Fransa mətbuatında Azərbaycana maraq artıb

 

Son zamanlar Fransada Azərbaycana qarşı maraq artmışdır. Bunu ölkə mətbuatında dərc olunan məqalələr  sübut edir.

Fransanın nüfuzlu "Ortodoxie" internet qəzetindəki "Azərbaycan Prezidenti Milad bayramı münasibətilə pravoslav xristian icmasını təbrik etmişdir" sərlövhəli məqalədə tolerantlıq və dünyəvilik məkanı olan Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin dininə, dilinə və mədəniyyətinə hörmətlə yanaşıldığı diqqətə çatdırılmışdır. Azərbaycan Prezidenti  İlham Əliyevin Milad bayramı münasibətilə ölkədəki pravoslav xristian icmasına ünvanladığı təbrikdə yer alan "Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar" fikri xüsusi vurğulanmışdır.

Məqalədə qeyd edilmişdir ki, sivilizasiyalararası və dinlərarası dialoqun hökm sürdüyü ölkə yüksək humanizmdözümlülük prinsiplərinə əsaslanır, demokratik dəyərləri inkişaf etdirir, azlıq təşkil edən etnik qrupların birgəyaşayış normaları dövlət tərəfindən lazımi səviyyədə müdafiə olunur. Azərbaycanda hər il Milad bayramının yüksək səviyyədə qeyd  edildiyi xatırlanan məqalədə Prezident İlham Əliyevin təbrik məktubunda səsləndirdiyi "pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişafquruculuq prosesində yaxından iştirak edirlər" fikri oxucuların diqqətinə çatdırılır.

"Riposte Laique" internet qəzetində isə  dekabrın 14-də Fransa Milli Assambleyasında "Fransa-Azərbaycan dünyəvi səyahətlər: müstəsna, yoxsa universal nümunələr?" mövzusunda keçirilən kollokviumdan bəhs edən yazı verilmişdir.

Məqalənin müəllifi Eve Sovajer əhalisinin 95 faizini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi bir dövlət kimi tanındığını,  ölkəmizdə dünyəviliyin tarixi proses kimi dəyərləndirildiyini, Azərbaycan modelinin digər ölkələr üçün əsl nümunə olduğunu, bütün dinlərə hörmət və ehtiram bəsləndiyini,  Bakının mərkəzində sinaqoqun fəaliyyət göstərdiyini vurğulamışdır.

Məqalədə müxtəlif təşkilatların təmsilçilərinin çıxışlarında son zamanlar Fransa kimi bir ölkədə antisemitizm, rasizmislamofobiya hallarının gücləndiyi halda, Azərbaycanda dünyəviliyin və dözümlülüyün daha qabarıq nəzərə çarpmasına, müxtəlif etnik qrupların əsrlər boyu dostluq şəraitində yaşamalarına dair səsləndirdikləri fikirlər yer almışdır.

"Adiam94.orq" saytındakı "Xanəndə Güllü Muradova" adlı məqalədə Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti barədə ətraflı məlumat verilir, xanəndənin yüksək peşəkarlıqla ifa etdiyi muğamın Orta Asiya və bəzi müsəlman ölkələrdə yayılmasına baxmayaraq, onun əsl vətəninin Azərbaycan olduğu diqqətə çatdırılır, tar və kamança ilə müşayiət olunduğu bildirilir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 9 yanvar.- S.3.