TAP və ICGB arasında Anlaşma Memorandumu imzalanmışdır

 

"Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Adriatik qaz kəməri (TAP) layihəsi konsorsiumu və Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) hazırlanması, maliyyələşdirilməsi və tikintisi ilə məşğul olan ICGB şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır.  AzərTAc Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu razılıqdan sonra TAP və ICGB layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaqlar.

TAP-dan verilən açıqlamaya görə, tərəflər Gümülcinə ərazisində şəbəkə həlqəsini yaratmaq üçün birgə çalışacaqlar. Bu əməkdaşlıq nəticəsində Azərbaycan qazı Bolqarıstana və digər Cənub-Şərqi Avropa ölkələrinə də ötürüləcəkdir.  TAP-ın ticarət əlaqələri üzrə direktoru Lutz Landvehr əldə olunan razılığı məmnuniyyətlə qarşıladıqlarını və müqaviləni Xəzər dənizindən təbii qazın Bolqarıstana çatdırılması fürsəti kimi dəyərləndirdiklərini bildirmişdir. O qeyd etmişdir ki, bu razılaşma sayəsində Bolqarıstanın, o cümlədən Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyi təmin olunacaqdır.

Azərbaycan qazını Türkiyə ərazisindən keçməklə Avropaya daşıyacaq TAP layihəsi üçün cari ildə tenderin elan olunması, 2015-ci ildə isə kəmərin tikintisinə başlanacağı planlaşdırılır.

Bolqarıstanın İqtisadiyyatEnergetika Nazirliyinin məlumatına görə, inşa olunacaq 168,5 kilometrlik ikitərəfli təbii qaz xəttinin 140 kilometri Bolqarıstan, 28,5 kilometri də Yunanıstan ərazisindən keçəcəkdir. Boru xətti Gümülcinə bölgəsində Yunanıstanın qaz şəbəkəsinə, Eski Zağra bölgəsində isə Bolqarıstanın qaz şəbəkəsinə birləşdiriləcəkdir. Boru xətti ildə 3-5 milyard kubmetr təbii qaz ötürmək gücünə malik olacaqdır.

Bolqarıstan mətbuatının məlumatına görə, 160 milyon avroya başa gələcək ICGB-nin maliyyə xərclərini əsasən Avropa Komissiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı ödəyəcəkdir. İnşasına bu il başlanacaq ICBG boru xəttinin 2016-cı ildə tamamlanması nəzərdə tutulur.

 

Azərbaycan.-2014.- 9 yanvar.- S.3.