Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunmuş

 «Azadlığa gedən yol» mövzusunda tədbir keçirilmişdir

 

Naxçıvan Dövlət Texniki Kollecində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş "Azadlığa gedən yol" mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru Məmməd Qəribov açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilmiş qanlı faciə haqqında danışmışdır. Qeyd olunmuşdur ki, həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, xalq öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan etmişdir. Məhz bu fədakarlıq sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.

Bildirilmişdir ki, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Kollecin direktoru 20 Yanvar faciəsinin Azərbaycan tarixində hüznlü gün olması ilə bərabər, həm də xalqımızın milli qürur günü olduğunu vurğulamış, bu tarixin gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rolu olduğunu qeyd etmişdir.

Tədbirdə kollecin müəllimləri çıxış edərək bildirmişlər ki, həmin gecə Vətən övladları öz qanları ilə yeni bir tarix yazmışlar. Haqq-ədalət, müstəqilliyimizin bərpası uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra kollec tələbələrinin ifasında 20 Yanvar faciəsinə və qəhrəmanlıq tariximizə həsr edilmiş şeirlər səsləndirilmiş, "İmperiyanın toqquşması - 20 Yanvar" sənədli filmi nümayiş olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 12 yanvar.- S.6.