Tarixin solmayan səhifələri

 

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olmuş Zülfəli İbrahimov elmi fəaliyyətinin ilk illərindən ləyaqətlə Azərbaycan tarix elminin inkişafı keşiyində duranlardan biri olmuşdur. O, həm də bu sahənin ilk görkəmli tədqiqatçılarından biri kimi tanınır.

Zülfəli İbrahimov çox səmərəli tədqiqatla məşğul olan, ömrünü xalqımızın mühüm tarixi problemlərinin araşdırılmasına həsr edən, milli təəssübkeşliyi və bəşəri ideyaları ilə fərqlənən alim idi. Onun haqqında yazılan xatirələrdən də bəlli olur ki, Zülfəli İbrahimov prinsipial, zəhmətkeş, nəcib, səmimi, mehriban insan kimi yalnız tarixşünasların deyil, digər sahələrdə çalışan alimlərin də diqqətini çəkmişdir. Uzun illər indiki Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Zülfəli İbrahimov bu ali məktəbdə Azərbaycan tarixi kafedrasını təşkil etmiş, tarix fakültəsinin dekanı və bir müddət də AMEA-nın Tarix İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Bu günlərdə alimin "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Ötən əsrin 30-40-cı illərində qələmə alınmış bu yazılarda Azərbaycan tarixinin müxtəlif dövrlərinə işıq salınıb. Maraqlıdır ki, sovet quruluşunun repressiyalarla at oynatdığı bir zamanda Zülfəli İbrahimov böyük cəsarətlə və vətəndaşlıq qayəsi ilə Azərbaycan tarixinin ən qədim dövrlərinə toxunaraq məmləkətimizdə yaşamış tayfalar haqqında məlumat verir, yadellilərin ölkəmizə hücumlarından danışır, "Azərbaycan" sözünün mənşəyilə bağlı maraqlı fikir yürüdür, alban dövlətinin Cənubi Qafqazda qüvvətli dövlətlərdən biri olduğunu faktlarla əsaslandırırdı. Bununla bərabər alim tarixi ədəbiyyatda rastlaşan yanlışlıqlara, elmə zidd mülahizələrə də öz münasibətini bildirirdi.

"Seçilmiş əsərləri"n ən maraqlı səhifələrindən biri də "Nizami dövründə Azərbaycan mədəniyyəti" adlanır. 1947-ci ildə yazılmış bu əsəri XII əsrin Azərbaycan mədəniyyəti ensiklopediyası kimi dəyərləndirmək olar. Çünki burada məhz həmin dövrdə Azərbaycandakı mədəni mühitə son dərəcədə diqqətlə yanaşılıb, dəqiq araşdırmalar aparılıb, bir sıra həqiqətlər üzə çıxıb. Həmin tədqiqatda oxuyuruq: "Azərbaycanda mədəniyyət, ədəbiyyat, incəsənət xüsusilə XII əsrdə öz dövrünə görə böyük tərəqqiyə çatmışdır. Bu zaman Azərbaycan mədəniyyəti və ədəbiyyatı Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıda və Eldəgizlər dövlətinin mərkəzi şəhərlərindən biri olan Gəncədə xüsusilə inkişaf etmişdi. XII əsrin birinci yarısında yaşamış Şirvanşah Mənuçöhr elm və mədəniyyətin, xüsusilə şeirin inkişafını himayə edirdi".

Həqiqətən ömür bitmir, itmir, davam edir. 40 il öncə dünyasını dəyişmiş Zülfəli İbrahimov bu gün "Seçilmiş əsərləri" ilə oxucuların görüşünə gələrək dövlətə, millətə, xalqa xidmət edənlərin heç zaman unudulmadığını təsdiq etdi.

 

Azərbaycan.-2014.- 12 yanvar.- S.5.