Azərbaycançılıq məfkurəsi

 

Ədəbi-bədii fikir tariximizdə "Molla Nəsrəddin" ədəbi məktəbinin və mollanəsrəddinçilərin azərbaycançılıq uğrunda apardıqları mübarizənin əhəmiyyəti böyükdür. Xüsusilə də azərbaycançılığın milli fəlsəfi təlim kimi formalaşmasında "Molla Nəsrəddin" jurnalının xüsusi rolu olmuşdur. "Elm" nəşriyyatı tərəfindən çap edilmiş "Molla Nəsrəddin" ədəbi məktəbində milli varlıq problemlər" adlı monoqrafiyada məhz bu məsələlər öz əksini tapıb. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Allahverdi Məmmədlidir.

Müəllif yazır: "...azərbaycançılığın real təmsilçiləri olan mollanəsrəddinçilər məhz Cəlil Məmmədquluzadənin ətrafında cəmləşmişdilər". Təbii ki, bu da səbəbsiz deyildi. Çünki məhz Mirzə Cəlilin rəhbərliyi ilə nəşrə başlamış "Molla Nəsrəddin" böyük ədəbi məktəb yaratmaqla Azərbaycan ədəbiyyatında yeni cığır açmağa nail oldu.

Yeni nəşr giriş, müxtəlif bölmələr, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın elmi redaktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru, professor Yavuz Axundludur. Bakı Dövlət Universiteti jurnalistika fakültəsi elmi şurasının qərarına əsasən çap olunan kitabda azərbaycançılıq məsləkinin həyata keçirilməsində böyük xidməti olan Cəlil Məmmədquluzadənin və ardıcıllarının fədakar əməyi öz əksini tapıb. Kitabdan jurnalistika, eləcə də humanitar fakültələrin tələbələri və mətbuat işçiləri faydalana bilərlər.

 

Azərbaycan.-2014.- 11 yanvar.- S.7.