Azərbaycanın inkişaf strategiyasında sənaye üstün amilə çevrilir

 

Prezident İlham Əliyevin uğurlu strateji islahatları

 və siyasi iradəsi sürətli inkişafın əsas zəminidir

 

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi ölkə ictimaiyyətində böyük maraq və təqdirlə qarşılanıb. Bu qərarın ölkəmizin neftdən asılılığını azaldacaq növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Son bir neçə ildə sənayenin inkişafında nəzərə çarpacaq uğurlar qazanılmış, həcmcə böyük müasir sənaye müəssisələri əsasən dövlət sərmayəsi hesabına yaradılmışdır. Sənaye zonalarının və müvafiq infrastrukturların yaradılması yönündə də çoxsaylı layihələr uğurla icra edilmişdir. Bununla da ölkənin istər dövlət sektorunda, istərsə də özəl sektorunda müasir sənaye müəssisələrinin yaradılması üçün mükəmməl zəmin yaranmışdır.

Bu baxımdan 2014-cü ilin sənaye ili elan oluması və "Azərbaycan Respubblikasında sənayeinin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması barədə Prezident tapşırığının verilməsi vaxtında atılan addımdır, zamanın tələbidir. Bu, ölkəmizin dünyada tanınmasına əməli töhfə və nüfuzunun artması tempi ilə üst-üstə düşən təşəbbüsdür, həmçinin Azərbaycan istehsalı olan malların xarici bazarlarda daha tez yer tapa biləcəyinə real zəmindir.

 "Sənaye ili" elan edilməsinə dair tədbirlər planına və hazırlanacaq "Azərbaycan Respubblikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, dövlət sərmayəsi ilə böyük həcmli sənaye parklarının yaradılması ilə yanaşı, özəl sektorda orta və kiçik sənaye müəssisələrinin yaradılması, onların sayının artması və rəqabətin gücləndirilməsi üçün təşviq proqramlarının tətbiqi ölkəmizdə sürətli sənayeləşməyə təkan verəcək. Uğurlu sənaye strategiyası qurmuş dövlətlərin və transmilli şirkətlərin təcrübəsinin nəzərdən keçirilərək, daha da təkmilləşdirilmiş tədbirlərin Dövlət Proqramında tətbiq olunacağına tam əminik.

Təqdirəlayiq haldır ki, ölkəmizdə dövlət tərəfindən hər hansı bir mühüm islahat həyata keçirilərkən ictimai təşəbbüslər də tələb olunur, onlar öyrənilir və ən doğru, səmərəli təkliflər nəzərə alınır. Şübhəsiz ki, müvafiq tədbirlər planının və Dövlət Proqramının hazırlanması prosesində də bu sahənin qlobal miqyasda inkişaf təmayüllərini bilən mütəxəssislər, ekspertlər fəal iştirak edəcəklər. Bu baxımdan proqrama daxil edilə biləcək və əsasən də özəl sektorun inkişafına hesablanan elementlər haqqında aşağıdakı 10 istiqamət-mövzuya toxunmaq istərdik.

 

 

 

Strateji sənaye müəssisələrinin inkişafı

 

 

 

Xaricdən gətirilən hər hansı bir sənaye məhsulunun yerli istehsalını təşkil etmək və idxalı azaltmaq məqsədilə həyata keçirilən proqramların yaradılması, təkliflərin verilməsi vacibdir. Bir çox ölkələrdə 50 faizdən çoxu xaricdən idxal olunan malın istehsalı üçün nəzərdə tutulan sənaye sərmayəsi strateji sərmayə sayılır. Bu proqramın əsas məqsədi daxildə həmin mala olan ehtiyacı daxili istehsal ilə təmin etmək, beynəlxalq rəqabət gücünü artırmaq, bu istiqamətdə elmi araşdırmalara həvəsləndirmək və müasir texnologiyaların tətbiqinə dəstək olmaqdır.

 

Regional sənaye müəssisələrinin inkişafı

 

 

 

Ölkəmizin müxtəlif bölgələrinin spesifik imkanlarından yararlanaraq qurula biləcək sənaye müəssisələri regionların inkişafı üçün növbəti mərhələ ola bilər. Müxtəlif bölgələrin xammal ehtiyatının, insan resursu, infrastrukturu və coğrafi mövqeyi nəzərə alınaraq həyata keçirilə biləcək layihələrdir. Bu qəbildən olan sənaye müəssisələri regionlarda iş yerlərinin açılmasında, istehsal olunan məhsulun maya dəyərinin azalmasında və ixrac potensialının artmasında əhəmiyyətli rol oynaya bilər.

 

 

 

Elmi-texnoloji müəssisələrin inkişafı

 

 

Standard məhsul istehsal edən sənaye müəssisələri böyük sərmayələr tələb edir və rəqabət böyük olduğundan qazanc çox olmaya bilər. Elmi savada, mühəndisliyə və kreativliyə əsaslanan məhsulların istehsalı isə daha az sərmayə və daha çox qazanc deməkdir. "Azərbaycan Respubblikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" elm ilə sənayenin inteqrasiyasını nəzərdə tutmalıdır. Səlahiyyətli elmi qurumun dəstəklədiyi məhsulların istehsalı üçün xüsusi güzəşt proqramları ola bilər. Məsələn, Türkiyədə belə bir qurum var - TUBİTAK. Onun araşdırmasının nəticəsi olan məhsulların istehsalı üçün qurulan sənaye müəssisələrinə ayrıca güzəştlər tətbiq olunur.

Bundan başqa tədricən istehsal proseslərini və xətlərini dizayn edən, elmi araşdırmaların nəticələrini sənaye proseslərinə uyqunlaşdıran yerli mühəndislik şirkətləri qurulmalıdır. Belə şirkətlərə əsasən elektrik, elektronik, mexanika, kimya, material, biotexnologiya və metallurgiya mühəndisliyi sahəsində dizayn və layihə idarə olunması işləri görən şirkətlər daxildir. Bu sahə çox vacibdir, çünkü bu gələcəkdə xarici ölkələrə təkcə məhsul deyil, həm də bilik və texnologiya ixrac etmək şansı deməkdir. Layihələrin işlənib hazırlanmasına və idarə olunmasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər də cəlb olunmalı və onlara güvənilməlidir.

 

 

 

Özəl sektorun dövlət layihələrində iştirakı

 

 

Özəl sektorun inkişafını təşviq etmək üçün şirkətlərin getdikcə böyüyüb holdinqlərə çevrilməsi məqsədilə dövlətin strateji layihələrində iştiraka cəlb olunmaları zəruridir. Böyük layihələrdə təkbaşına iştirak edə bilməyən şirkətlər birləşib konsorsiumlar qurmağa çalışacaqlar. Müəyyən müddət sonra peşəkarlaşan bu konsorsiumların ölkədən kənarda da beynəlxalq layihələrdə iştirak etmək ehtimalı çoxalacaq.

Bunun Türkiyədə çox sayda nümunələri vardır: şirkətlər konsorsiumlarda birləşərk öz sərmayələri ilə dövlət müəssisələrini qururlar, müqaviləyə əsasən onları 15-25 il işlətdikdən sonra dövlətə təhvil verirlər. Bu prosesin nümunələri vardır, məsələn, Bakı Ağ Şəhər layihəsində orta və kiçik şirkətlərin iştirakı üçün mükəmməl şərait yaradılmışdır. Çox sayda şirkətin inkişaf etməsi üçün layihələrin hamısı 1-2 şirkətə deyil, çox sayda ayrı-ayrı şirkətlərə verilir, bununla yanaşı layihələndirmə işlərində yaxından dəstək olunur. Eyni modeli sənayenin inkişafına da tətbiq etmək mümkündür.

 

 

 

Sənaye zonalarının yaradılması

 

 

 

Son dövrlərdə texnoparkların yaradılması sənayenin inkişafına müsbət impuls verməkdədir. Texnoparklarda yaradılmış şərait özəl sektorun inkişafı məqsədilə sənaye bölgələrində də yaradıla bilər. Sənaye bölgələrində ilk növbədə üstün enerji və infrastruktur şəraiti yaradılmalıdır. Bundan başqa elektrik, su, yol, təhlükəsizlik, internet-telefon servisləri, yanğına qarşı təlimlər, ilkin yardım xidməti, ətraf mühitin qorunması sistemi, sənaye binalarının tikilməsi üçün icazələrin alınması sistemi, inşaat və arxitektura bilgilərinin verilməsi, tullantıların toplanması, sutəmizləmə sistemi, qarla mübarizə, lazımi xəritələrin hazırlanması, yeni sənaye xəttlərinin istifadəyə verilmə icazələrinin alınması, layihələrə nəzarət, ortaq konfrans mərkəzləri, bank şöbələri xidməti, sosial təsislər, hüquq məsləhəti bürosu və başqa xidmətlər sənaye bölgələrində nəzərdə tutula bilər. Müasir sənaye bölgələrində güzəştli şərtlərin tətbiqi sənaye müəssisələrinin inkişaf edib çoxalmasına və sağlam rəqabətə gətirib çıxara bilər.

 

 

 

Vergi endirimi təşviq proqramları

 

 

Layihələrin həcmlərindən, strateji, regional və elmi araşdırma əsaslılığından asılı olaraq, sənaye şirkətlərinə ƏDV və gömrük güzəştləri tətbiq edilə bilər. Bu, əsasən istehsal avadanlıqlarının və təchizat mallarının ƏDV-dən və gömrük vergisindən azad olunması kimi tətbiq edilə bilər. Yenə də layihələrin növündən və istehsal gücündən asılı olaraq, yeni istehsal müəssisələri ilk 5-10 il fəaliyyət dövründə gəlir vergisindən qismən azad oluna bilər. Bundan başqa kreditlərin qaytarımasında, ərazinin icarəsində, sığorta əməliyyalarında və elmi araşdırma aparılması üçün maliyyə dəstəyi proqramları tətbiq oluna bilər.

Xarici bazarlara yerli malların çıxarılması üçün dövlət tərəfindən xüsusi güzəşt proqramlarının tətbiqi çox vacibdir. Bu, istər müəssisələrin qurulmasında avadanlıq idxalı zamanı, hazır məhsulun ixracı prosedurlarının sadələşdirilməsi, nəqliyyat icazələri və xaricdə malların tanidılması üçün PR kompaniyaları şəklində ola bilər. İxracyönümlü müəssisələr üçün ayrıca vergidən azad bölgələr yaradıla bilər. Regionların inkişafı üçün bölgələrə uyğun güzəştlər tətbiq oluna bilər. Məsələn, Qaradağda istehsal müəssisəsi üçün vergi güzəşti 3 illikdirsə, Sabirabadda bu, 10 illik ola bilər. Bu da sahibkarlarda regionlara sərmayə qoymağa marağı artırar.

 

 

 

Xarici sərmayənin cəlb olunması

 

 

Xarici sərmayənin ölkəyə cəlb olunması üçün davamlı PR kampaniyaları aparılmalıdır. Xarici şirkətlər "Mən Azərbaycana niyə sərmayə qoymalıyam" sualına tutarlı cavab tapa bilməlidir. Dinamik iqtisadi inkişaf, stabil siyasi vəziyyət, uğurlu statistik iqtisadi göstəricilər, insan potensialı, tolerantlıq, infrastruktur imkanları, dövlət təşviqi proqramları, ölkənin coğrafi mövqeyinə görə regional və beynəlxalq mərkəz ola bilməsi kimi faktorlar bir daha təhlil olunmalı və düzgün, effektiv şəkildə təbliğ edilməlidir. Azərbaycanın müxtəlif beynəlxalq qurumlar vasitəsilə və eləcə də, ikitərəfli sazişlərə əsaslanan güzəştli gömrük və tranzit anlaşmaları vurğulanmalıdır ki, xarici şirkətlərin ölkənin sənaye və ixrac potensialı barədə tam təsəvvürü olsun.

 

 

 

Layihələndirmə və inşaat tələblərinin yüksəldilməsi

 

 

Müxtəlif güzəşt proqramları ilə yanaşı, qurulacaq sənaye müəssisələri üçün sərt layihələndirmə, inşaat və istifadəyə qəbul şərtləri qoyulmalıdır. Bu şərtlərin qəbulunda iş təhlükəsizliyi, mühafizə, sağlamlıq və ətraf mühitin qorunması əsas rol oynamalıdır. Tikintiyə icazə paketi ümumi plan, arxitektura, kommunikasiya sistemləri, texnologiya, ətraf mühit şərtlərindən tutmuş havalandırma, isitmə-soyutma, radiasiya, terrora qarşı tədbirlərə qədər əhatə olunmalıdır. Layihə institutlarının işi və ekspert qruplarının prosedurları müasir standartlara uyğunlaşdırılmalıdır. İstifadə üçün yararlılıq standardları və sertifikatları müəyyən olunmalıdır.

Məsələn, bir ABB (İsveçrə) şirkətinə məxsus elektrik yarımstansiyasına olan ekspertiza tələbləri ilə tanınmamış Çin şırkətinə məxsus yarımstansiyaya olan tələblər eyni ola bilməz. Şirkətlərin daha keyfiyyətli avadanlıqlardan istifadə etməsi təşviq olunmalıdır. İstehsal zamanı avadanlıqların və insanların təhlükəsizlik sistemləri tələbləri yüksək səviyyədə tətbiq edilməlidir. Dövlət güzəştləri məhz keyfiyyətli iş qura bilən şirkətlər üçün hədəflənməlidir.

 

 

 

Elm-Təhsil-Sənaye inteqrasiyası

 

 

Bu 3 sahə bir-birinin tələblərinə cavab verməli və birgə inkişaf etməlidir. 2007-2015-ci illəri əhatə edən Xaricdə Təhsil Dövlət Proqramında Prezidentin birbaşa təşəbbüsü ilə mühəndislik ixtisaslarına üstünlük verilməsi düşünülmüş növbəti strateji təşəbbüs idi. Cox düzgün hesablanan bu müdrik qərarın müasir sənayeləşmə planları ilə tam olaraq üst-üstə düşdüyünü indi daha aydın görürük. Bugün yetişmiş və yetişməkdə olan müasir təhsilli kadrlarımız var, bu isə öz növbəsində yeni layihələrdə milli kadrlardan istifadəni mümkün edir.

Böyük sənaye mərkəzləri birbaşa universitetlərlə işləyib onlara elmi araşdırmalar üçün istiqamət verməli və dəstəkləməlidirlər. Təcrübə göstərir ki, hətta böyük neft şirkətləri (BP, Exxon, Total, Statoil və b.) öz elmi araşdırma ehtiyaclarının böyük qismini universitetlərə yönəldirlər. Şirkət içində laboratoriyalar qurmaqdansa, universitetlərin laboratorialarını təkmilləşdirirlər və araşdırmalarını məhz ora yönəldirlər. Bu prosesdən hər iki tərəf qazanır. Universitet öz əməkdaşlarının maddi vəziyyətini yaxşılaşdırır, texniki bazasını gücləndirir, sənaye müəssisəsi isə qismən ucuz, amma daha keyfiyyətli araşdırma nəticəsi əldə edir.

 

 

 

Yeni sənaye müəssisələrinin kadr ehtiyacları haradan ödəniləcək?

 

 

 

İstər dövlət və istərsə də özəl sektorda sənaye şirkətlərinin yaranmasında çoxsaylı təşəbbüs müşahidə olunacaq. Təcrübələr göstərir ki, özəl sektorda, kiçik və orta biznesdə çox hallarda əsas idarə edənlər ya biznes təhsili olmayan təsisçilərin özləri olur, ya da onlara yaxın adamlar. Son 2-3 il ərzində vəziyyətin dəyişməsində müəyyən təmayül müşahidə olunur. Kiçik və orta sənaye şirkətləri muzdlu idarə edənlər axtarmağa başlayırlar. Fikrimizcə, belə vəziyyət 10-15 il davam edəcək. Getdikcə daha peşəkar kadrlar, xüsusilə menecerlər, yaxşı texniki təhsili və idarəetmə bacariqları olan mühəndislər tələb olunacaq.

Buradan sual doğurur, yeni sənaye şirkətləri üçün bu qədər peşəkar mühəndis-idarəçi hardan tapılacaq? Müşahidələr göstərir ki, belə kadrların əsas mənbəyi iri sənaye təşkilatlarıdır. Xoşbəxtlikdən, Azərbaycanda belə iri şirkətlər mövcuddur və gənc kadrların yetişdirilməsində onların böyük rolu var. 1994-ci ildə neft müqavilələrinin imzalanması ölkənin təkcə iqtisadi inkişafının başlanğıcı deyil, həmçinin gənc kadrların yetişdirilməsi üçün yaxşı imkanlar yaratdı. Bu, ümummilli lider Heydər Əliyevın çox vacib və vaxtında atılmış növbəti stratejı addımı idi. BP, Statoil, Halliburton, Shlumberger, Baker və başqa bu cür beynəlxalq şirkətlərin fəaliyyəti gənc kadrların yetişməsi üçün imkanlar yaratdı. Həmin şirkətlərin müxtəlif proqramlarında minlərlə gənc menecer uğurlu karyera qura bildi. "Azərbaycan Respubblikasında sənayenin inkişafına dair 2015 - 2020-ci illər üçün Dövlət Proqramı" şübhəsiz ki, gənc kadrların qeyri-neft sektoruna axınını gücləndirəcək və yüzlərlə gənc kadr rəhbər vəzifə tutmaq imkanı əldə edəcək. Bu tendensiya xaricdə təhsil proqramları və daxildə yeni təhsil proqramları ilə dəstəklənməlidir. Dövlət Proqramının qarşıdakı 20-30 il ərzində ehtiyac duyulacaq kadrların yetişdirilməsi prosesini də əhatə etməsi çox faydalı olardı.

"Azərbaycan Respubblikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" beynəlxalq aləmdə baş verən tendensiyaları, böhranları, xüsusən sənayesi inkişaf etmiş qonşu ölkələrdə - Rusiyada və Türkiyədə sənaye ilə bağlı atılan addımları nəzərdən keçirməlidir. Daxili və xarici bazar üçün nəzərdə tutulan məhsulların həcmi dəqiqləşdirilməli və layihələr bu həcmlərə uyğunlaşdırılmalıdır. Sənayenin modernləşdirilməsi və bazarda yeni əmələ gələn əvəzedici məhsullarla rəqabət nəzərə alınmalıdır. Təbii resursların hesablanması və sənaye dövriyyəsinə cəlb edilməsi, ölkənin ixrac potensialını gücləndirmək kimi məsələlər də proqramda əhatə olunmalıdır.

İstər "Sənaye ili" çərçivəsində görüləcək işlər, istərsə də "Azərbaycan Respubblikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" ölkəmizin inkişafında növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Son dövrlərdə həyata keçirilən meqalayihələr, qarşıya qoyulan hər hansı bir məqsədə çata bilmək təcrübəsi Azərbaycan üçün adi hala çevrilmişdır. Məhz Prezident İlham Əliyevin uğurlu strateji addımları və siyasi iradəsi sürətli inkişafın əsas mənbəyidir. Hər bir Azərbaycan vətəndaşı bu proseslərdə ölkə rəhbərinə dəstək olmalı və proseslərdə iştirak şansı əldə etməyə çalışmalıdır.

 

 

 

Rüfət ƏZİZOV,

Avropa Mühəndis Assosiasiyaları Federasiyasının Mərkəzi Şurasının

üzvü, Xəzər Mühəndisləri Birliyinin və ASAIF həmtəsisçisi, kimya elmləri namizədi

Azərbaycan.-2014.- 14 yanvar.- S.4.