Sədərək rayonunda yeni məktəb istifadəyə verildi

 

Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının Sədərək kənd 1 nömrəli tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov demişdir ki, rayonda digər sahələrlə yanaşı, təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Son illər Sədərək rayonunda 1 məktəb, 2 uşaq bağçası və şahmat məktəbi inşa edilmiş, aparılan abadlıq işləri sayəsində yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonda təhsilin uğurları ilbəil artmaqdadır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 31-i ali məktəblərə qəbul olmuşdur. Həbib İbrahimov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq etmişdir.

Müəllim Vəfa Həsənova bildirmişdir ki, məktəb binasında yaradılan şərait, müasir informasiya texnologiyalarının tətbiqi təhsilin keyfiyyətini xeyli yüksəldəcəkdir. Yaradılan şəraitin müqabilində pedaqoji kollektiv daha səylə işləyəcək, gələcəyimiz üçün savadlı və vətənpərvər gənc nəsil yetişdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək kənd 1 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli lider Heydər Əliyevin "Məktəb təhsil verməklə yanaşı, gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır" fikrini xatırladaraq demişdir: Şagirdlər məktəblərdə yaxşı təhsil almalı, müasir informasiya texnologiyalarını öyrənməli, ölkəmizin gələcəyi üçün əsl vətəndaş kimi böyüməlidirlər. Bunun üçün müasir tədris şəraitinin yaradılması və yeni məktəb binalarının tikilməsi vacib şərtdir. Ona görə də ölkəmizdə təhsilin inkişafına, məktəblərin müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Sədərək rayonunda müasir tələblərə cavab verən məktəb binasının istifadəyə verilməsi də dövlətimiz tərəfindən təhsilə göstərilən qayğının daha bir ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev təhsilin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Məktəblərdə şərait, tədrisin səviyyəsi elə olmalıdır ki, uşaqlar, gənclər yaxşı təhsil ala bilsinlər". Bu gün istifadəyə verilən məktəb binasında da tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait vardır. İnformasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binasında 5 elektron lövhəli sinif yaradılmış, internetə qoşulmuş 76 kompyuter, eyni zamanda gənclərin sağlam böyüməsi üçün idman zalı və açıq idman qurğuları istifadəyə verilir. Bunlar məktəbdə gənclərin hərtərəfli formalaşmasına imkan yaradacaqdır.

Ali Məclisin Sədri demişdir: "Gənclər təhsil almaqla yanaşı, müxtəlif peşələrə də yiyələnməli, gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak etməlidirlər. Bu mənada ümumtəhsil məktəblərinin üzərinə mühüm vəzifələr düşür".

Ali Məclisin Sədri məktəbin nailiyyətlərini qeyd edərək demişdir ki, ötən tədris ilində məktəbin məzunlarından 15-i ali məktəblərə, 4-ü orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Yaradılan şərait gələcəkdə qazanılan uğurların daha da artırılmasına imkan verəcəkdir. Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, onlara tədrisdə uğurlar arzulamışdır.

Sonra Ali Məclisin Sədri Sədərək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəstləri hədiyyə etmişdir.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış keçirilmişdir.

 

828 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. Binada 46 sinif otağı, kimya, biologiyafizika laboratoriyaları, hərbi kabinet, 4 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.

Ümumtəhsil məktəblərində kitabxanalardan səmərəli istifadə vacib məsələdir. Məktəbin kitabxana fondunda 15 minə yaxın ədəbiyyat vardır. Baxış zamanı şagirdlərin bilik və bacarıqlarına, eləcə də mütaliə vərdişlərini artırmağa imkan verən tədbirlərin təşkil olunması və kitabxana günlərinin keçirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Ali Məclisin Sədri birinci siniflərdə şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2013-2014-cü tədris ilində Sədərək kənd 1 nömrəli tam orta məktəbində birinci sinfə 73 şagird qəbul olmuşdur. Şagirdlərin məktəbə hazırlıq kurslarına cəlb edilməsi, tədrisin nəzəri və praktik metodlarla aparılması keçirilən dərslərin asan mənimsənilməsinə imkan verir.

İnformasiya texnologiyalarından istifadə etməklə qurulan müasir təhsil modeli pedaqoji kollektiv qarşısında yeni tələblər və vəzifələr qoyur. Muxtar respublikanın ümumtəhsil məktəblərinin müəllimləri həm də informasiya texnologiyalarından istifadə üzrə təlimlərdə iştirak edirlər. Bu da dərs prosesini sadələşdirməklə yanaşı, müəllim və şagirdlərin informasiya texnologiyalarından istifadə imkanlarını da xeyli artırır. Məktəbdə quraşdırılan kompyuterlər də müəllim və şagirdlərin tədrisyönümlü saytlardan istifadəsinə, müxtəlif fənlər üzrə ətraflı məlumatlar əldə etmələrinə şərait yaradacaqdır.

Tədris prosesində elektron lövhədən istifadə dərslərin əyaniliyini təmin edir. Elektron lövhələrdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini virtual olaraq izləyirlər. Bu isə onların nəzəri biliklərini, praktiki bacarıq və təcrübələrini xeyli təkmilləşdirir. Sədərək kənd 1 nömrəli tam orta məktəbində quraşdırılan elektron lövhələr də tədrisin keyfiyyətini xeyli yüksəldəcəkdir.

Kimya, biologiyafizika laboratoriyalarında sınaq təcrübələrinin aparılması üçün müxtəlif cihaz və alətlər qoyulmuş, hərbi kabinetdə şagirdlərə hərbi biliklərin öyrədilməsi üçün lazımi şərait yaradılmışdır. Məktəbdə şagirdlərin ilkin hərbi biliklərə yiyələnməsi və vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də hərbi idman oyunlarına maraqlarının artırılması və yarışlarda iştiraklarının təmin edilməsi diqqət mərkəzində saxlanılır.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Sədərək kənd 1 nömrəli tam orta məktəbində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılmışdır. Kollektivin vəzifəsi bu şəraitdən səmərəli istifadə etmək, bilikli və vətənpərvər gənclər yetişdirməkdir. Çünki məktəb təhsil verməklə yanaşı, ölkənin gələcəyini də hazırlayır. Son illər məktəb kollektivi fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. Ona görə də müəllimlərin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, onlardan 1-i "Tərəqqi" medalı ilə təltif olunmuş, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının "Əməkdar Müəllimi" fəxri adına layiq görülmüşdür. Bir müəllim isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulamışdır.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq edərək demişlər ki, pedaqoji kollektiv üzərinə düşən vəzifələri dərindən dərk edir, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışırlar.

 

Məktəbin həyətində abadlıq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, futbol meydançası və açıq idman qurğuları istifadəyə verilmişdir.

 

*  *  *

Məktəb binası ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, son illər Sədərək rayonunun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, yeni inzibati binalar tikilmiş, insanların yaşayış səviyyəsi yüksəldilmiş, sosial problemləri həll olunmuş, məskunlaşma artmışdır. Hər il rayonda müxtəlif sahələr üzrə tikinti-quruculuq işləri aparılır. Hazırda suvarma tədbirlərini yaxşılaşdırmaq üçün yeni nasos stansiyası tikilir, içməli sukanalizasiya sistemləri yenidən qurulur. Görülən bu işlər rayonda əkinçiliyin inkişafına, təsərrüfatların genişləndirilməsinə, əhalinin kommunal-məişət şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir. 2014-cü ilin ilk günündə Sədərək rayonunda yeni məktəb binasının istifadəyə verilməsi də həyata keçirilən quruculuq tədbirlərinin davamıdır.

Ali Məclisin Sədri rayonun inkişafında fəal iştirak etdiklərinə görə sakinlərə təşəkkürünü bildirmiş, onlara gələcək həyatlarında və işlərində uğurlar arzulamışdır.

Rayon sakinləri adından minnətdarlıq edən Həsən Rzayev demişdir ki, sərhəd yaşayış məntəqəsi olan Sədərək bu gün özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Bu inkişaf bir tərəfdən sakinlərin torpağa bağlılığından irəli gəlirsə, digər tərəfdən göstərilən dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Həsən Rzayev bundan sonra da rayonun  inkişafında yaxından iştirak edəcəklərini bildirmişdir.

 

Azərbaycan.-2014.- 9 yanvar.- S.4.