Müasirləşən qədim kənd

 

Naxçıvan Muxtar Respublikasının 206 kəndindən biridir Kükü. Şahbuzun bu kəndi rayon mərkəzindən 16 kilometr şimalda, Dərələyəz silsiləsinin cənub-qərb yamacında, Küküçayın sağsol sahillərində yerləşir.

Küküçayın sağ sahilində qədim yaşayış yeri mövcuddur. Yaşayış yeri 2 hündür təpəni və onların ətəyini əhatə edən 75 hektara yaxın bir ərazidir. Vaxtilə burada aparılmış tədqiqat işləri ərazidəki mədəni təbəqənin dağıldığını göstərir. Yaşayış yerində uçub-dağılmış dağ yığınlarına rast gəlmək olar. Bu qədim yaşayış yerində tikilmiş binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşmişdir. Çəhrayı və boz rəngli gil küpə, kasabadya qırıqlarının tapıldığı yaşayış yeri barədə kükülülərin verdiyi məlumata görə, buranın şimal hissəsində torpaq işləri görülərkən qəbirlər aşkar edilmişdir. Yaşayış yerindən toplanmış yerüstü materiallar miladdan əvvəl II-I minilliklər üçün səciyyəvidir.

Bundan əlavə, Küküçayın sağ sahilində, hündür təpə üzərində hər tərəfdən dərin dərə ilə əhatələnmiş Küküçayla Zırnelçayın qovuşduğu yerdən bir qədər aralıda "Dəmir dövrü"nə aid arxeoloji abidə mövcuddur. Burada iri daşlardan tikilmiş bina qalıqları mövcuddur. Çəhrayı rəngli gil qab qırıqları tapılmış bu ərazidə qaval daşına da rast gəlinmişdir. Bu yaşayış yerini tədqiqatçılar miladdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərinə aid olunduğunu ehtimal edirlər.

Kəndə aid tarixi yerlər bunlarla kifayətlənmir. Belə ki, kəndin içərisində "Tunc dövrü"nə aid arxeoloji Nekropol da var. Burada qədim qəbirlər yerləşir. Tədqiqatlar zamanı qəbirlərdən iri monoxrom boyalı küpə, boz rəngli qablar, iribuynuzlu heyvan sümükləri aşkar edilmişdir. Bəzi yerlərdə nazik kül təbəqəsinin, daha dərinlərdə iri daşlara təsadüf olunan nekropolda tunc nizə ucluğu, tunc sancaqlar tapılmışdır ki, bu da nekropolun miladdan əvvəl 3-cü minilliyin sonu, 2-ci minillyin əvvəllərinə aid olduğunu göstərir.

Kəndin özünəməxsus təbiəti var. Naxçıvançayın sağ qolu olan 20 kilometr uzunluğundakı Küküçay, Dərələyəz silsiləsinin 3120 metirlik ən yüksək zirvəsi  Küküdağ bu kəndin ərazisindədir. Həmin silsilənin 2420 metr hündürlüyündə yerləşən Qanlıgöl Kükünün təbiət incilərindən biridir. Bunlarla yanaşı, Keçəldağ, Səfərbəy səngəri, Yal demi, Sarı qaya, Burcalı daşı, Qala dibi, Qabaqlı kimi dağlar, Pünhan bulaq, Südlü bulaq, Xan bulağı, Kəlbərzaqulu bulağı, Gur bulaq, Qənbər bulağı, Məmi bulağı, Qiblə bulağı, 40 bulağın çıxdığı "Qırxbulaq" adlanan yerlər Kükünün həm təbiətən zəngin yer olduğunu deməyə əsas verir.

Ucqar dağ sərhəd kəndi olmasına baxmayaraq, kükülülər həmişə təhsilə, elmə yüksək qiymət vermişlər. Bu da təbii ki, kənddəki məktəbdə təhsilin yüksək səviyyəsindən asılı olub. Küküdən indiyə kimi 1 akademik, 8 elmlər doktoru, 25 fələsəfə doktoru çıxıb. Kükünün yetirmələri arasında Azərbaycanın müxtəlif bölgələrində çalışan hüquqşünaslar, həkimlər, mühəndislər, kənd təsərrüfatı mütəxəssisləri az deyil.

Küküdə yayda da olmuşduq. O zaman rayon mərkəzindən Küküyə qədər olan avtomobil yolu yenilənirdi. Yol yatağı dəyişdirilir, eni artırılırdı. Kənd mərkəzində həmsöhbət olduğumuz kənd ağsaqqalları Quşdan Qəhrəmanov, Mirnəqim Seyidov, Afət Hüseynov, müəllimlərdən Yunis Quliyev, Əkbər Qəhrəmanov digərləri muxtar respublikanın bütün bölgələrini əhatə edən abadlıq quruculuq işlərinin Küküyə fərqli ab-hava gətirdiyini bildirirdilər.

O zaman kənd orta məktəbi, icra nümayəndəliyi, bələdiyyə, həkim amblotoriyası, kitabxana klub köhnə binalarda yerləşirdi. Həmin günləri Kükünün bu günkü mənzərəsi ilə müqayisə etdikdə kəndin qısa zamanda necə inkişaf etdiyinin şahidi olmaq mümkündür.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağabba Babayev dövlətin diqqət qayğısından ağızdolusu söz açdı. Bildirdi ki, kükülülər indiyə kimi kənddə bu cür rahat hər cür şəraiti olan obyektlərin olduğunu görməyiblər: "Noyabr ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə yeni obyektlərin açılışı oldu. Əvvəl Naxçıvan-Batabat magistralı - Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verildi. Yolun yenidənqurulması Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilib. 16 kilometr uzunluğundakı avtomobil yolu 4 minə yaxın əhalinin rahatlığına xidmət edir. Yenidənqurma çərçivəsində yol yatağı genişləndirilmiş, yeni asfalt örtük salınmışdır. Tikinti işləri zamanı 30 selötürücü, 97 suötürücü 9 körpü tikilmişdir. Yaşayış məntəqəsində iqtisadiyyatın inkişafı baxımından da müstəsna əhəmiyyəti olan yolun yenidən qurulması əlverişli iqlim şəraitinə, təbii bitki örtüyünə təmiz havaya malik olan Kükü kəndinin turizm imkanlarını da xeyli artıracaq.

Kükü kənd tam orta məktəbi üçün müasir bina tikilib. Hazırda 107 şagirdin təhsil aldığı kənd məktəbi üçün 198 şagirdlik iki mərtəbəli bina inşa olunub. Məktəbdə 11 sinif otağı, kimya-biologiya fizika laboratoriyaları, hərbi kabinet, kompyuter müəllimlər otaqları, kitabxana, bufet idman zalı var.

Yeri gəlmişkən kənd məktəbinin son tədris ilinin nəticələri uğurludur. Məzunlardan 11-i ali məktəbə, 1-i orta ixtisas məktəbinə, 1-i Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 3-ü 500-700 civarında bal toplayaraq yüksək nəticə göstərmişdir. Məktəbin kimya müəllimi Yunis Quliyev isə 2012-2013-cü tədris ilində "İlin ən yaxşı müəllimi" adına layiq görülmüşdür.

Kənd Mərkəzinin istifadə verilməsi yerli infrastrukturun bir mərkəzdə cəmlənməsinə, kükülülərə daha rahat xidmət göstərilməsinə şərait yaradıb. Kənd mərkəzində rabitə evi, polis sahə baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi 68 yerlik zal vardır. Rabitə evində quraşdırılan 384 nömrəlik ATS kənddə 221 abonentə xidmət göstərir.

Yeni istifadə verilən həkim amblotoriyasının baş həkimi Aydın Tarışov bildirdi ki, tibb ocağında müasir səhiyyə avadanlıqları quraşdırılmış, tibbi xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Ambulatoriya 2 mərtəbədən, 11 otaqdan ibarətdir. Burada stomatoloq üçün kabinet, palata, doğuş, peyvənd, aptek, həkim, mama manipulyasiya otaqları vardır. Hazırda səhiyyə ocağında 11 tibb işçisi kükülülərə tibbi xidmət göstərir. Yeri gəlmişkən bildirək ki, məktəb, kənd mərkəzi həkim amblotoriyası fərdi qazanxana ilə qızdırılır.

Kənddə yeni tikilmiş obyektlərdən biri xidmət mərkəzidir. Burada  bərbərxana, gözəllik salonu, ət satışı, ərzaq təsərrüfat malları olmaqla 2 mağaza var.

 

* * *

 

Üz tutduğumuz Kükü kəndi həm insanlarının qonaqpərvərliyi ilə məşhurdur. Bunu kənd mərkəzində toplaşan insanlarla sağollaşanda hiss etdik, həm şahidi olduq ki, dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində bu ucqar kənd rahat müasir yaşayış yerinə çevrilir.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 11 yanvar.- S.6.