Damcılı bulaq, sirli Azıx və patriarxın arzuları

Dünya yaranan gündən öyrənilməkdədir. Bəşər sivilizasiyasının kökünü, mənbəyini tapmaq min il əvvəl necə aktual idisə bu güm də eləcə vacibdir. Hər bir xalqın tarixi və qədimliyi baxımından da bu olduqca əhəmiyyətlidir. Bir faktı qeyd etməyə dəyər: 1881-ci ildə Tiflis şəhərində keçirilən V Arxeoloji Qurultayda Zaqafqaziyao cümlədən Azərbaycan ərazisində ibtidai insan düşərgələri olmadığı haqqında qərar da çıxarılıb. 1918-1953-cü illərdə Azərbaycan ərazisində qədim dövrlərə aid yüzlərlə maddi mədəniyyət abidəsi tapılsa da, həmin abidələr içərisində daş dövrünə aid heç bir arxeoloji abidə qeydə alınmayıb.

 

 

Mağara adamın həsrəti - Azıx

 

1953-cü ilin payızında Azərbaycan Elmlər Akademiyasında Paleolit dövrü üzrə ilk dəfə arxeoloji kəşfiyyat işlərinə başlanılıb və görkəmli alim S.Zamyatninlə birlikdə M.Hüseynov 1953-cü ilin payızında Qazax rayonunda Damcılı düşərgəsində aparılan arxeoloji kəşfiyyat işləri burada Daş dövrü insanlarının məskunlaşmasını söyləməyə imkan verib. 1958-ci ilin yay fəslində Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində daş dövrünə aid yeni bir düşərgəni - Daşsalahlı mağarasını qeydə alır. Daha sonra rayonun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid yeni bir düşərgə aşkarlanır.

Dünyada məşhur daş dövrü insanlarının yaşayış yeri olan Azıx mağarasının kəşfi isə böyük hadisəyə çevrildi. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlariının cənub-şərq yamacında, Quruçayın sol sahilində dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən bu mağaranın sahəsi 800 kv. km olmaqla uzunluğu 600 metrə çatan 8 dəhlizdən ibarətdir.

1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə EA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunan mağarada aparılan tədqiqat işləri zamanı on mədəni təbəqə üzə çıxarılıb. Buranın Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış yeri olduğu müəyyən edilib. Onu da qeyd edək ki, Azıx mağarası Qafqazda ən böyük, ən möhtəşəm karst mağarasıdır.

Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasının gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.

Azıxda elmi tədqiqatlar aparan M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, N.Şirinov, Ə.Cəfərov, A.Veliçko, S.Əliyev, M.Süleymanovbaşqa alimlərin fəaliyyəti nəticəsində aşkarlanan Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar bir daha sübut elədi ki, Qarabağ təkcə Azərbaycanın yox, ümumiyyətlə dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Qarabağın Azıx mağarası Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Vaxtilə məşhur arxeoloq M.Hüseynov yazırdı: "Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyəti Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir... Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər".

Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamışlar. Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur.

2002-ci ilin sentyabrın 7-də Beynəlxalq İNTAS-2000 proqramına uyğun professor Henri dö Lümleyin başçılığı altında müxtəlif Avropa ölkələrindən 22 görkəmli alim Azərbaycana gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olaraq bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna əhəmiyyətini qeyd ediblər.

 

 

Azıxda erməni barmağı və ya mağara adamın

həsrəti bitəcəkmi

 

İşğal altında olan ərazilərimizdə, o cümlədən Azıx mağarasında erməni "başbilənləri"n mədəni irsimizə qarşı soyqırımı davam edir. Azərbaycan alimlərinin illərlə apardığı tədqiqatlara əhəmiyyət verməyən erməni tarixçiləri 2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiyadan olan alimlərlə birgə yenidən tədqiqat işlərinin aparılmasına başlayıb. Bu tədqiqat işlərinin aparılmasının təşəbbüskarı isə Dağlıq Qarabağ separatçılarının qondarma rəhbərliyidir.

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun altı cildlik "Azərbaycan Arxeologiyası" nəşrinin I cildində qeyd edilir ki, "Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunmuşdur. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxarsa onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilər.

Bu isə sanki bunları görürmüş kimi arxeologiya elmimizin patriarxı M.Hüseynovun dedikləridir:

"Arxeoloji mənbələr tarixin güzgüsüdür. Əgər yazılı mənbələri saxtalaşdırmaq mümkündürsə, arxeoloji mənbələrlə bu cür davranmaq qeyri-mümükündür. Məhz buna görə də dünya alimləri tarixin tədqiqində arxeoloji mənbələrə daha çox üstünlük verirlər. Lakin arxeoloji mənbələr bilikli, geniş məlumatlı və dərin savadlı arxeoloq əlinə düşəndə daha böyük elmi əhəmiyyət kəsb edir, tarixi həqiqətlər necə varsa, eləcə ortaya qoyulur. Arxeoloji mənbələr, tarixi abidələr savadsız, naşı tədqiqatçı-arxeoloq əlinə düşüb, elmi dəyərini itirincə, yüz illər boyu toxunulmaz şəkildə, torpaq altında qalsa yaxşıdı..."

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 11 yanvar.- S.7.