cavan" (1909), "On bir yaşlı arvad" (1911), " Evliykən subay" (1911), "Aşıq Qərib" (1915), "Nüşabə", "Üç aşiq ya Məlikməmməd".

Sentyabrın 30-u Səxavət Məmmədovu da itirdiyimiz bir gündür. O,  Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağda dünyaya göz açmışdı. Onun ölümü hamını sarsıtdı. 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişən xanəndəni insan axını Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola saldı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənd işğal olunduğu üçün ünvana çata bilmədi, üzərində şəkli, başdaşı Bakıdakı evinin həyətində qaldı. Amma onun əsl evi Qarabağda idi...

 

Elə kövrək, elə həzin oxuma,

Fələk vuran yaralı var, a zalım.

 

Bu sözlər Səxavət Məmmədov haqqındadır. Səxavətin ölümündən əvvəl, ya sonra qələmə alındığı bilinmir. Amma fərq etməz - axı Səxavət hələ oxuyur, ətrafında isə "fələk vuran yaralılar..."

 

B.QARACA,

Azərbaycan.-2014.- 30 sentyabr.- S.11.