Avropa Şurası Parlament Assambleyasının üzvü Qaçqınların və

 Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur

 

Yanvarın 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) BosniyaHerseqovinadan olan  üzvü xanım Miliça MarkoviçBosniyaHerseqovina nümayəndə heyətinin qurumdakı katibi xanım Sevda Valjevcic Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər.

Komitədən AzərTAc-a bildirmişlər ki, görüşdə Gəray Fərhadov xəritə üzərində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində və Azərbaycan dövlətinin gördüyü tədbirlər barədə hərtərəfli məlumat vermişdir.

Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını vurğulamış, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açmışdır.

Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə səy göstərməsinə diqqəti cəlb edən sədr müavini bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini vurğulamış, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə qətnamə və qərarlarının Ermənistan tərəfindən hələ də icra olunmadığını diqqətə çatdırmışdır.

Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün hər cür  şəraitin yaradıldığını deyən sədr müavini bütün bunlara baxmayaraq, onların ən böyük arzularının doğma torpaqlarına qayıtmaq olduğunu bildirmişdir.

Məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 82 müasir qəsəbə salınmış, 180 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar belə səfər və görüşlərin əhəmiyyətli olduğunu bildirmişlər. Diqqətə çatdırılmışdır ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaratmışdır. Görüşdə qonaqları maraqlandıran suallara cavab verilmişdir.

Sonra qonaqlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olmuşlar. Diqqətə çatdırılmışdır ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilmişdir.

Qonaqlar Ağdam rayonundan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq olmuşlar. Doğma yurd-yuvalarına qayıtmaq arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.

Qonaqlar məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəblə də tanış olmuşlar. Məlumat verilmişdir ki, müasir avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Qonaqlara  "Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)" kitabı, münaqişədən bəhs edən filmin diski təqdim edilmişdir.

 

Azərbaycan.-2014.- 14 yanvar.- S.3.