2013-cü il ölkəmiz üçün çox uğurlu il olub

 

Prezident İlham Əliyev: "Qarşımızda duran bütün

 məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli

 inkişafı davam etmişdir"

 

 

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bölgədə yerləşsə də, onun həm siyasi, həm də iqtisadi sahələrdə özünəməxsus inkişaf modeli formalaşıb. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Ümumi qənaət bundan ibarətdir ki, bu sürətli inkişaf və tərəqqi prosesində ölkə başçısına ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyilir: "2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir.

2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə etmişdir".

Ölkə başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin  ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı fərmanların əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilmiş, konseptual əhəmiyyətli bu sənədlər qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Neft strategiyasının uğurlu göstəricilərindən biri də 2014-cu ilin dövlət büdcəsində özünü göstərir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artması da neft gəlirlərinin sosial rifah amilinə xidmət etdiyini göstərir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: "Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə gətirib çıxarmışdır. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir.

Eyni zamanda, güclü iqtisadiyyat, əlbəttə ki, sosial məsələlərin həllinə də kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtlarından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə bilməz. Ona görə hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir".

Yeni mərhələdə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsi təmin edilmiş, respublikamız MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxildir. Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrini təhlil edərkən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan bu proqramların istifadəsinə əsaslanan siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu sahədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Azərbaycan istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentaliteti, milli dəyərləri və xarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da ölkəmizin siyasi modelinin mühüm xüsusiyyətidir.

2013-cü ildə Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə inkişaf üçün əlverişli şərait yaranmışdır. Gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır.

Ötən 10 ildə uğurla aparılan sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 9 yanvar.- S.1.