Məhvinin sonuna çatan ölkə

 

Ermənistan daha bir tənəzzül dolu ili geridə qoydu

 

 2013-cü il işğalçı Ermənistan üçün bütün sahələrdə daha sürətli tənəzzül ilə xarakterizə olundu. İstər siyasi, sosial-iqtisadi, istərsə də ictimai həyatda yaşanan gerilik işğalçı ölkənin məhvini sürətləndirən hal kimi qeyd olunur. Hadisələrin inkişaf istiqaməti bu ölkənin artıq heç bir perspektivə malik olmadığını göstərir.

 

 

 

Total saxtakarlıqla keçən prezident seçkiləri

 

 

Ermənistanda ötən il ərzində baş verən əsas siyasi hadisələrdən danışarkən ilk olaraq prezident seçkilərinə nəzər salmaq lazım gəlir. Bu seçki Ermənistan tarixində total saxtakarlıq şəraitində keçən növbəti seçkilər kimi yadda qaldı. Öncə qeyd edək ki, Ermənistanın ən böyük müxalifət partiyası olan Ermənistan Milli Konqresi seçkini boykot edərək prosesdə iştirak etməyib. Səbəb isə budur ki, konqres erməni hakimiyyətinin seçkilərin nəticələrini saxtalaşdıracağına tam əmin idi və proqnozları da özünü doğrultdu.

Ümumiyyətlə, 2012-ci ilin may ayında olmuş parlament seçkilərindən sonra Ermənistan müxalifəti ölkədə hansısa ədalətli seçkilərin keçirilməsinə ümid etmir. Prezident seçkiləri zamanı isə seçicilərə hədə-qorxu gəlmək, onları pul ilə ələ almaq sayəsində hakim Ermənistan Respublikaçılar Partiyası seçkiqabağı kampaniyada özünü favorit qüvvə kimi göstərməyə çalışsa da, yenə total saxtakarlıqla hakimiyyətə yiyələndi.

Ermənistan müxalifəti və prezidentliyə namizədlərin, demək olar ki, hamısı prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntularının qeydə alındığını bildirdilər. Prezidentliyə namizəd, keçmiş baş nazir Qrant Baqratyan pozuntuların kütləvi xarakter aldığını və bununla əlaqədar nəticələrin qeyri-legitim olduğunu bəyan etdi. Məlum oldu  ki, Ermənistan hakimiyyəti tərəfindən seçki məntəqələrinin yaxınlığında yerli kriminal qruplar yerləşdirilib və həmin qruplar hədə-qorxu və ya rüşvətvermə yolu ilə səsvermə prosesinə müdaxilə ediblər. Mürəkkəb qalmaqalı isə yadda qalan əsas hadisələrdən birinə çevrildi. Məlum oldu ki, son parlament seçkilərində olduğu kimi, gətirilən mürəkkəblər saxta imiş. Belə ki, hər bir seçicinin pasportuna vurulan mürəkkəb 12 saat qalmalı olduğu halda ancaq 10-15 dəqiqə qalır və rahatlıqla silinir. Bu isə eyni seçicinin 2 və daha artıq seçki məntəqəsində səs verməsinə şərait yaradır. Onu da bildirək ki, müxtəlif seçki məntəqələri üçün nəzərdə tutulmuş seçki siyahılarında eyni ad-soyadlı çoxluğun olması da əsas narazılıq hədəfinə çevrildi.

Sarkisyanın qələbəsi ilə razılaşmayan Raffi Ovannisyan isə məsələyə ironiya ilə yanaşaraq "seçilmiş prezident" kimi bəyanatları ilə yadda qaldı. Bildirdi ki,  xalqın arzusunun həyata keçməsi onun üçün ən vacib şərtdir: "Mən bütün rəqiblərimə, xüsusilə Serj Sarkisyana hörmətlə yanaşıram. Onun adı Ermənistan dərsliklərində qalacaq. Məhz o, xalqın qələbəsini etiraf edən ilk prezident olmalıdır. Raffi qalib gəlməyib, Serj məğlub olmayıb. Seçkilərdə iradəsini ifadə edən xalq qalib gəlib. Xalqımız de-yure seçilmiş prezidentə layiqdir. Seçilmiş prezident isə mənəm".

Ermənistan mətbuatı isə yazırdı ki, oliqarxlar seçicilərin səslərinin pulla alınması prosesində ciddi fəallıq nümayiş etdiriblər. Beynəlxalq müşahidəçilər də seçkilərdə total saxtakarlıq olduğunu bəyan etdilər. Bildirildi ki, seçkilər zamanı Ermənistan Seçki Məcəlləsinin bir çox mühüm müddəaları yerinə yetirilməyib və şikayətlərə qanunauyğun şəkildə baxılmayıb. Hakimiyyət nümayəndələri qanuna əməl etməyib və seçki komissiyalarındakı bəzi azsaylı müxalifət tərəfdarları bunun qarşısını almaqda aciz qalıblar. Nəticə etibarilə Ermənistanın götürdüyü beynəlxalq öhdəliklər həmişə olduğu kimi, yerinə yetirilməmiş qalıb.

Beləliklə, Sarkisyan növbəti 5 il müddətinə saxtakarlıq yolu ilə hakimiyyətdə ən yüksək kürsüyə yiyələndi. Bu 5 il isə Ermənistan üçün sadəcə yeni tənəzzül mərhələsi kimi qiymətləndirilir.

 

 

 

Forpost ölkə

 

 

 

Siyasi-iqtisadi sahədə bu ölkə üçün yadda qalan daha bir hadisə isə Avropaya inteqrasiyadan imtina etməsi oldu. Ermənistanın RusiyaAvropa arasında manevr cəhdləri uğursuz alındı. Serj Sarkisyan ötən ilin noyabr ayında ölkəsinin Rusiya, Belarus və Qazaxıstandan ibarət Gömrük İttifaqına qoşulduğunu bildirdi. Bununla da ölkəsinin Avropaya inteqrasiyasının üzərindən xətt çəkildi. Halbuki Ermənistan 5 il əvvəl Avropa İttifaqı ilə Assosiasiya sazişi, Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə saziş müzakirə olunarkən belə bir razılıq əldə edilmişdi ki, ticarət sazişi də imzalansın. Bu isə o deməkdir ki, Dərin və Hərtərəfli Azad Ticarət Zonası barədə saziş Assosiasiya Sazişi daxilində ayrıca hissə olsa da, burada ticarətə aid elə məsələlər var ki, assosiasiya sənədi ilə bağlıdır. O da faktdır ki, ticarət Assosiasiya Sazişinin əsas tərkibini təşkil edir. Ticarət haqqında müddəa Ermənistana təxminən yarım milyard insanı əhatə edən bazara qeyd-şərtsiz giriş verir və məhsullarının Avropaya çıxışını təmin edirdi. Lakin Ermənistan artıq bu imkandan məhrumdur.

Erməni deputat Zarui Postancyan bildirir ki, saxta yolla hakimiyyətə gələn Serj Sarkisyan iqtidarda olduqca belə problemlər davam edəcək: "Ermənistan əhalisinin 80 faizi ölkədə ədalətsizliyin hökm sürdüyünü, seçkilərin saxtalaşdırıldığını bilir. Artıq neçənci dəfədir Ermənistan vətəndaşları anlayır ki, onların səsləri oğurlanır və bu oğurluğu, fırıldaqçılığı, mütəşəkkil cinayətkarlığı həyata keçirən Serj Sarkisyandır. Bu gün Ermənistanda çoxlu sayda yoxsul və aclıq keçirən insan var. Mən heç nədən qorxmuram, mübarizəni davam etdirəcəyəm. Sona qədər mübarizə aparacağam ki, bizim övladlarımızın vətəni olsun. Sarkisyanı milyon dollarlaravrolar xaricində heç nə maraqlandırmır".

Bütün bunlar onu göstərir ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaq planları onun Rusiyadan asılı dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi. Dünyanın iki böyük geosiyasi gücü arasında uğursuz manevrlər etməsi faktiki olaraq erməni dövlətçiliyinin perspektivsizliyinin nümayişi oldu.

 

 

 

Dərinləşən sosial-iqtisadi tənəzzül

 

 

Ötən il Ermənistanda iqtisadi tənəzzülün daha da dərinləşməsi ilə yadda qaldı. Ümumiyyətlə, sosial-iqtisadi sahədə üzləşdiyi çətinliklər hər keçən gün daha da artan, bir çox hallarda gündəlik ərzağa olan tələbatını belə ödəyə bilməyən Ermənistan əhalisi vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görür. Ermənistanın böyük miqdarda xarici borclanmaya getməsi isə vəziyyəti daha da qəlizləşdirir. Bununla yanaşı o da qeyd edilir ki,  xarici borc məsələsində Ermənistan üçün daha bir ağrılı problem  müxtəlif dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından alınan vəsaitlərin səmərəsiz xərclənməsi, xeyli hissəsinin isə ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsidir.

Ölkədə sosial vəziyyətin ağırlaşması əhalinin hakimiyyətdən narazılığını artırır. Ermənistanın Milli Statistika Xidmətinin "Ermənistanın sosial xəritəsi və yoxsulluq" adlı hesabatı da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Burada bildirilir ki, Ermənistanda yoxsulluq 4,8 faiz artıb. Hesabata əsasən, işğalçı ölkədə yoxsulluğun artmasına əsas səbəb 2009-cu ildə iqtisadiyyatın 14,1 faiz azalması olub. Bu tədqiqata görə, 2012-ci ildə təxminən əhalinin üçdə biri kasıb, 13,5 faizi  daha kasıb, 2,8 faizi isə ifrat yoxsul dərəcəsində olub. Hesabatda göstərilir ki, 2008-2012-ci illərdə yoxsulluq səviyyəsi kəndlərə nisbətən şəhərlərdə daha çox artıb. Yoxsulluğun ən aşağı səviyyəsi 25,6 faizlə Yerevanda qeydə alınıb.

Ümumiyyətlə, Ermənistanda əsas tələbat mallarının, eləcə də ictimai nəqliyyatın qiymətlərinin bahalaşmasının davam etməsi əhalinin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirib. Xüsusən də Rusiyanın Ermənistana satdığı qazı bahalaşdırması bu ölkədə gərgin vəziyyət yaradıb.

 

 

 

Orduda vəziyyət pisləşir

 

 

Ağır durum erməni ordusundan da yan keçmir. Mövcud vəziyyətin təhlili göstərir ki, Ermənistan ordusu hərtərəfli problem yaşayır. Məsələn, çağırışçıların sayının sürətlə azalması ciddi problemə çevrilib. Bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda, orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər keçən il Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artan xətt üzrə inkişaf edir. Bütün bunlar həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özübu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir. Toplanan məlumatlardan belə aydın olur ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin tüğyan etməsi, əsgərlərin hərbi hissələrdən kənar şəxsi işlər görməyə vadar edilməsi, intihar, döyülmə, müxtəlif qəza halları və nizamnamədən kənar davranışlardır. Özübu kimi hallara əsas etibarilə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar məruz qalır. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalığı, rüşvətxorluğu, kiçik komandirlərin şəxsi heyəti idarə etməsi, onların nizamnamədən kənar və nalayiq davranışları, orduda "dedovşina" hallarının davam etməsi müddətli xidmət edən əsgərlər arasında fərariliklə  yanaşı, onlar arasında intihar hallarının sayının da sürətlə artmasına səbəb olur. Əvvəlki kimi, orduda əxlaqsızlıq məsələsi də ciddi problem olaraq qalır. Belə ki, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüz edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması halları da ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb.

Korrupsiya, hərbi əmlakın ucuz qiymətə satılması və bu qəbildən olan digər mənfi tendensiyaların da miqyası genişlənməkdə, hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşılması, tibbi ləvazimat, hospital çatışmazlığı davam etməkdədir.

 

 

 

Miqrasiya problemi böyüyür

 

 

 

Baş verənlər ona səbəb olur ki, işğalçı ölkəni birdəfəlik tərk edənlərin sayı durmadan artır. Təkcə 2013-cü ildə 110 min nəfər Ermənistanı birdəfəlik tərk edib. Ölkəni tərk etmək istəyənlərin sayı daha böyük sürətlə artmaqda davam edir. Bunu Ermənistanda fəaliyyət göstərən "Nilli" Birlik Cəmiyyətinin  sosioloji sorğusunun nəticələri də təsdiq edir. Sorğunun əsas məqsədi gənclərin Ermənistana bağlılığını və onların ölkədə qalıb-qalmamalarını öyrənmək olub.

Rəyi soruşulan gənclərin 78,5 faizi Ermənistanı tərk etmək istədiyini bildirib. Onlar bunu Ermənistanın iqtisadi vəziyyətinin iflic olması, işsizliyin tüğyan etməsi, ali təhsilli gənclərin əksəriyyətinin tapa bilməməsi, əhalinin böyük bir hissəsinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər.

Miqrasiya xidməti son beş ildə 180 mindən artıq erməninin ölkəni tərk etdiyini açıqlayıb. Əslində rəsmi məlumatlar reallığı heçtam əks etdirmir. Qeyri-rəsmi məlumata görə, ölkəni tərk edənlərin sayı bundan qat-qat çoxdur.

Bunlar isə Ermənistanın gələcəyi üçün müsbət heç nə vəd etmir. Eyni zamanda Ermənistanın məhvinin sürətlə yaxınlaşdığını göstərir.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 10 yanvar.- S.7.