Damcılı bulaq, sirli Azıx və patriarxın arzuları

 

Azərbaycan ərazisi yaşı minillərə gedib çıxan mağara-abidələrlə zəngindir. Dünyanın hər yerində olduğu kimi, burada da insanlar onlardan yaşayış yeri kimi istifadə edərək uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub özlərini təbiətin müxtəlif təsirlərindən qoruya biliblər.

 

 

 

Damcılı bulağın demədikləri

 

 

 

Belə yerlərdən biri Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşən Damcılı mağarasıdır. Hələ ötən əsrin 50-ci illərində təşkil edilən ekspedisiyalar zamanı Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkarlanıb. Onlardan ən böyüyü və əhəmiyyətlisi Damcılı mağaradır. Bu mağara formasına görə yarımdairəvidir, hündürlüyü 4 metr, ümumi sahəsi 17 x 27 metrdir.

O dövrdə aparılan arxeoloji qazıntılar zamanı Damcılı mağarada müxtəlif çeşidli daş alətlər və yarı yandırılmış heyvan sümükləri aşkar edildi. Daş alətlər öz forma və hazırlanma texnikasına görə orta paleolitə - Mustye dövrünə aiddir. Bu isə çox uzaq bir tarix deməkdir. Bu, 70 min il əvvəl yaranıb, 35 min il əvvəl sona çatmış bir arxeoloji mədəniyyətdir. Bu da, öz növbəsində, həmin obyektdə bir neçə minillik ərzində davamlı yaşayış məskəninin olduğunu göstərir.

Mustye dövrünə aid olan əşyalar əsasən üçbucaq formalı iti uclu alətlər, iri dairəvi qaşovlar, diskşəkilli nukleuslar və alət üçün qoparılmış materiallardan ibarət olur. Ümumiyyətlə, qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən 8 mindən artıq daş məmulatı toplanıb ki, onlar da Damcılı mağarada həyat və insan fəaliyyətinin arası kəsilmədən uzun müddət mövcud olmasından xəbər verir. Buradakı insanlar min illər boyu inkişaf edərək müəyyən bir mərhələyə yüksələ biliblər. Damcılı mağaranın yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Burada 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yeldəyirmanı, müxtəlif quruluşlu su anbarları və s. qeydə alınıb. Bütün bunlara görə Nazirlər Soveti 1989-cu il 22 fevral tarixli 99 saylı qərarı ilə Avey dağı, Göyəzən dağı və Əskipara kəndinin ərazilərini "Avey dövlət tarix-mədəniyyət qoruğu"na çevirib.

Damcılı mağaranın özəlliklərindən biri indi də böyük turist axınına səbəb olan Damcılı bulaqdır. Bu bulağın mağaranın tavanından, dar qaya çatlarının arasından süzülərək tökülən damcılarının sehrli pıçıltısını unutmaq mümkün deyil. Məşhur arxeoloq Məmmədəli Hüseynov kimi vaxtilə o damcıların sehrinə düşən, harada olmasından asılı olmayaraq onu heç vaxt unutmayan görkəmli şair Səməd Vurğunun sözləri ilə desək: "Damcılı bulaq dünyanın 8-ci, Azərbaycanın isə 1-ci möcüzəsidir".

 

 

 

Qarabağda qalan möcüzələr

 

 

Su canlıdır, su insan qəlbini riqqətə gətirən ən böyük möcüzələrdəndir. Qarabağ həm də belə möcüzələrilə yaddaşlardadır. Qarabağın suları, bulaqları dillərdə əzbər idi. Laçın rayonunda Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində narzan tipli mineral bulaqlar vardı. Adınıı çəkmək kifayətdir ki, hər birimizin qəlbində bir yanğın başlasın və onu söndürməyə su tapılmasın. Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı, Xallanlı, Başlıbel, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu... Çox böyük müalicə-balneoloji təsirə malik bu mineral su yataqları işğal zonasında yerləşir və illərdi ki, biz təbiətin bu gözəl nemətindən istifadə etməkdən məhrumuq. Təkcə Qubadlı rayonunda mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan 600-dən çox təbii bulaq vardır.

Qarabağın sirli-əfsanəli bulaqlarından danışarkən İsa bulağını xatırlamamaq mümkün deyil. Şuşadan 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən bu səfalı istirahət guşəsi nəinki Qarabağın, bütün Azərbaycanın ən məşhur istirahət ocaqlarından biri hesab olunurdu.

Şuşalılar və şəhərin qonaqları tez-tez İsa bulağına gələrdilər. Yüz illər boyu burada çalınan, ifa olunan musiqilər, musiqiçilər dəyişsə də, İsa bulağının nə suyu dəyişib, nə o suyun səsindəki şirinlik azalıb.

Bu illər ərzində Şuşaya gəlib İsa bulağına tələsən məşhurlar çox olub - gəliblər, gediblər. Onu axıra kimi tərk etməyən İsa bulağının susmaq bilməyən bülbülü Mürsəl kişi oldu. Onu Qarabağda tanımayan yox idi. 110 yaşlı Mürsəl babanı 1988-ci ildə elə İsa bulağında qətlə yetirdilər. Mürsəl babanın səsi hələ də o meşələrdə, əksi İsa bulağının Arana üz tutan sularındadır...

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 10 yanvar.- S.7.