Ağcabədi- Qarabağın bərəkət boxçası

 

İlin uğulu yekunları

 

Tarixə çevrilən 2013-cü il Ağcabədi rayonunun sosial-iqtisadiictimai-siyasi həyatında dərin və unudulmaz izlər qoymuşdur. Son illər sözün həqiqi mənasında əsl intibah dövrünü yaşayan Ağcabədi respublika Prezidenti İlham Əliyevin davamlı, əhatəli qayğı və diqqəti sayəsində, rayon rəhbərliyinin böyük məsuliyyəti, bölgə əhalisinin sonsuz qurub-yaratmaq əzmi ilə bir zamanlar xəyala belə gəlməyən sürətli inkişaf yolu keçmiş, simasını əsaslı şəkildə dəyişib gözəl diyara çevrilmişdir. Bölgənin dünəni ilə bu gününü müqayisə edib diqqət çəkən yenilikləri möcüzə adlandıranlar da az deyil.

Təbi ki, heç bir möcüzə baş verməmişdir. Dövlət başçısının müasir dövr üçün müəyyən etdiyi inkişaf strategiyası, Prezidentin sərəncamları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları və bu möhtəşəm layihələrin icrası üçün dövlət səviyyəsində görülən geniş miqyaslı tədbirlər, açılan imkanlar, güclü maliyyə dəstəyi ölkənin bütün bölgələrində olduğu kimi Ağcabədidə də yeniləşməni zərurətə çevirmiş, nəticə etibarı ilə rayonun gözəlləşən siması ilə paralel surətdə əhalinin dolanışıq səviyyəsi, həyat şəraiti də əsaslı şəkildə yaxşılaşmışdır.

Rayonda iri infrastruktur layihələrin uğurlu icrası, yeni yolların çəkilişi, suvarma suyuna və içməli suya olan tələbatın ödənilməsi, yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması, müasir tipli yeni istehsal və emal müəssisələrinin, sosial yönümlü obyektlərin tikilib istifadəyə verilməsi bölgə əhalisi arasında razılıq və minnətdarlıq hissi doğurur.

2013-cü ilin ən mühüm hadisəsi olan prezident seçkiləri ağcabədililərin yaddaşında fərəh və qürur doğuran unudulmaz xatirələrlə qalır. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideallarına sədaqətli olan ağcabədililər bu seçkilərdə də öz aydın və dəyişməz mövqelərini bir daha ortaya qoydular. Görünən dağa bələdçinin ehtiyac olmadığı məntiqinə söykənən Ağcabədi seçicilərinin mütləq əksəriyyəti ürəklərinin səsi, ağıllarının hökmü ilə İlham Əliyevə səs verdi.

Tarixə qovuşmuş ilin ağcabədililər üçün unudulmaz günü - 2013-cü il 29 avqust... Respublika Prezidenti İlham Əliyev məhz o gün Ağcabədiyə səfər etmişdi. Rayonda aparılan böyük abadlıq, quruculuq işlərindən məmnun olan, bölgə əhalisinin siyasi fəallığını, qurub-yaratmaq əzmini yüksək dəyərləndirən dövlət başçısı rayon mərkəzində inşa olunmuş 205 çarpayılıq xəstəxananın, gənc və yeniyetmələrin dünyagörüşündə yeni səhifələr açacaq, onların vətənpərvərlik ruhunda tərbiyə almasında mühüm rol oynayacaq  "Gənclər mərkəzi"nin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı üçün inzibati binanın açılış mərasimlərində iştirak etmişdir. Yeni xəstəxana binasının açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdə Prezident İlham Əliyev demişdir: "Kənardan baxıram, çox gözəl bir abidə tikilmişdir Ağcabədidə. Xəstəxana birinci növbədə Ağcabədiyə, Qarabağ torpağına lazımdır. Eyni zamanda Azərbaycan dövlətinin qüdrətini göstərir.

Bu  xəstəxana inkişaf etmiş ölkələrdə olan xəstəxanalardan geri qalmır. İndi nazir məlumat verir ki, bütün şöbələr vardır. Lazım olan bütün tədbirlər görülübdür. Ən müasir avadanlıq quraşdırılıbdır. Doğum, cərrahiyə, diaqnostika, dializ şöbələri, yəni tam şəkildə bütün dünya standartlarına cavab verən bir tibb mərkəzidir. Çox şadam ki, qısa müddət ərzində belə gözəl xəstəxana yaradıldı və bu gündən başlayaraq vətəndaşlara xidmət göstərəcəkdir...

Ağcabədi rayonunun inkişafı üçün bundan sonra da əməli tədbirlər görüləcəkdir. Son illərdə Ağcabədidə böyük işlər görülmüşdür. Bu xəstəxana bu işlərin arasında xüsusi yer tutur. Digər layihələr icra edilmişdir. Binalar tikilir, parklar salınır, yollar, kənd yolları çəkilir və bu məqsədlə vəsait ayrılır. Növbəti illərdə bu istiqamətdə işlər davam etdiriləcək, bütün infrastruktur layihələri tam şəkildə icra ediləcək, o cümlədən içməli su, qazlaşdırma layihələri, kənd yollarının tikintisi davam etdiriləcəkdir".

Rayonda uğurla reallaşan yeniliklərə, vüsət alan dinamik inkişafa dövlət başçısının verdiyi yüksək qiymət, görülən işlərlə tanışlıq zamanı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ağcabədililəri daha böyük nailiyyətlər qazanmağa ruhlandırdı, rayon rəhbərliyinin məsuliyyət yükünü daha da ağırlaşdırdı.

Budur, arxada qalan fərəhli günlərin, neçə-neçə möhtəşəm obyektlərin tarixə çevrilən açılış mərasimlərinin şirin xatirələri yaddaşlra  yazılıb. Xoş  ovqat doğuran hadisələrdən biri də Ağcabədidə özəl pilot taxılçılıq təsərrüfatının yaradılmasıdır. Respublika Prezidenti İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün böyük əraziləri birləşdirib iri taxılçılıq təsərrüfatları yaradılmasını aqrar sahədə aktual məsələ kimi qarşıya qoyanda  Ağcabədi bu istiqamətdə ilk cəsarətli addımlar atmağa başladı. Elə birinci ildə böyük uğura imza atdı. 3.300 hektar sahədə torpağın təyinatı dəyişdirilərək özəl pilot taxılçılıq təsərrüfatı yaradıldı. Yüksək texnologiya əsasında 1875 hektarda taxıl, 1425 hektarda isə qarğıdalı əkilib becərildi. Çəkilən zəhmət, alın təri təbii ki, hədər getmədi. Münbit torpaq sinəsinə səpilən toxumu səxavətlə birəmin edib əkinçiyə qaytardı. Taxıl zəmilərinin hər hektarından  54.4 sentner olmaqla 10.253 ton buğda, qarğıdalı sahələrinin hər hektarından isə 110 sentner olmaqla 15.675 ton qarğıdalı istehsal edilmişdir. Özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyətə başlaması 250-dən çox yeni yerinin açılmasına imkan vermişdir.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının digər sahələrində də böyük uğurlar qazanılmışdır. Ət, süd, yun, yumurta istehsalında əvvəlki illə müqayisədə xeyli irəliləyiş əldə edilmişdir. Rayonda heyvandarlığın mütərəqqi texnologiya əsasında inkişaf etdirilməsinə böyük önəm verilir. Ağabəyli kəndi ərazisində  "Aqat Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin heyvandarlıq kompleksində mal-qaranın sayı artırılaraq 2537 başa çatdırılmışdır. Hesabat ilində  kompleksə Almaniyadan yüksək məhsuldarlığa malik 1500 baş damazlıq düyə gətirilmişdir. İndiyədək kompleksdə 1145 baş sağlam buzov alınması kompleksdə mal-qaraya yüksək zoobaytar qaydaları əsasında qulluq edilməsinin göstəricisidir.

Sahibkarlığın inkişafına dövlət dəstəyi rayon iqtisadiyyatının dinamik inkişafına əhəmiyyətli təsir göstərir. Bu zəruri dəstək 2013-cü ildə də uğurla davam etdirilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 28 sahibkara kiçik cins heyvandarlıq təsərrüfatının yaradılması və müasir çörək zavodunun tikintisi üçün 1.450 min manat güzəştli kredit verilmişdir. Dövlətin sözügedən təkcə bu dəstəyi rayonda 118 yeni yerinin açılması ilə nəticələnmişdir.

Ağcabədi kəndlisi yetişdirdiyi bol və keyfiyyətli məhsullarıyla Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında il boyu fəal iştirak etmiş, paytaxt sakinlərinə 150 tondan çox məhsul yola salınmışdır.

Qazanılan uğurlar rayonda heç kəsi arxayınlaşdırmır. Qarabağın bərəkət boxçası olan bu münbit diyarın övladları yenə də bolluq həvəsi ilə çalışır, ölkə iqtisadiyyatının yüksəlişinə sanballı töhfələr verir, halal zəhmətlərilə özlərinin firavan həyatlarını, xoş güzəranlarını təmin edirlər.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 11 yanvar.- S.6.