Nüfuzlu «Pakistan Observer» qəzeti Azərbaycan Prezidenti

 İlham Əliyevi «2013-cü ilin adamı» elan etmişdir

 

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etmişdir. Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsində "İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" adlı xüsusi məqaləsi çap olunmuşdur. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq etmiş parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilmişdir.

Materialda Zahid Malik Prezident İlham Əliyevlə 2005-ci il aprelin 6-da görüşdüyünü və həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulamışdır. Yazıda qeyd olunur ki, həmin görüşdə dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın tutduğu prinsipial mövqeyə görə minnətdarlığını bildirmişdir.

Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilmişdir. Zahid Malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunduğunu, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini diqqətə çatdırmışdır.

Müstəqil Azərbaycanın gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd etmiş, bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Zahid Malik yazır ki, İlham Əliyev 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilmiş ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilmişdir. Bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulamışlar.

Məqalədə bildirilİr ki, Qərbin aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynamış, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olmuşdur. Yazıda deyilir ki, bu siyasətin davamı olaraq sonra neft və qazın nəqli marşrutları müəyyən edilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilmişdir, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 milyard dollar məbləğində mənfəət əldə etmiş, bir vaxtlar qaz idxal edən Azərbaycan bu məhsulun ixracına başlamışdır. Qeyd olunmuşdur ki, ölkədə tikilmiş 14 yeni elektrik stansiyası ölkənin elektrik enerjisinə olan tələbatını tam təmin etmişeyni zamanda, ixrac imkanları yaratmışdır.

Yazıda ölkəmizin nəqliyyat siyasətindən də danışılır, Mərkəzi Asiya regionundan Avropaya mallarının daşınmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istismara verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat mərkəzinə çevriləcəyi bildirilir.

"Pakistan Observer"in məqaləsində qeyd edilir ki, hazırda Azərbaycan regionun ən böyük investoruna çevrilmişdir. Materialda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, bu sahədə əldə edilmiş uğurlardan da söhbət açılır.

Zahid Malik Prezident İlham Əliyevin Azərbaycanın dövlət maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Pakistanla münasibətlərə xüsusi önəm verdiyini qeyd etmişdir. Məqalədə bildirilir ki, iki ölkə arasında qədim tarixə, ümummilli, mədəni və dini dəyərlərə əsaslanan əlaqələr inkişaf etdirilir, dövlətlərimiz beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Zahid Malik Pakistan ilə əlaqələrin yaradılması və inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu qeyd etmişdir. Məqalədə deyilir ki, müdrik siyasi xadim, dərin biliyə malik olan İlham Əliyev, eyni zamanda, yüksək mədəniyyət sahibi və gözəl ailə başçısıdır.

Məqalənin sonunda qeyd edilir ki, Prezident İlham Əliyev regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində yüksək səylər göstərir.

Zahid Malik məqaləni bu sözlərlə bitirir: "Məhz sadalanan uğurlarına görə Azərbaycan Prezidenti İlham Əliyev "2013-cü ilin adamı" adına layiq görülmüşdür və bu münasibətlə onu təbrik edir, bütün Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq".

 

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

İslamabad

Azərbaycan.-2014.- 8 yanvar.- S.3.