Türkiyədə Firidun bəy Köçərlinin anadan

olmasının 150 illiyi qeyd olunmuşdur

 

Böyük maarifçi-mütəfəkkir, ədəbiyyatşünas Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi respublikamızda olduğu kimi, xarici ölkələrdə də təntənə ilə qeyd olunur. Belə tədbirlərdən biri bu günlərdə Türkiyənin Əskişəhər Osmanqazi Universitetində keçirilmişdir.

Mərasimin əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Sonra türk dünyasının əbədiyaşar liderləri Atatürkün və Heydər Əliyevin, habelə ədəbiyyatşünas Firidun bəy Köçərlinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra F.Köcərlinin həyat və yaradıcılığından bəhs edən televiziya filmi göstərilmişdir.

Tədbirdə çıxış edən Əskişəhər Osmanqazi Universitetinin prorektoru professor İ.Ünlüoğlu bildirdi ki, belə bir tədbirin Türkiyədə keçirilməsi bir daha sübut edir ki, həqiqətən də biz bir millət, iki dövlətik, Azərbaycanla Türkiyəni bir-birinə qırılmaz dostluq, qardaşlıq münasibətləri bağlayır.

Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təmsilçisi professor Zaman Əsgərli "F.Köçərlinin həyat və yaradıcılığı", Osmanqazi Universitetinin müəllimləri  professor M.Buttanrı "F.Köçərlinin M.F.Axundov haqqında araşdırmaları", Əskişəhər Osmanqazi Universitetinin professoru Tamilla Əliyeva "F.Köçərli və türk dünyası", şair M.Kubat "F.Köçərli və folklor" və tələbə C.Atintaş "F.Köçərli yaradıcılığında Qarabağ şairləri" mövzularında məruzələrlə çıxış etmişlər. Bakıdakı F.Köçərli adına Mərkəzi Kitabxananın müdiri Şəhla Qənbərovanın, Azərbaycan-Türkiyə Qardaşlıq Dərnəyinin sədri E.Əjdərlinin, TÜRKSOY-un Azərbaycan təmsilçisi E.Qafarlının, Osmanqazi Universitetinin Miniatür kafedrasının müdiri professor H.Buttanrının və başqalarının çıxışları da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

 

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin

Türkiyə təmsilçisi

Əskişəhər

Azərbaycan.-2014.- 12 yanvar.- S.5.