Azərbaycan-Meksika əlaqələri inkişaf edir

 

Yanvarın 13-də Azərbaycanda səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycan-Meksika əlaqələri müzakirə edilib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Meksika məsafə baxımından Azərbaycana çox uzaq olsa da, ölkələrimiz və insanlarımız arasındakı isti münasibətlər bizi yaxınlaşdırıb. Bu dövlətlə diplomatik əlaqələrin 20 ildən çox olduğunu deyən komitə sədri xatırladıb ki, Azərbaycan özünün müstəqilliyini elan etdiyi vaxt onun ərazi bütövlüyünü dəstəkləyən ilk ölkələrdən biri də Meksikadır: "Bu, bizi çox sevindirir. 22 il əvvəl ölkələrimiz arasında yaranan dostluq münasibətləri gündən-günə inkişaf edir. Ölkə başçılarının və parlamentarilərin qarşılıqlı səfərləri bu əlaqələri daha da gücləndirir".

R.Aslanova daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısamüddətli fəaliyyəti barədə də qonaqları məlumatlandırıb. Həmçinin vurğulayıb ki, Azərbaycan 70 il müddətində sovetlər birliyinin tərkibində olub. Nəhayət, 1991-ci ilin oktyabrında öz müstəqilliyini bərpa edib. Müstəqil Azərbaycanın 22 ildə əldə etdiyi uğurlar digər qonşu ölkələrin bəlkə də əsrlər boyu əldə etdiklərinə bərabərdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan R.Aslanova qeyd edib ki, münaqişə nəticəsində Azərbaycanın bir milyondan çox vətəndaşı öz yurd-yuvasından didərgin salınıb: "Münaqişənin həllinə dair BMT-nin dörd qətnaməsi var. Lakin Ermənistan tərəfinin böyük sayğısızlığı səbəbindən qətnamələrin heç biri hələ də icra olunmayıb".

Komitə sədri münaqişə çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Meksika hökumətinə minnətdarlığını bildirib. Vurğulayıb ki, belə bir problemin olmasına baxmayaraq, Azərbaycan bu gün Qafqazın ən sabit ölkəsidir. Ölkə başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi Azərbaycan iqtisadiyyatının daha da güclənəcəyinə böyük ümidlər yaradır.

Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin sədri Qabriela Kuevas Barron Azərbaycana səfər etməyin çox xoş olduğunu dilə gətirib. Bildirib ki, Meksika Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edə bilər: "Bu əlaqələrin inkişafında parlamentlər də xüsusi rola malikdir. Əlaqlərin daha da genişləndirilməsi üçün möhkəm baza var. İstərdik ki, ölkələrimiz arasında təkcə siyasi əlaqələr olmasın, həm də ticarət sahəsində əməkdaşlığımızı genişləndirək. Bunun üçün hər iki ölkənin böyük potensialı var".

Q.K.Barron, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə yetərincə məlumatlı olduqlarını bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tez bir zamanda öz həllini tapacağına ümidvar olduğunu deyib. Bildirib ki, bu, təkcə iki ölkə arasındakı münaqişə deyil, bütün dünyanı düşündürən məsələdir. Meksika bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2014.- 14 yanvar.- S.4.