Vüqar HƏŞİMOV: Şərəfli bir ömür yaşamaq istərdim!

 Mənim devizim heç vaxt təslim olmamaqdır

 

Şərəfli bir ömür yaşamaq istərdim! Mənim devizim heç vaxt təslim olmamaqdır. AzərTAc xəbər verir ki, bu sözləri gənc yaşında dünyasını dəyişmiş Azərbaycan qrossmeysteri, şahmat üzrə Avropaüçqat Azərbaycan çempionu Vüqar Həşimov müsahibələrinin birində demişdir. Təslim olmamağı özünə həyat devizi seçən dünya şöhrətli şahmatçımız bəlkə də heç vaxt düşünməzdi ki, çox keçməyəcək, dünyanı ölümü ilə mat edəcəkdir.

Üç gündür ki, bütün dünya bu azərbaycanlı gənc şahmatçının vaxtsız vəfatından danışır.

İlk başsağlığını xalqımız Beynəlxalq Şahmat Federasiyasından (FİDE) aldı! FİDE azərbaycanlı şahmat ustası, qrossmeyster Vüqar Həşimovun vəfatı ilə bağlı onun yaxınlarına və Azərbaycan Şahmat Federasiyasına dərin hüznlə başsağlığı verdi.

Dünyanın ən qədim və ən güclü şahmat turnirlərindən biri olan Veyk-an-Zee Beynəlxalq şahmat turniri isə Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlanmışdır.

Tanınmış idman saytları da onun xatirəsini anmağı özlərinə borc bilmişlər. Dünyanın aparıcı idman saytlarında Vüqarın indiyədək keçirdiyi şahmat oyunlarının gedişləri təqdim edilir.

Həmkarları, dostları, onu tanıyan, tanımayan hər kəs bu ölümə ağlayır, son dərəcə istedadlı, görkəmli bir şahmat bilicisinin həyatdan vaxtsız köçdüyündən ürək ağrısı ilə danışır.

Məşhur gürcü şahmatçısı Zurab Aymazparaşvili Vüqarın ölüm xəbərindən şoka düşdüyünü  ürək ağrısı ilə bildirir. Dünya çempionu Maqnus Karlsen Vüqar Həşimovun indiyədək tanıdığı nadir istedada malik şahmatçılardan biri olduğunu vurğulayır. Rusiya şahmatçısı Sergey Karyakin isə Vüqar Həşimovun arzusu ilə bundan sonra həm də dünyadan vaxtsız köçmüş bu şahmatçı dostunun əvəzindən oynayacağını kövrək notlarla bildirir. Yan Nepomniyaçti, Hikaru Hakamura və adlarını saymaqla qurtarmayan neçə-neçə tanınmış şahmatçı dünyanın nüfuzlu idman saytlarında azərbaycanlı qrossmeysterin xatirəsini anmağı özlərinə borc bilmişlər.

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi Bakıya yanvarın 14-də xüsusi təyyarə ilə gətiriləcəkdir. Mərhumla vida mərasimi həmin gün saat 11:00-dan 15.00-dək Respublika Şahmat Mərkəzində təşkil olunacaqdır. Azərbaycanlı qrossmeyster Vüqar Həşimov İkinci Fəxri xiyabanda dəfn olunacaqdır.

 

Azərbaycan.-2014.- 14 yanvar.- S.7.