Azərbaycan güclü sənaye ölkəsinə çevrilir

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin

 son iclasında bu istiqamətdə böyük işlərin

həyata keçiriləcəyini bəyan etdi 

 

 

 

"Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir".

 

 İlham ƏLİYEV

 

 

Hər bir ölkədə demokratik inkişafın leytmotivini çoxluğun iradəsinə söykənən fundamental qərarların qəbulu təşkil edir. 2013-cü il 9 oktyabr seçkilərində xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoydu.

Konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasını yeni mərhələdə inamla davam etdirən dövlət başçısı qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının yüksəldilməsi  naminə bir sıra mühüm addımlar atmışdır. 1994-cü ildən respublikamızda inamla reallaşdırılan yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanın həyata keçirdiyi siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlməsinə xidmət edir. Cənab İlham Əliyevin  rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə xidmət göstərir.

Ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə 2013-cü ildə iqtisadiyyata güclü sərmayə qoyulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu da  yüksək səviyyəyə çatmış, 7 milyard manat dəyərində vəsait yönəldilmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idmans.) tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, suqaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi üçün isə 873 milyon manat vəsait sərf edilmişdir.

Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə  yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı sahələrinə, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti  tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilmişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricdə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilmişdir.

Qeyri-neft sektorunun inkişafı irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.

Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət büdcəsinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr davam etdirilmişdir. Azərbaycanda iri sənaye komplekslərinin yaradılması istiqamətində də tədbirlər həyata keçirilir.

Hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Məlumat üçün qeyd edək ki, 1971-1975-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və işləyən müəssisələrdə 32 yeni sexistehsal sahəsi işə salınmışdı. 1975-ci il dekabrın 25-də Bakı Məişət Kondisionerləri Zavodu istifadəyə verilmişdi. Bu, nəhəng sənaye kompleksinin Bakıda tikilməsi ulu öndər Heydər Əliyevin böyük xidməti idi. Onun sayəsində zavodun layihəsi SSRİ-nin başqa regionundan Bakıya gətirilmiş və qısa müddətdə, yəni, iki ilə tikilib istifadəyə verilmişdi. Zavod Sovet İttifaqında bu tipli dördüncü sənaye kompleksi hesab olunurdu.

Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib istifadəyə verilməsi Azərbaycanda sosial-iqtisadi tərəqqinin yüksək mərhələsinə çatmışdı. 1970-1985-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiyosənaye, yüngülyeyinti sənayesi üçün maşın və avadanlıq və i.a. mütərəqqi sənaye sahələri yaranmışdı. Əgər XIX əsrdən 1969-cu ilədək (yəni, təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə (yəni, cəmi 14 ildə) onların sayı 1048-ə çatdırılmışdı. Bu gün ulu öndərin adını daşıyan Dərin Özüllər Zavodu, neftayırma zavodu və digər bu kimi böyük infrastruktur sahələri tikilərək istifadəyə verilmişdi.

Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycanda sənayenin inkişafı istiqamətində böyük işlər həyata keçirdi. Müasir mərhələdə bu siyasi kurs uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur".

Bu məqsədlə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın da hazırlanması nəzərdə tutulub.

2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılıb və statistik göstəricilər də bunu təsdiqləyir. Azərbaycanda kosmik sənayenin yaranması bu baxımdan çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan peykinin "Azərspace-1" fəzaya qaldırılması xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Artıq Azərbaycan da kosmik klubun üzvüdür.

Ölkəmizdə sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr var. Sumqayıt texnoparkı fəaliyyət göstərir və Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə cari ildə daha da ciddi addımlar atılmalıdır. Ümumi daxili məhsulun artımı da sənaye istehsalının hesabına mümkün olacaq.

2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı da ciddi addımlar atılacaq. Belə ki, metallurgiya sənayesinin inkişafı üçün ölkəmizdə kifayət qədər yerli xammal, təbii resurslar var. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.

Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü ili "Sənaye ili" elan edək. "Sənaye ili"ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir".

Son illərdə Prezidentin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regiondadünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Hazırda icrasına start verilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmənin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək  ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən, "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Prezident İlham Əliyev praqmatik lider kimi yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan böyük vəsaitlərin ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişafın təmin edilməsini zəruri sayır. Respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması bu sahələrə diqqətin artırılmasını zərurətə çevirir.

Milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir. Birmənalı demək olar ki, bir çox dövlətin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan ölkə rəhbərliyinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 12 yanvar.- S.1.