Vüqar Həşimov dünyanın ən yaxşı şahmatçılarından biri idi

 

ABŞ-ın "The New York Times" qəzetində jurnalist Daylan Loeb Makleynin məşhur Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatı ilə bağlı məqaləsi dərc olunmuşdur.

Məqalədə Vüqar Həşimovun son on ildə dünyanın ən yaxşı şahmatçılarından biri olduğu, Azərbaycan komandasının 2009-cu ildə Avropa çempionatında qızıl medal qazanmasında həlledici rol oynadığı bildirilir.

Yazıda Vüqar Həşimovun həyatı haqqında ətraflı məlumat verilir. Müəllif məşhur şahmatçının 27 yaşında müalicə olunduğu Almaniyada vəfat etdiyini xatırladır.

Məqalədə bildirilir ki, Azərbaycanın zəngin şahmat ənənələri vardır. Bu ənənələrin davam etdirildiyi qeyd olunur, tanınmış şahmatçılar Teymur Rəcəbovun və Şəhriyar Məmmədyarovun adları çəkilir.

Daylan Loeb Makleyn yazır ki, V.Həşimov şahmatda çox tez inkişaf etmişdir. On yaşı olanda o, İspaniyada gənc şahmatçılar arasında keçirilən çempionatda gümüş medal qazanmışdır. 1999-cu ildə beynəlxalq dərəcəli şahmat ustası adına layiq görülmüşdür. 2002-ci ildə isə o, artıq beynəlxalq qrossmeyster idi.

Məqalədə bildirilir ki, Vüqar Həşimov Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilə birlikdə Azərbaycan milli komandasının əsas oyunçusu idi. Onların sayəsində Azərbaycan beynəlxalq komanda yarışlarında dəfələrlə qızıl medala iddiaçı olmuş, o cümlədən 2002-ci, 2004-cü, 2006-cı və 2008-ci il şahmat olimpiadalarında yüksək nəticələr göstərmişdir.

Diqqətə çatdırılır ki, V.Həşimov fərdi yarışlarda da böyük uğurlar qazanmışdır. O, 2008-ci ildə Fransada, 2010-2011-ci illərdə İtaliyada keçirilən turnirlərin qalibi olmuşdur. Vüqar Həşimov 2009-cu ildə dünya reytinqində 6-cı yerə yüksəlmişdir.

Müəllif yazır ki, şahmatçı kimi Vüqar Həşimov hər zaman riskə getməyi sevirdi. Onun vaxtsız vəfatı sosial şəbəkələrdə başsağlığı selinə səbəb olmuşdur. Daylan Loeb Makleyn hazırda şahmat üzrə dünya reytinqində üçüncü yerdə olan, 2012-ci ildə V.Həşimovun da qatıldığı Niderland turnirində iştirak edən amerikalı Hikaru  Hakamuraya istinadən yazır: "Vüqar Həşimov çox yaradıcı və istedadlı şahmatçı idi, onun oyunları heç vaxt unudulmayacaqdır". 

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 yanvar.- S.7.