«Abyanə» adlı fərdi sərgi açılmışdır

 

Yanvarın 11-də "Baku Creative Center"də fotoqraf Müşfiq Mehdibəylinin "Abyanə" adlı fərdi sərgisi açılmışdır. Yanvarın 13-dək davam edəcək sərgidə 30-dan çox foto nümayiş olunur.

AzərTAc xəbər verir ki, sərgidə çıxış edənlər diqqətə çatdırmışlar ki, bu, Müşfiq Mehdibəylinin sayca beşinci sərgisidir. Peşəkar foto-rəssam nominasiyasına layiq görülən Müşfiq Mehdibəylinin ölkədə təşkil edilmiş sərgiləri ilə yanaşı, Moskva, İran, Suriyada da uğurlu sərgilərinin keçirildiyi vurğulanaraq bildirilmişdir ki, bunlar onun nailiyyətlərindən xəbər verir.

Müşfiq Mehdibəyli yeni sərgisinin mövzusu barədə məlumat verərək demişdir ki, burada İranın gözəl şəhərlərindən biri olan İsfahanın 40 kilometrliyindəki füsunkar mənzərəsi və xoş havası ilə ürəkləri riqqətə gətirən Abyanə kəndini əks etdirən fotolar nümayiş olunur.

Qeyd edilmişdir ki, kəndin enişli küçələrində salınmış evlərin içərisində rast gəlinən mağara formalı anbarlar qədim nəslin yadigarı kimi yerli əhali tərəfindən ehtiramla qorunub saxlanılır. Dar küçələrə açılan kiçik taxta pəncərələri həm ecazkar mənzərəni müşahidə etməyə imkan yaradır, həm də kəndin ümumi görünüşünə xüsusi bir gözəllik verir. Yaxınlıqdakı mədənlərin təsirindən kəndin torpağı qırmızı rəngə çalır. Bu tarixi kənd turistlərin çox tez-tez səfər etdikləri unudulmaz bir məkana çevrilmişdir.

Müşfiq Mehdibəyli 1978-ci ildə Bakının Zığ kəndində anadan olmuşdur. Hələ kiçik yaşlarından foto işinə olan marağı illər keçdikcə daha da artaraq bu sahədə peşəkar karyera səviyyəsinə qədər yüksəlmişdir.

Fotoqraf müxtəlif ölkələri səyahət edərək bu ölkələrin xalqları, onların milli mədəniyyəti və həyat tərzini təmsil edən rəngarəng məzmunlu fotoları peşəkarcasına lentə almağa müvəffəq olmuşdur.

 

Azərbaycan.-2014.- 12 yanvar.- S.5.