Fransa mətbuatında Strasburqda dahi Azərbaycan

 şairi Nizami Gəncəviyə həsr olunan sərgidən bəhs edilmişdir

 

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Alzas  regionunun ən nüfuzlu gündəlik mətbuat orqanı "Alzasın son xəbərləri" qəzetində jurnalist  Yurqen Tonun Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə  Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş sərgi ilə bağlı "Dahi Nizami Gəncəvi" başlıqlı məqaləsi  çap olunmuşdur.

Jurnalist yazısında "XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)" mövzusunda sərginin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təşkil edildiyini qeyd edir və sərgidə dahi şairin "Xəmsə"sinin motivləri əsasında çəkilmiş illüstrasiyaları əks etdirən xalçaların, habelə gündəlik məişət əşyalarının, gümüş məmulatları və fiqurların, o cümlədən böyük mütəfəkkirin doğulub boya-başa çatdığı Gəncə şəhərinin qədim görüntülərinin və müasir fotolarının  nümayiş etdirildiyini diqqətə çatdırır.

N.Gəncəvinin yaradıcılığının heyrətamiz müasirliyini qeyd edən məqalə müəllifi hələ XII əsrdə azadlıq, bərabərlik, qardaşlıq, dini azadlıq və sair kimi dəyərlərin onun əsərlərinin əsas mövzularından olduğunu vurğulayır.

Nümayəndəliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Azər Məhərrəmlinin Nizami Gəncəvi yaradıcılığına dair səsləndirdiyi fikirlərə istinad edilən məqalədə deyilir: "N.Gəncəvinin əsərlərində ifadə olunan mənəvi dəyərlər Azərbaycan xalqının milli kimliyinin tərkib hissəsini təşkil edir. Onun yaradıcılığı bizim düşüncə tərzimizi və mənəvi konseptlərimizi çox yaxşı ehtiva edir".

Məqalədə həmçinin əsrlərdən süzülüb gələn bu düşüncə tərzinin nəticəsi kimi gender bərabərliyi Konstitusiyasında təsbit olunmuş Azərbaycanın 1920-ci  ilədək davam edən qısa müstəqilliyi dövründə müsəlman Şərqinin qadınlara səsvermə hüququnun verdiyi ilk ölkə olduğu vurğulanmışdır.

Müəllif N.Gəncəvi yaradıcılığının Azərbaycanın istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunduğunu bildirir, onun əlyazmasının bir nüsxəsinin Strasburq Mərkəzi Kitabxanasında saxlandığı və əsərlərinin bir çox xarici  dillərə, o cümlədən fransız dilinə tərcümə olunduğu haqqında məlumat verir.

Daha sonra məqalədə deyilir: "Sərgiyə gələn insanları heyrətləndirən əsas məqam N.Gəncəvi yaradıcılığının müasirliyidir.  Bu, Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşməsi ilə də bağlıdır. Çünki həmin yolla Şərqlə Qərb arasında musiqi, fəlsəfi ideyalar və ədəbi əsərlər mübadilə olunmuşdur".

 Məqalədə A.Məhərrəmlinin fikrinə təkrarən istinad olunur: "N.Gəncəvi dühası  böyük Avropa yazıçılarının yaradıcılığına təsir etmişdir. Onun təkcə bir ifadəsi İpək Yolunun ruhunu tam mənası ilə ifadə edir: "Bizim qapımız digər insanlara və mədəniyyətlərə okean kimi həmişə açıq qalmalıdır. Müxtəlif mədəniyyətlərə mənsub olan insanların təmaslarına imkan verən hazırkı qloballaşma dövründə bu sözlər dərin müasirliyi və aktuallığı ilə seçilir".

Daha sonra məqalədə qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədi ölkəmizi dünyada tanıtmaqla yanaşı, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfəni də diqqətə çatdırmaqdır.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 10 yanvar.- S.7.