Azərbaycanın xarici işlər nazirinin «EU Reporter»

 qəzetində məqaləsi dərc edilmişdir

 

Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarovun "EU Reporter" qəzetinin 9 yanvar tarixli nömrəsində "Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2012-2013: qazanılmış təcrübələr" adlı məqaləsi dərc edilmişdir.

Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra Prezident İlham Əliyevin ədalət və beynəlxalq hüququn aliliyinin qorunmasının Azərbaycanın bu qurumda prioritet məqsədləri olacağını bəyan etdiyini yazan müəllif bu strateji baxış əsasında ölkəmizin qurumda öz fəaliyyətini həyata keçirdiyini, təcrübəsini bölüşdüyünü və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın məhz xoşməramlı diplomatiya əsasında Təhlükəsizlik Şurasında konstruktiv dialoq qurduğunu vurğulayan nazir Suriya böhranı ilə əlaqədar müzakirələrdən bəhs etmiş, ölkəmizin qurumda sədrliyi müddətində bu problemin humanitar fəsadlarının aradan qaldırılmasına əsas yaradan vacib sənədlərin qəbul olunduğunu diqqətə çatdırmışdır.

 E.Məmmədyarov Suriya ilə yanaşı, Mali, Konqo Demokratik Respublikası və Sudan Respublikası-Cənubi Sudan əlaqələri kimi çətin məsələlərə münasibətdə də nailiyyətlərin əldə olunduğunu bildirmişdir.

BMT TŞ-nin qeyri-daimi üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə daşıdıqları kollektiv məsuliyyətdən yazan müəllif əlavə etmişdir ki, qeyri-daimi üzvlər malik olduqları fərqli və özünəməxsus baxışları, təcrübə və regional bilgiləri əsasında qurumda müzakirələrin gedişinə, konsensus quruculuğu prosesinə və qəbul edilmiş nəticələrə təsir göstərmək iqtidarındadırlar. Bu xüsusda nazir 2012-ci ilin may ayında Azərbaycanın BMT TŞ-də birinci sədrliyi dövründə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda keçirilmiş yüksək səviyyəli iclası diqqətə çatdırmışdır. Azərbaycanın 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə ölkəmizin təşəbbüsü ilə Təhlükəsizlik Şurasının tarixində ilk dəfə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığa dair xüsusi iclasın keçirildiyi qeyd edilmişdir.

Nazir Azərbaycanın BMT TŞ-də sədrliyinin Afrika məsələləri üzrə intensiv müzakirələr, Afrika İttifaqı ilə məsləhətləşmələr və BMT TŞ-nin üzvlərinin Afrikaya səfəri və qitə ilə əlaqədar qəbul edilmiş bir sıra vacib qətnamə və bəyanatlarla da yadda qaldığını bildirmişdir.

Müəllif Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulması faktına diqqəti cəlb edərək BMT TŞ-nin səmərəliliyinin ilk növbədə üzv dövlətlərin BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərə riayət etməsindən asılı olduğunun Azərbaycan tərəfindən davamlı şəkildə səsləndirildiyini vurğulamışdır.

Məqalədə qeyd edilmişdir ki, 1993-cü ildə BMT TŞ Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasına dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, rəsmi Yerevan bu sənədləri hələ də icra etmir.

BMT TŞ-nin beynəlxalq səhnədə gələcək rolundan yazan E.Məmmədyarov əlavə etmişdir ki, İkinci Dünya müharibəsindən, xüsusilə XX əsrin 90-cı illərində baş vermiş tektonikgeosiyasi dəyişikliklərdən sonra tərkib, coğrafi təmsilçilik, fəaliyyət metodu və mandatı baxımdan bu qurum islah olunmalı və müasir geosiyasi reallığı özündə əks etdirməlidir.

BMT TŞ-də üzvlüyün Azərbaycanın xarici siyasətində yeni səhifə açdığını vurğulayan nazir bu təcrübənin ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, mədəniyyətlərarası dialoqhumanitar yardımlara töhfə vermək kimi tükənməz əzmini daha da gücləndirdiyini diqqətə çatdırmışdır.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: http://www.eureporter.co/world/2014/01/09/azer-baijan-at-the-united-nations-security-council-2012-2013-experience-earned/

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 11 yanvar.- S.2.