Ölkə idmanına layiqli töhfələr verməyə çalışırıq

 

Azərbaycanın gözəl guşələrindən olan İsmayıllı rayonu inkişafının yeni mərhələsindədir. Ötən ilin avqust ayında ölkə Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə səfəri çərçivəsində İsmayıllıda da olmuş, bir çox obyektlərin açılış mərasimlərində iştirak etmişdir.

Dövlət başçısı İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində demişdir: "Biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük abadlıq, quruculuq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər saxlanacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir".

Ölkə rəhbərinin rayonumuza göstərdiyi etimad, dediyi xoş sözlər hər kəsin qəlbində qürur dolu hisslər oyatmaqla yanaşı, məsuliyyətimizi daha da artırıb. Çalışırıq ki, rayonun idman uğurları sosial-iqtisadi nailiyyətlərdən geri qalmasın, yetişdirdiyimiz idmançılar İsmayıllının adını ucaltmaqla yanaşı, ölkə idmanına da layiqli töhfələr versin.

Qeyd etmək lazımdır ki, yüksək dövlət qayğısı sayəsində bölgələrdə müasir standartlara uyğun olimpiya idman komplekslərinin və digər idman obyektlərinin tikilib istifadəyə verilməsi peşəkar idmançılar yetişdirməyə, müxtəlif idman növləri üzrə yüksək göstəricilər əldə etməyə imkan verir.

İsmayıllı Olimpiya İdman Kompleksi 29 oktyabr 2009-cu ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Elə o vaxtdan da rayonun idman həyatında canlanma yaranıb, kompleks yeniyetmə və gənclərin, idman həvəskarlarının sevimli məkanına çevrilib. Hazırda bura təkcə İsmayıllı şəhərindən və kəndlərindən deyil, qonşu rayonlardan da üz tutanlar çoxdur. 18 idman növü üzrə 2000-dən çox idmançı məşqlərdə iştirak edir. İlboyu idmanın müxtəlif növləri üzrə turnirlər təşkil edilir, ölkənin bir sıra yığma komandaları təlim-məşq toplanışlarını İsmayıllıda keçirməyə üstünlük verir. Şübhəsiz, bunun üçün kompleksdə yaradılan yüksək səviyyəli şəraitdən əlavə, rayonun füsunkar təbiəti və təmiz havası da nəzərə alınır.

Kompleksdə üzgüçülük hovuzu, idman oyunları üçün müasir zallar var. Əsas zalda voleybol, basketbol, həndbol və mini-futbol oyunları keçirilir. Əsas binada cüdo, sərbəst güləş və trenajor zalları da idmançıların sərəncamındadır. Binanın zirzəmisində isə ağırlıqqaldırma, boks və digər trenajor bölmələri fəaliyyət göstərir. Açıq havada voleybol, basketbol meydançaları, tennis kortu və 930 yerlik stadion tikilib istifadəyə verilib. İdmançılar üçün hər cür şərait yaradılıb. 4 hotelin qapıları da həmişə idmançıların üzünə açıqdır. Çalışırıq ki, məşqlərə və yarışlara gələn idmançılar lazımi qayğı ilə əhatə olunsunlar.

Yetirmələrimizin sorağı mötəbər yarışlardan gəlir. Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş turnirində yetirməmiz Vüsalə Dəmirova bürünc medal qazanıb. Karateçilərimiz də uğurlara nail olurlar. Ukraynada keçirilmiş beynəlxalq turnirdə Toğrul Hümbətov (30 kq), Allahverdi Rəcəbov (35 kq), Ağasəlim Mustafayev (35 kq) qızıl medallara layiq görülüblər. Yeniyetmə idmançılarımız VII respublika oyunlarında da mükafata layiq yerlər tutublar.

Son vaxtlar kompleksdə karate dopençak-silat növləri üzrə bölmələr fəaliyyətə başlayıb.

2013-cü il çox səmərəli olub. İl ərzində respublika səviyyəli yarışlar, təlim-məşq toplanışları bir-birini əvəz edib. Ağırlıqqaldırma üzrə kişilərdən və qadınlardan, sərbəst güləş üzrə qızlardan, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət, həmçinin kamandan oxatma üzrə yığma komandalar təlim-məşq toplanışlarını bizim kompleksdə keçirib. Kikboksinq və kişilər arasında voleybol üzrə ölkə  çempionatlarına ev sahibliyi etmişik. Cüdoçular da tez-tez qonağımız olurlar. İstər oğlanlar, istər qızlar arasında futbol üzrə yarışlara da müntəzəm şəkildə yer ayırırıq.

Ötən ilin ən əlamətdar hadisələrindən biri noyabrın 19-da bədii gimnastika üzrə 20-ci ölkə çempionatının İsmayıllı Olimpiya İdman Kompleksində keçirilməsi oldu. Belə turnirlərin bölgələrdə, o cümlədən İsmayıllıda keçirilməsi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın bu idman növünün inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olur.

Onu  da qeyd edim ki, kompleksdə iki il əvvəl gimnastika bölməsi yaradılıb. Bölmədə 40-a yaxın gimnast məşğul olur. 

Idmançılarla maarifləndirici görüşlər də keçiririk. Belə görüşlərdə yeniyetmələrə və gənclərə bir daha xatırladılır ki, həm güclü idmançı, həm də vətənə layiq övlad olmaq üçün çətin və şərəfli bir yol keçməlidirlər.

İsmayıllı Olimpiya İdman Kompleksi istifadəyə veriləndən bəri üç dəfə  Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı idman kompleksi" adına layiq görülüb. Bu bizi qətiyyən arxayınlaşdırmır. Çalışırıq ki, ölkə idmanına daha layiqli töhfələr verək.

 

 

 

Tofiq HÜMBƏTOV,

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru

Azərbaycan.-2014.- 11 yanvar.- S.6.