Cəlilabad rayon təhsilində dönüş yaranır

 

Son illər respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da təhsilin inkişaf etdirilməsi, təlim və tərbiyə işinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda müasir məktəblər tikilmiş, köhnələri əsaslı şəkildə təmir edilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Təhsil sahəsində dövlətin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətli həlli, təlim-tərbiyə prosesinin daha da yaxşılaşdırılması məqsədilə rayon təhsil şöbəsində əsasli kadr islahatı aparılmışdır. Uzun müddət Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini işləyən, təhsil, səhiyyə, mədəniyyət sahələrinə baxan, ixtisasca müəllim olan Vidadi Dövlətov keçən ilin mart ayında rayon təhsil şöbəsinin müdiri təyin edilmişdir. Ötən müddət ərzində görülən işlər, həyata keçirilən tədbirlər haqqında ondan məlumat verməsini xahiş etdik. V.Dövlətov qeyd etdi ki, Cəlilabadda yeni məktəblərin tikintisi geniş vüsət alıb, əlavə sinif otaqlarının inşası, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi və onların maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırlması prosesi ardıcıl şəkildə davam etdirilir. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən müddətdə rayon rəhbərliyinin əsas istiqamətlərindən biri olubbütün aidiyyəti təşkilatların potensial gücündən bu vacib sferanın inkişafı üçün maksimum istifadə edilir.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində rayonda indiyədək 2 min 120 yerlik 6 yeni məktəb binası tikilərək istifadəyə verilib.       

Cəlilabadda 2012-2013-cü dərs ilində məktəb tikintisi davam etdirilmiş, 360 şagirdlik Gülməmmədli kənd tam orta məktəbin və 6 saylı məktəb binası tikilib başa çatdırılmışdır. 2013-cü ildə Sabirabad kənd 1 saylı, Zəhmətabad, Soltankənd, Həziabad və Cəlilabad şəhər 2 saylı məktəblərin inşası başa çatmış və həmin təhsil ocaqları sentyabrın 16-dan istifadəyə verilmişdir.

2012-2013-cü dərs ilində Cəlilabad rayonunda 126 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 39 ümumi orta, 13 ibtidai məktəb fəaliyyət göstərmişdir. Bu məktəblərdə 1876 sinif komplektində 28 min 316 şagird təhsilə cəlb olunmuş, onların təlim-tərbiyəsi ilə 2 min 404 nəfər müəllim məşğul olmuşdur.

Rayonda 5 məktəbdənkənar tərbiyə müəssisəsi (texniki yaradıcılıq mərkəzi, ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, uşaq yaradıcılıq mərkəzi, uşaq gənclər idman məktəbi və şahmat məktəbi) fəaliyyət göstərir. Bu müəssisələrin 176 dərnəyinə 1435 uşaq cəlb edilmişdir.

Təhsil şöbəsi təhsil nazirinin müraciətinə öz əməli işi ilə cavab verərək qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün fəaliyyətini daha da gücləndirmiş, mövcud potensialı hərəkətə gətirmiş, təhsil sahəsindəki qüvvə və resursları fəallaşdırmışdır. Bugünkü tələblərə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi və təlim-tərbiyə prosesinin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılmışdır.    

Təhsil sahəsində həyata keçirilən inkişafyönümlü layihələrin əsas məqsədlərindən biri kimi məktəb şəbəkəsinin optimallaşdırılması və rasionallaşdırılması nəzərdə tutulur ki, burada da şəbəkənin səmərələşdirilməsi və təkmilləşdirilməsi ön plana çəkilir.

Təhsil sistemində  yeni müasir baxışların formalaşdırılması hazırda təhsil sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən biridir. Bu gün dünya təhsilində bərabərhüquqlu subyekt kimi qəbul edilən şagirdyönümlülük meyilləri daha önəmli mövqedə dayanır. Təlim-tərbiyə prosesində daha çox diqqət yetirilən və üstün inkişaf etdirilən  başlıca istiqamət pedaqoji əməkdaşlıq ideyasının öncüllüyü, şagirdin düşüncə tərzi, təfəkkürü, problemi həll etmək bacarığının ön plana çəkilməsi, qarşılıqlı fəaliyyətin təşkili sahəsində praktik tətbiqetməyə daha çox üstünlük verilməsidir.

Həyata keçirilməkdə olan təhsil islahatı proqramının başlıca cəhətlərindən biri məhz ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və real tələbata uyğunlaşdırılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin, o cümlədən "Kurikulum islahatı"nın icrasına nail olmaqdan ibarətdir. Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı 2013-2014-cü tədris ilində I-VI siniflərdə dərs deyəcək ibtidai sinif və fənn müəllimləri üçün öyrədici xarakterli 5 günlük xüsusi təlim kursları təşkil olunmuşbu kurslara 211 nəfər müəllim cəlb edilmişdir.

Son 5 ilin nəticələrinə əsasən belə bir rəyə gəlmək mümkündür ki, aliorta ixtisas məktəblərinə qəbul sahəsində rayonda bütün parametrlər üzrə irəliləyiş mövcuddurrayon məktəbləri məzunlarının hazırlıq səviyyəsi qiymətləndirmə meyarlarının tələblərinə yetərincə adekvat durumdadır. 2009-2013-cü illərdə ali məktəblərə sənədvermə və qəbulun müqayisəli təhlili göstərir ki, bu vacib sahədə irəliləyiş və müsbət dinamika mövcuddur. Belə ki, 2009-cu ildə 151 (22,31 faiz), 2010-cu ildə 185 (22,88 faiz), 2011-ci ildə 223 (32,5 faiz) nəfər, 2012-ci ildə 232 nəfər, 2013-cü ildə isə 343 nəfər məzun ali məktəblərə qəbul olunmuşdur. Göründüyü kimi, ötən dərs ilindəki uğur əvvəlki illərdəkindən daha üstün olmuşdur. 39  məzun 500-700 bal toplamışdır. Diqqətəlayiq haldır ki, Cəlilabad şəhər 1 saylı və 8 saylı məktəb-liseyləri, Ocaqlı kənd 1 saylı, Alar kənd 1 saylı, Göytəpə şəhər 1 saylı tam orta məktəbləri bu sahədə son illərdə sabit nəticələri ilə fərqlənmişlər. Cəlilabad şəhər 7 saylı, Göytəpə şəhər 2 saylı, Kazımabad, Şatırlı və Abazallı kənd tam orta məktəbləri əvvəlki illərlə müqayisədə nəticələrini yaxşılaşdırmışlar.

2012-2013-cü dərs ili ərzində Cəlilabad Rayon Təhsil Şöbəsinin həyata keçirdiyi çoxsaylı tədbirlər, o sıradan fənn olimpiadaları, müsabiqə və yarışlar rayonda təhsilin inkişafına əsaslı stimul yaratmış, məktəblərin həmin tədbirlərdə fəal iştirakı, ayrıca olaraq respublika səviyyəli tədbirlərdə rayonun təmsilçilərinin ardıcıl surətdə mükafata layiq görülmələri bütövlükdə RTŞ-nin öncüllər sırasına çıxmasını təmin etmişdir. Respublika miqyaslı müsabiqə və yarışlarda Cəlilabadın təhsil müəssisələri yüksək nəticələr göstərmişlər. 18 mart 2013-cü ildə Bakı şəhərində fənn olimpiadalarının respublika turu keçirilmişdir. Cəlilabadı təmsil edən şagirdlərdən 9 nəfəri turda mükafata layiq yer tutmuşdur. Onlardan 3-ü III, 6-sı isə IV yerə layiq görülmüşdür.

Göstərilən müddət ərzində zonanın 7 rayonunun həndbol, voleybol, basketbol, futbol, atletika, stolüstü tennis, şahmatdama idman növləri üzrə komandaları öz bacarıqlarını nümayiş etdirmişlər.

2013-cü ilin aprelində Cəlilabad rayon Mədəniyyət evində "Xəmsə" milli intellektual oyunu üzrə gənclər arasında VI Azərbaycan çemionatının rayon seçim turu keçirilmişdir. Seçim turunda rayon təhsil şöbəsini hər birində 5 nəfər olmaqla 2 komanda təmsil etmişdir. Turun  nəticələrinə görə qalib komanda müəyyən olunmuşaprel ayında Masallı şəhərində keçiriləcək zona seçim turunun II mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Rayonun "Şahin" hərbi idman oyunları komandası ötən il Şirvan şəhərində respublikanın zona birinciliyində iştirak etmişdir. Həmin birincilikdə 10 rayon komandası yarışırdı. Cəlilabadlı şagirdlər  bu komandalar arasında yüksək nəticə göstərərək II yeri tutmuşrespublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Keçən ilin mart-aprel aylarında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində Cəlilabad RTŞ-nin 22 fevral 2013-cü il tarixli əmri ilə təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq,  çoxsaylı tədbirlər keçirilmişdir. Ötən müddət ərzində rayonun təhsil müəssisələrində VIII-XI  sinif şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqələri keçirilmiş, akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbin XI sinif şagirdi Hüseynzadə Bətulə Sabir qızı müsabiqənin respublika mərhələsində I yer tutmuşdur. Əvvəlki illərdə də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqələrinin respublika mərhələsində Cəlilabad məktəbliləri müntəzəm olaraq iştirak etmiş və 4 il ardıcıl olaraq I və III dərəcəli diplomlarla təltif edilmişlər.

Son illər ölkəmizdə təhsil sahəsində böyük əhəmiyyətə malik işlər görülmüşdür. Sözsüz ki, təhsil naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, bu işlərin gerçəkləşməsində müəllimlərin və bütövlükdə təhsil işçilərinin xidmətləri olmuşdur. Elə məhz buna görədir ki, hələ iyun ayında nazir dərs ilinin uğurla başa çatması münasibətilə cəlilabadlıları ürəkdən təbrik etmiş, fədakar əməklərinə görə onlara öz təşəkkürünü bildirmişdir.

Sonda RTŞ müdiri vurğuladı ki, bundan sonra da görüləcək işlər çoxdur. Həll olunmamış problemlər və həyatın irəli sürdüyü yeni tələblərdən qaynaqlanan məsələlər təhsil işçilərindən daha artıq qüvvə və ikiqat səylə fəaliyyət göstərməyi tələb edir.

Cəlilabad rayonunun təhsil işçiləri isə qazandıqları nailiyyətlərlə arxayınlaşmayacaqlarını, çalışdıqları sahədə daha böyük uğurlara imza atacaqlarını qarşılarına məqsəd qoyub.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 10 yanvar.- S.5.