İLHAM ƏLİYEV: «Vətənpərvərlik, dövlətçilik duyğuları

 bütün başqa məsələlərdən üstün olmalıdır»

 

Yola saldığımız 2013-cü il Azərbaycan mətbuatı üçün də çox əlamətdar oldu. Həm də bir neçə məqamla!

Əvvəla, kütləvi informasiya vasitələrində çalışan (çap və elektron) jurnalistlər 2 dəfə dövlət başçısı cənab İlham Əliyevlə görüşərək mətbuat və söz azadlığı, hazırkı dövrdə ölkə jurnalistləri qarşısında duran vəzifələr, perspektivlər barədə fikir mübadiləsi apardılar, uğurlar və problemlərdən söz açdılar.

İkincisi, Prezident İlham Əliyev jurnalistlər üçün tikilən binanın qırmızı lentini kəsərək 156 nəfərə yeni və təmirli mənzil verdi, eyni zamanda, daha bir - bu dəfə 255 mənzillik binanın təməlini qoydu.

Ən nəhayət, noyabrın 24-də cənab İlham Əliyevə ikinci dəfə layiq görüldüyü "Jurnalistlərin dostu" mükafatının təqdim olunma mərasimində dövlət başçısı ilə jurnalistlərin daha bir unudulmaz görüşü keçirildi.

Cənab İlham Əliyev prezidentliyinin ilk günlərindən daim açıq və şəffaf fəaliyyət göstərib. Daim yerli qəzet və televiziya müxbirləri ilə təmasda olub, müxtəlif məsələlərlə bağlı dünyanın aparıcı televiziya kanalları və qəzetlərinin nümayəndələrinə maraqlı müsahibələr verib.

2013-cü ilin 22 iyul və 24 noyabrında keçirilən iki görüş isə bambaşqa xarakterdə idi. Görüş əsasən Azərbaycanda mətbuat və söz azadlığının vəziyyəti və dövlətin bu sahəyə dəstəyi, habelə mətbuatın, jurnalistikanın və jurnalistlərin problemlərinə həsr olunmuşdu. Sonuncu iki görüşü isə həm də 22 iyul 2010-cu ildə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirilən görüşün davamı kimi də qiymətləndirmək mümkündür. Çünki axırıncı görüşdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və söylənilən tövsiyələr bir növ, əvvəlki görüşlərdə  deyilənlərin davamı və inkişafı idi.

Bu barədə danışmazdan əvvəl diqqəti vacib bir məqama çəkmək istəyirik.

Azərbaycan xalqı demokratiya və qərbyönümlü inkişaf yolunu, sərbəst  bazar iqtisadiyyatı münasibətlərinə keçidi könüllü şəkildə özü seçib!

Xalq bu arzu və istəyini baş müəllifi ulu öndər Heydər Əliyev olan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul etdiyi Konstitusiyaya verdiyi səslərdə ifadə edib!

Məhz indiki iqtidar mətbuata senzura nəzarətini ləğv etməklə, onu dövlət nəzarətindən tam çıxarmaqla həqiqi mətbuat, söz və məlumat toplamaq  azadlığına nail olub!

Məhz indiki iqtidar KİV-nin İnkişafına dövlət dəstəyi Konsepsiyasını qəbul edib, KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla müstəqil mətbuatın inkişafına real köməyini göstərib!

Bu kömək isə iki mühüm istəkdən qaynaqlanır:

 

 

 

* Azərbaycanda mətbuat və söz

azadlığının daha da inkişaf etdirilməsi;

 

*  Jurnalistlərin sosial rifahının

və güzəranının yüksəldilməsi!

 

 

Jurnalist peşəsi çətin peşədir və bu peşənin sahiblərinə yardım göstərmədən onların uğurlarını stimullaşdırmaq mümkün deyil!

Jurnalist peşəsinə çox təriflər deyilib. Amma ən dolğun, yığcam və mükəmməl tərifi ulu öndər Heydər Əliyev verib: "Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir."

Cənab İlham Əliyev də bu peşənin ən vacib cəhətlərini lakonik şəkildə ifadə edib: "Jurnalist peşəsi çox ağırdır, məsuliyyətlidir".

Qeyri-adi, ağır, məsuliyyətli, zəhmətli, eyni zamanda, cəsurluq, hünər, fədakarlıq tələb edən peşə sahibləri elə də böyük gəlir  sahibi deyillər! Hətta qazancları özlərinə normal ev alıb təmir etdirərək yaxşı mənzildə yaşamaq imkanı vermir.

"Jurnalistlərin dostu" adına ikinci dəfə layiq görülən cənab İlham Əliyev bu məsələdə onların ən yaxın yardımçısıdır. Artıq 156 jurnalistə yeni, təmirli mənzil almaq xoşbəxtliyi qismət olub, daha 255 nəfər isə bir neçə ilə bu səadəti dadacaqdır!

Demokratik cəmiyyətdə jurnalistin rolu böyükdür. Çünki jurnalistlər mətbuat və söz azadlığını inkişaf etdirməklə bərabər, demokratik proseslərin dərinləşməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə hüquqi dövlət quruculuğu proseslərinə də töhfələr verirlər.

İctimai-siyasi həyata ciddi təsir göstərmək imkanı mətbuatın məsuliyyət yükünü də xeyli artırır.

Cənab İlham Əliyevin "xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır" fikri əslində, bu məsuliyyətin dərkinə yönəlmişdir.

Jurnalistlərin məsuliyyət hissinin güclənməsini dövlət başçısı müsbət hal kimi dəyərləndirərək vurğulamışdır: "Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur".

Bu məsələdə Mətbuat Şurasının fəaliyyəti də təqdirəlayiqdir. İctimai qınaq vasitəsi kimi seçilən "qara siyahı"nın tərtibi mətbuatda "reketçilik", təhqir və böhtan yolu tutanların islahında böyük rol oynamışdır. O da həqiqətdir ki, heç zaman peşəkar jurnalistlər ağa qara demir, insanları öz yazılarında aşağılamağa çalışmır, şər, böhtan və təhqirə meyil göstərmirlər!

Cənab İlham Əliyevin jurnalistlər qarşısında irəli sürdüyü vəzifələrdən biri onların peşəkarlıqlarını artırmalarıdır.

Ölkə başçısı bu məsələdə dövlətin daim dəstək verməyə hazır olduğunu da bildirdi: "Mən jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə bağlı vaxtaşırı danışırsınız, yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə öz dəstəyini verə bilər. Əgər dövlət tərəfindən hansısa bir əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki, peşəkarlıq artsın".

Möhtərəm İlham Əliyev jurnalistlərlə bütün görüşlərində vətənpərvərlik məsələsini xüsusi qabartmışdır. Hər dəfə də iki mühüm məqam fərqləndirilmişdir: hər bir jurnalistin özünün vətənpərvər olması və mətbuatda vətənpərvərlik hisslərinin təbliği məsələsi!

Qəzetlərin müstəqil fəaliyyət göstərdiyi, yazacaqları mövzuları özlərinin müəyyənləşdirdiyi və şərh etdiyi şəraitdə əli qələmli insanın vətənpərvərliyi böyük əhəmiyyət kəsb edir. Təbii ki, vətənpərvər insanın tutduğu mövqe və hadisələrə yanaşması da başqalarından əsaslı surətdə fərqlənir.

Azərbaycanın "açıq qapı" siyasəti yeritdiyi, internetin mövcudluğu, dünya erməniliyi və antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı təxribat və pozuculuq işləri apardıqları bir vaxtda gənclərin, xüsusən, yeni nəslin vətənpərvərlik tərbiyəsi böyük aktuallıq kəsb edir! Bu halda cənab İlham Əliyevin tövsiyələri yerinə düşür: "Jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə, gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır".

Azərbaycan demokratik respublikadır. Ölkədə hakimiyyət bölgüsü aparılmış, qanunun aliliyi təmin edilmişdir. Fikir plüralizmi, çoxpartiyalı sistem mövcuddur. İqtidara gəlmək uğrunda daim siyasi partiyalar arasında mübarizə gedir və bu, normal qəbul olunur. Sonuncu prezident seçkilərində on nəfər namizədliyini irəli sürmüşdü. Onların aralarında açıq, şəffaf formada mübarizə getdi. Xalq növbəti beş ildə də müstəqil Azərbaycana rəhbərliyi cənab İlham Əliyevə etibar etdi!

Kim güclü olursa, xalqın inam və etibarını qazanırsa, iqtidara gəlir!

Seçkilərdə məğlub olaraq müxalifətdə qalanlar isə yenidən sivil mübarizə yolu ilə hakimiyyətə gəlməyə çalışmalıdırlar!

İqtidara gəlmək uğrunda mübarizə dövlətə qarşı mübarizəyə çevrilməməlidir!

Çünki dövlət hamımızındır: həm iqtidarın, həm müxalifətin, həm də bitərəflərin.

Odur ki, dövlətin maraqlarını hamımız qorumalıyıq: həm iqtidardakılar, həm müxalifətdə olanlar, həm də bitərəflər!

Təəssüf ki, bəzən belə olmur! İqtidar  müxalifət mübarizəsi zəminindəki fikir ayrılıqları dövləti maraqlar müstəvisinə keçirilir. Hətta bir paraları beynəlxalq qurum və təşkilatlarda Azərbaycan xalqının və dövlətinin maraqları ilə bağlı müzakirələrdə əks mövqe tutur, ölkəmizin beynəlxalq imicinə zərər yetirəcək addımlar atmaqdan belə çəkinmirlər.

Jurnalistlərlə görüşü zamanı möhtərəm İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkdi: "Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir".

Dövlət başçısı ölkə daxilindəki problemlərin kənara çıxarılmasının arzuedilməz olduğunu da vurğuladı: "Cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır".

Azərbaycan xalqı uzun sürən mübarizədən sonra nəhayət ki, müstəqilliyə nail olmuşdur. Ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli fəaliyyəti olmasaydı, bu müstəqilliyin də taleyi Azərbaycan Xalq Cümhuriyyətinin faciəli aqibəti kimi olacaqdı. Müstəqilliyimiz xilas edilsə də, təhlükələr hələ də tam sovuşmayıb. Odur ki, bu günümüzün qədrini bilməli, müstəqilliyi əziz və uca tutmağı bacarmalıyıq! Həm də müstəqilliyin nə olduğunu, xalqa nələri bəxş etdiyini, onu qorumağın yollarını daim təbliğ etməliyik.

Cənab İlham Əliyevin bir neçə tövsiyəsi də bu barədədir:

"Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməliyik. Müstəqilliyin üstünlükləri nədən ibarətdir? Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir".

"Müstəqillik, sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır".

"Müstəqil siyasət, güclü iqtisadiyyat, cəmiyyətdə hökm sürən ab-hava, milli həmrəylik. Bütün bunlar müstəqilliyimizin üstünlükləridir. Hesab edirəm ki, jurnalistlər də bu mövzular ətrafında bundan sonra da öz sözünü deyəcəklər".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mətbuatın ən çox diqqət ayırdığı məsələlərdəndir. Yaxşı haldır ki, hansı qəzetdə çıxmasından asılı olmayaraq, bu mövzudakı yazılarda jurnalistlərin hamısı eyni mövqedən çıxış edir.

Azərbaycan vətəndaşları bu problem, onun mahiyyəti, baş verən hadisələr barədə kifayət qədər məlumatlıdırlar. Odur ki, cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunun beynəlxalq mətbuata çıxarılması vəzifəsini irəli sürür:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Əlbəttə ki, daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata çıxaraq".

"Mətbuat işçiləri də artıq xarici mətbuat orqanlarına çıxırlar. Biz bu mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət öz dəstəyini verməyə hazırdır".

Prezidentin diqqət çəkdiyi ən vacib məsələlərdən biri milli-mənəvi dəyərlərin qorunmasıdır. Azərbaycanın dünyaya sürətlə inteqrasiya etdiyi bir vaxtda mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaq xüsusilə vacibdir. Qloballaşan dünyanın hamını bərabərləşdirməsinə yol verilməməlidir! Prezidentimizin ən mühüm tövsiyəsi budur:

"Bizim milli adət-ənənələrimiz, milli bayramlarımız, böyüklərə olan hörmət, böyük-kiçik münasibəti daim qorunmalıdır və qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında təsvir edilir. Buna yol vermək olmaz. Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir".

Ən nəhayət, müsbət və mənfi informasiya tutumlu yazıların balansının qorunması vacibliyi də diqqətdən qaçırılmamalıdır.

Həyatda müsbət meyillər daim üstünlük təşkil edir. Çünki inkişafı təmin edən müsbət yönümlü işlərdir. Təsadüfi hadisələr, qəzalar, təbii fəlakətlər, kriminal hadisələr isə daim baş versələr də, aparıcı gücə malik deyillər. Odur ki, belə xəbərlər ilk baxışda nə qədər "maraqlı" görünsələr də, gündəlik informasiya "payında" üstün mövqedə dayanmalı deyil:

"Mən demirəm ki, bütün xəbərlər ancaq xoş xəbərlər olsun. Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda, burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun".

Görüşdə Prezidentin söylədiyi bu fikrin jurnalist peşəkarlığı baxımından tutulan irad kimi qəbulu, fikrimizcə, daha düzgün olardı.         

Bu gün artıq tarixi adlandırdığımız görüşdə cənab İlham Əliyev əslində çox şey dedi. Ona görə "çox şey" deyirik ki, bu sözlər jurnalistlərin auditoriyasında və jurnalistlər üçün deyilirdi!

Həm də dövlət başçısı nə qədər açıq danışa bilərdisə, o qədər açıq danışdı!

Diplomat nə qədər açıq və səmimi ola bilərdisə, o qədər də açıq və səmimi oldu!

Anlamağa çalışanda və anlamaq istəyəndə çox məsələlərdən agah ola bilirsən!

Biz hamımız doğma Azərbaycanı doğma anamız kimi sevdiyimizi deyirik!

Biz hamımız Azərbaycanın müstəqilliyini yüksək qiymətləndirib əziz tutduğumuzu bildiririk!

Amma bu sevgi və istək bizdən "nə isə" tələb edəndə onu dərhal veririkmi?

 

Belə bir məqamda şəxsi istək və maraqlarımız bizə mane olub tərəddüd etməyə sürükləmir ki?!

Bu gün Azərbaycanın çətin günüdür!

Bəlkə də "çətin" sözü yerinə düşmədi!

"Ağır günü" demək də olmaz! Çünki ən ağır günlərimiz 1993-cü ilin iyununda, 1992-1995-ci illərin xaos  anarxiyalı  dövründə idi.

 

Həmin dövrü ona görə "ağır" adlandırırıq ki, təkcə müstəqilliyimiz yox, bir dövlət kimi mövcudluğumuz da sual altına düşmüşdü! Və əgər Heydər Əliyev dühası, xalqın öz rəhbərinə birmənalı dəstəyi olmasaydı, çoxdan keçmişdəki kimi xırda xanlıqlara parçalanmışdıq!

Bizi bu mərhələyə Heydər Əliyev və Heydər Əliyev siyasi kursu gətirib çıxardı!

Əslində, sınaqlar hələ   bitməyib!

Bəli, məhz sınaqlı günlərimizi yaşayırıq!

 

Cənab İlham Əliyev də əslində, sınaq dövrünün bitmədiyinə işarə vururdu:

"Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq!"

Dövlət başçısı hamını doğma Azərbaycan naminə xarici təsirlərdən effektli qorunmaq üçün milli maraqlar ətrafında birləşməyə dəvət etdi!

 

* * *

 

"Azərbaycan" adlanan nəhəng gəmini tufanlı şəraitdə  sualtı qayalardan qoruyaraq sağ-salamat mənzil başına çatdırmaq elə də asan məsələ deyil!

 

Bu, hamının  bacaracağı iş də deyil!

Yalnız İlham Əliyevin kapitanlığı və Heydər Əliyev kursu ilə  irəliləməklə təhlükələri sovuşdurmaq və mənzil başına sağ-salamat çatmaq olar!

 

İki sadə misal:

 

Qonşu dövlətin başçısı Mixeil Saakaşvili düzgün taktika seçmədi, Qərbə və ABŞ-a güvənərək Rusiya ilə müharibəyə getdi. Nəticədə təkcə maddiyyat və nüfuz itirilmədi, Cənubi Osetiya və Abxaziya da əldən çıxdı!

Ukraynanın Prezidenti Viktor Yanukoviç Qərbdən imtina edərək Avrasiya Gömrük İttifaqına meyilləndi. İndi xalqın bir hissəsinin ciddi narazılığı ilə qarşılaşıb.

Söhbət müxalifətin etirazlarından getmir! Etiraz etmək, bəyənməmək müxalifətin peşəsidir! Və sabah o boyda dövlət qışın şaxtasında  qazsız qalsa, heç kim müxalifətdən qaz istəməyəcək, hamı dövlətin yaxasından yapışacaq!

Uzaqgörən və müdrik siyasət tamam başqa şeydir!

Biz jurnalistlər deyilməyənləri də anlamalı, başqalarının görmədiklərini də görməyi bacarmalıyıq.

Ən əsası, sınaqlı günlərdə düzgün mövqe tutmağı, milli maraqları qoruyanların və bizim istəklərimizi gerçəkləşdirənlərin yanında olmağımızın vətənpərvərlik əməli sayıldığını  bilməliyik!

Kənardakıların heç biri bizi özümüz qədər istəməz! Bu, bir həqiqətdir.

Onların istədikləri öz maraqlarını təmin etməkdir!

Onların marağı  isə bizimki deyil!

Görəsən bəzən niyə  ən sadə həqiqətlərin dərki kimlər üçünsə çətin və iddialı olur?

Axı, biz hamımız azərbaycanlıyıq!

Azərbaycanın maraqları isə hamımızdan yüksəkdə dayanmalıdır!

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 14 yanvar.- S.2.